• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus məlumatları Google xəritələrindən yoxa çıxacaq

Avtobus məlumatları Google xəritələrindən yoxa çıxacaq
12.04.2022 15:31
Avtobus məlumatları Google xəritələrindən yoxa çıxacaq.  Bu barədə "Transit for Baku” saytında açıq məktub şəklində məlumat yayılıb.

Açıq məktubda bildirilib ki, 2022-ci il martın 19-dan avtobus məlumatlarının "Google” xəritələrinə inteqrasiyasını dayandırılıb. Səbəb kimi isə Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün iş prinsipi qurmaması göstərilib.

"Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir”- deyə saytda yazılan açıq məktubda bildirilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Anews.az-a açılamasında deyib ki, sərnişinlər alo141.az saytı ilə avtobusun hərəkət trayektoriyası ilə bağlı məlumatlar əldə edə bilərlər.

"Heç kim narahat olmasın istər həmin könüllülər, istərsə də sərnişinlər. Hazırda bizdə alo 141.az saytı var.Həmin saytda həm Bakı şəhərində marşrut xətləri üzrə mövcud olan avtobusların hərəkət sistemi ilə bağlı, həm də A məntəqəsindən B məntəqəsinə necə getməli barədə məlumatlar var”.

Mais Ağayevin sözlərinə görə, hazırda Google xəritələrlə danışıqlar aparılır.

"Bundan əlavə hazırda Google maps-lə də danışıqlar aparılır və onlara da zərruri məlumatlar təqdim olunacaq. Ciddi narahatlığa əsas yoxdur çünki məlumatlandırma bizim üçün də vacibdir”, - deyə Mais Ağayev əlavə edib.

 Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu gün alo141.az saytı ilə müqayisədə  "Transit for Baku” saytı barədə cəmiyyətin daha çox məlumatı var. Onun sözlərinə görə Bakı Nəqliyyat Agentliyi maarifləndirmə istiqamətində səyləri artırmalı və həmin saytın təbliğatını aparmalıdır.

"Texnologiyanın imkanlarından vətəndaşlar səmərəli şəkildə istifadə etməlidir.Buna görə də Bakı Nəqliyyat Agentliyi həmin xidməti geniş şəkildə təbliğ etməlidir ki, vətəndaşlar məlumatlı olsun ki,belə bir dövlət xidməti var. Amma müqayisədə bir qrup gəncin yaratdığı "Transit for Baku” saytı barədə cəmiyyətin daha çox məlumatı var nəinki alo141.az saytı.Bu baxımdan BNA bu istiqamətdə səylərini artırmalıdır və həmin saytın təbliğatı daha güclü aparılmalıdır.Onun mobil tətbiqinin olması barədə cəmiyyətə məlumat verilməlidir ki, sərnişinlər ondan səmərəli şəkildə istifadə edə bilsinlər”,  - 
Elməddin Muradlı bildirib .
 
Onun fikrincə,  "Transit for Baku” layihəsinin könüllü gənclərinə də şərait yaradılmalıdır.

"Digər tərəfdən həmin könüllü gənclərə də şərait yaradılmalıdır. Hətta gələcəkdə onlarla əməkdaşlıq etmək çox yaxşı olar”. 

Transit for Baku layihəsi üzrə işlər 2013-cü ilin yayında başlayıb və 19 mart 2014 tarixində şəhərin ictimai nəqliyyat naviqasiyası ilə bağlı məlumatlar toplanaraq "Google” xəritələrində ictimai istifadəyə verilib. Layihənin əsas məqsədi şəhəri düzgün və işlək naviqasiya ilə təmin etmək idi.
Transit for Baku saytında dərc olunan həmin açıq məktubu sizə təqdim edirik :

Transit for Baku (tfb.az, əvvəldə traffic.az) layihəsi üzrə işlər 2013-cü ilin yayında başlamışdı və 19 Mart 2014 tarixində məlumatlar Google Xəritələrində ictimai istifadəyə verilmişdi. Layihədə başlanğıcdan heç bir maddi maraq yox idi və əlbəttə hələ də yoxdur. Məqsəd şəhəri düzgün və işlək naviqasiya ilə təmin etmək idi. Sözügedən dövr NİİM-nin təzə vaxtları idi və bu sahəyə küllü miqdarda vəsait ayrılmışdı. Buna baxmayaraq təqdim olunan həllər heç də yaxşı vəziyyətdə deyildi. Ümumi xəritə və naviqasiya keyfiyyəti normal istifadəyə yararlı deyildi, üstəlik məlumatlar gündəmdə saxlanılmırdı və bəzən saytları ümumiyyətlə işləmirdi. Əlbəttə artıq heç həmin həllər də mövcud deyil. Beləliklə 8 ildir ki, rəsmi tərəfdaş kimi Bakı əhalisi və məlumatlarda əlavə tərcümələr sayəsində qonaqlar Google Xəritələrində ictimai nəqliyyat naviqasiyası ilə təmin olunur.

Hazırkı dövrə qayıdanda ən maraqlısı və ya gülməlisi, BNA özü də alo141.az saytında naviqasiya üçün Google Xəritələrindən istifadə edir. Aydınlıq üçün, paytaxtın əsas nəqliyyat strukturu insanlara naviqasiya göstərmək üçün illərdir bu layihənin işinə arxalanır... Vaxtında yazılandan sitat:

Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Göstərilir, ancaq bu nəqliyyat məlumatları haradan götürülür, əlbəttə bu layihədən. Hələ nəsə yenilik kimi saytın açılışına medianı çağırıb təqdimat eləmişdilər. Bəlkə də həmin naviqasiyaya necə nail olduqları barədə rəhbərliyə heç məlumat verməyiblər. İstənilən halda öz problemləridir və buna son qoyulur. 

BNA nəqliyyat qurumu kimi özü məlumat paylaşmalıdır, digərlərinin məlumatlarını işlədib, əməklərinə arxalanmalı deyil. Şəhərlər open data (açıq məlumat) prinsipi ilə işləməlidirlər və bu dövrümüzün standart yanaşmasıdır. Dayanıqlı şəhər öz əhalisini ictimai nəqliyyatdan istifadəyə cəlb etməlidir və insanları işlək naviqasiya ilə təmin etmək bunun təməl hissələrindəndir. Müasir ictimati nəqliyyata tək yeni texnika ilə nail olunmur, hara və necə getdiyi bilinməyən yeni avtobusun heç bir əhəmiyyəti yoxdur. 

Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir. Real time (real vaxt) planında, BNA ictimai olmalı məlumatları göstərmək istəmir və nəticədə onlardan istifadəyə imkan vermir, insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır. Hələ illər öncə real time inteqrasiyası ilə bağlı BakuBus-a dəfələrlə və inadla müvəffəqiyyətsiz müraciət olunmuşdu.

Təcrübə və araşdırmalar artıq standart hesab olunan sözügedən yanaşmaların effektivliyini, habelə ictimai nəqliyyatdan istifadədə artıma gətirdiyini göstərir. Mövcud qapalı məlumat yanaşması xidmət səviyyəsinə zərər gətirir, sərnişinlərin itkisinə və nəticə olaraq daşıyıcılar üçün maddi itkiyə səbəb olur.

Sadalananlar layihə üçün əlavə problemlərə, absurd vaxt itkisinə səbəb olurdu. Bu səbəbdən keçən aylarda avtobuslar üzrə işlər məcbur dondurulmuşdu. Layihənin publik startının 8-ci il dönümündən, 19 Mart 2022 tarixindən etibarən isə avtobus məlumatlarının Google Xəritələrinə inteqrasiyası dayandırılıb. Hazırda sistemin grace period (güzəşt müddəti) prinsipi ilə hələ də göstərdiyi vaxtı bitmiş məlumatlar yaxın zamanda naviqasiyadan yoxa çıxacaq.

Beləliklə, bu açıq məktubla, BNA-nin ağılasığmaz texniki və informasiya praktikalarına ictimai şəkildə etiraz bildirərək, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərini və BakuBus MMC-nin yeni idarəetməsi qismində Azərbaycan İnvestisiya Holdinqinin rəsmilərini dialoqa dəvət edirik.

Səkinəxanım Məmmədova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol