Bakının dörd rayonunda işıq kəsiləcək

Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Səbail rayonunda isə transformator məntəqəsində görüləcək işlərlə əlaqədar saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsinin 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Binəqədi rayonunda 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq "Aşağı Sulutəpə" və "Xocəsən" hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan başqa, 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində naqillər yenilənəcək. İşlərə görə saat 10:00-dan 17:00-dək 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Xəzər rayonunda isə 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, həmçinin Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
























