• $
  • £

Azərbaycanda suda boğulanların sayı artıb - RƏSMİ

Azərbaycanda suda boğulanların sayı artıb - RƏSMİ
16.07.2026 15:30

Azərbaycanda suda boğulma və suya batma səbəbindən ölənlərin sayı 2025-ci ildə 2024-cü il ilə müqayisədə   126 nəfərdən 154 nəfərə kimi artıb.  Bu barədə Dövlət Statistika Komitəsi Səhiyyə Nazirliyinin məlumatlarına əsasən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bakının Səbail rayonu  ərazisində 9 çimərlik var. Onlardan biri İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərlik, digərləri isə istirahət mərkəzləri və müxtəlif qeyri-yaşayış obyektləridir. Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

"Sahilboyu zonaların çimərlik kimi istifadəsinə rəsmi icazənin verilməsi və ya qadağan olunması Fövqəladə Hallar Nazirliyi ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq rəyi əsasında müəyyən edilir. Çimmək üçün yararsız sahilboyu sahələrdə "Çimmək qadağandır!" lövhələri quraşdırılıb. Bu ərazilərə aidiyyəti qurumların əməkdaşları tərəfindən mütəmadi reydlər təşkil olunur", - məlumatda qeyd olunub.

Bununla yanaşı Səbail Rayon İcra Hakimiyyəti  onlara aid ərazilərdə neçə çimərliyin qadağan olduğu barədə məlumatı açıqlamaqdan imtina edib. 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki,  Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi təhlükəsiz çimərliklərdə indiyə qədər bir nəfər də olsun boğulma halı qeydə alınmayıb.

"Bu da onu göstərir ki, xilasetmə xidməti olan ərazilər tam təhlükəsizdir və insanlar məhz bu çimərliklərə getməlidirlər.  Bundan əlavə, çimərliklərdə ciddi riayət olunmalı təhlükəsizlik qaydaları mövcuddur. Üzmə sərhədlərini (bu qaçları) keçmək, spirtli içkinin təsiri altında suya girmək və uşaqları nəzarətsiz buraxmaq qətiyyən yolverilməzdir. Çimərliyi yarış meydançasına çevirmək, "kim daha uzağa üzə bilər" deyə risk etmək, daş, qaya və ya dəmir parçalarının üzərindən suya baş vurmaq, lüzumsuz hərəkətlərə yol vermək olduqca təhlükəlidir. Günün qaranlıq saatlarında suya girmək, həmçinin özü ilə gətirdiyi hər hansı bir kiçikhəcmli gəmini, katamaranı və ya digər üzmə vasitəsini icazəsiz şəkildə suya daxil etmək olmaz. Sağlam, rahat və təhlükəsiz istirahət üçün bu qaydalara ciddi əməl edilməlidir. Bu təhlükəsizlik tədbirləri təkcə dənizə deyil, çimək üçün nəzərdə tutulmayan bütün çaylara, göllərə, su anbarlarına, su tutarlarına, su kanallarına və arxlara da eyni dərəcədə şamil olunur", - ekspert vurğulayıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin sözlərinə görə, ölkədə çimərliklərin təşkili məsələsində Fövqəladə Hallar Nazirliyi heç bir rol oynamır.

"FHN sadəcə, monitorinq edir, təhlükəli əraziləri qiymətləndirir. Misal üçün, Şüvəlan qəsəbəsi çox təhlükəli ərazidir. Mil qaya, Şimal QRES, sonra Bilgəh qəsəbəsində 12-ci dalan, Daçnik kimi tanınan ərazi, Novxanı qəsəbəsində Sarıqaya deyilən ərazilər təhlükəlidir. Mərdəkan qəsəbəsində  İDEA İctimai çimərliyinin sağ tərəfi təhlükəli ərazidir. Daha sonra Qaradağ rayonunda Mayak deyilən ərazi təhlükəlidir. Əgər dənizin kənarında tutaq ki, limanlar var və yaxud digər dəniz kənarında müəssisələr yerləşirsə,  həmin ərazilərə də yaxın olan ərazilərdə çimmək olduqca təhlükəlidir. İndi sual verə bilərsiniz ki, burada təhlükə nədir? bəzi ərzilərin sualtı relyefi daşlı-qayalı hissələrdən ibarətdir. Bəzi hissələrdə qəfləti dərinliklər var, belə deyək, məsələn, giririk suya dizdəndir, bir addım atan kimi su başımızın üstündən keçir. Bu özü təhlükədir. Bəzi ərazilərdə sualtı axınların sürəti çoxdur",- o vurğulayıb.

Son illərdə boğulma və ölüm hadisələrinin əhəmiyyətli hissəsi Xəzər Rayon İcra Hakimiyyətinin inzibati ərazisinə aid çimərliklərdə baş versə də Xəzər Rayon İcra Hakimiyyəti ünvanladığımız sorğuya cavab verməyib. 

Xəzər Rayon İcra Hakimiyyətinə Şüvəlan, Mərdəkan, Buzovna, Zağulba, Bilgəh çimərliyi (inzibati cəhətdən Xəzər rayonuna daxildir), Qala qəsəbəsi sahil zolağı (çimərlik sahələri), Türkan çimərliyi,  Zirə qəsəbəsinin sahil hissələri aiddir.

TƏBİB-in məlumatına görə, 2026-cı ilin iyununda yalnız Şüvəlan çimərliyində baş verən suda boğulma hadisələri ilə bağlı təcili tibbi yardıma 3 müraciət daxil olub. Onlardan 2 nəfərin həkiməqədər ölümü qeydə alınıb, 1 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

İyunun 1-dən iyulun 15-dək qeyri-çimərlik ərazilərində 30-a yaxın boğulma faktı qeydə alınıb.

Qonşu ölkələrin təcrübəsi göstərir ki, boğulma halları üzrə statistika müxtəlif dövlət qurumları tərəfindən sistemli şəkildə aparılır.

Gürcüstanda ölüm səbəbləri üzrə rəsmi statistik məlumatları Milli Statistika Xidməti (Geostat) hazırlayır, dəniz və digər su hövzələrində baş verən boğulma və xilasetmə hadisələri barədə operativ məlumatları isə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidməti açıqlayır.

Ermənistanda boğulma ilə bağlı ölüm statistikası Statistika Komitəsi tərəfindən toplanır.

Türkiyədə ölüm səbəbləri üzrə məlumatları Türkiyə Statistika Qurumu (TÜİK), dənizdə baş verən hadisələr və xilasetmə əməliyyatlarına dair məlumatları isə Sahil Təhlükəsizlik Komandanlığı ictimaiyyətə təqdim edir.

Rusiyada ölüm səbəbləri üzrə statistik məlumatları Fövqəladə Hallar Nazirliyi açıqlayır.

Dünya üzrə sularda boğulma statistikasına nəzər salsaq, nəzarətsiz çimərliklərdə boğulma halları bütün dünya üzrə 95%-dən çoxdur. Hər il dünyada 400 minə yaxın insan sularda boğularaq həyatını itirir və bu bədbəxt hadisələrin 95%-dən çoxu məhz nəzarətsiz çimərliklərin payına düşür. Boğulmaların 70%-dən çoxu isə əlverişsiz hava şəraitində çimməkdən qaynaqlanır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda suda boğulanların sayı artıb - RƏSMİ
Cəmiyyət 15:30
Azərbaycanda suda boğulanların sayı artıb - RƏSMİ
Azərbaycanda "parklanma yerlərinin minimal sayının məcburi kvotası" təsdiq edilib
Cəmiyyət 15:06
Azərbaycanda "parklanma yerlərinin minimal sayının məcburi kvotası" təsdiq edilib
Qubada hamilə qadın və bətnindəki dölün ölümü araşdırılır
Cəmiyyət 14:55
Qubada hamilə qadın və bətnindəki dölün ölümü araşdırılır
Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb
Cəmiyyət 14:35
Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb
Azərbaycan xarici sularda çalışan dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırıb
Cəmiyyət 13:46
Azərbaycan xarici sularda çalışan dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Cəmiyyət 12:20
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
AQTA: yas mərasimlərində zəhərlənmələrdə şübhə evdə hazırlanan lavaşdadır
Cəmiyyət 12:03
AQTA: yas mərasimlərində zəhərlənmələrdə şübhə evdə hazırlanan lavaşdadır
Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb
Cəmiyyət 11:45
Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol