Azərbaycan Türkiyə kitabxana təcrübəsini öyrənir
Mədəniyət Nazirliyi Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində fəaliyyət göstərən birgə komissiya çərçivəsində kitabxanaların fəaliyyəti istiqamətdə təcrübə mübadiləsi aparılır. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Türkiyədə son illərdə ənənəvi kitabxana modeli daha müasir və rəqəmsal xidmətlər göstərən mərkəzlərlə əvəz olunub, səyyar kitabxana layihələri uğurla tətbiq edilir, kitab fondları rəqəmsallaşdırılaraq bütün vətəndaşlar üçün həm fiziki, həm də elektron formada əlçatan edilib.
Nazir müavini vurğulayıb ki, dünya təcrübəsi göstərir ki, müasir kitabxanalar artıq yalnız kitabların saxlanıldığı məkan deyil, həm də mütaliə, təlim, müxtəlif maarifləndirici tədbirlər və insanların səmərəli asudə vaxt keçirməsi üçün ictimai mərkəz funksiyasını yerinə yetirir.
Fərid Cəfərov bildirib ki, kitabxana sisteminin optimallaşdırılması üzrə altı əsas istiqamət müəyyənləşdirilib. Bunlar milli qanunvericiliyin yenilənməsi, yeni infrastrukturun yaradılması, kitabxana fondlarının müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığının gücləndirilməsi və səyyar kitabxana layihələrinin həyata keçirilməsidir.
O qeyd edib ki, kitabxana fondlarının yenilənməsi çərçivəsində mövcud nəşrlərin çeşidlənməsi aparılacaq, eyni zamanda elmi və uşaq ədəbiyyatı sahəsində müşahidə olunan çatışmazlıqların aradan qaldırılması üçün fondlar zənginləşdiriləcək.
Nazir müavininin sözlərinə görə, təklif olunan modelə əsasən, Milli Kitabxana və ixtisaslaşmış kitabxanalarla yanaşı, bütün şəhər və rayon mərkəzlərində ictimai kitabxanaların yaradılması nəzərdə tutulur. Ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərdə akademik kitabxanaların, demoqrafik vəziyyət nəzərə alınmaqla isə uşaq kitabxanalarının təsis edilməsi planlaşdırılır.
Fərid Cəfərov əlavə edib ki, ilkin mərhələdə ölkənin bütün iqtisadi rayonlarında səyyar kitabxana layihəsinə start verilməsi nəzərdə tutulur. Bu mexanizm vasitəsilə kənd və qəsəbələrdə yaşayan əhaliyə həftənin bütün günləri kitabxana xidmətləri göstəriləcək.
Bununla yanaşı, hazırda ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində də kitabxanaların yaradılması planlaşdırılır. Nazir müavini bildirib ki, məqsəd əhalinin sıx istifadə etdiyi bu məkanlarda kitaba çıxış imkanlarını daha da genişləndirmək və mütaliə mədəniyyətini təşviq etməkdir.
Gülnar Nazimqızı