SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq

SOCAR 2027-ci ildə Azərbaycanda iki geotermal layihənin işlənməsinə başlamağı planlaşdırır. Bunu şirkətin vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, layihələrdən biri işğaldan azad edilmiş ərazilərin, digəri isə Neftçala rayonunun geotermal potensialı ilə bağlıdır. SOCAR bu istiqamətdə “Schlumberger” və “Baker Hughes” şirkətləri ilə ilkin araşdırmalar aparıb.
İsayev qeyd edib ki, Neftçalada geotermal enerjidən həm elektrik enerjisinin istehsalı, həm də mərkəzləşdirilmiş istilik təchizatı üçün istifadə imkanları mövcuddur.
Vitse-prezident bildirib ki, SOCAR layihələrin reallaşdırılması üçün geotermal enerji sahəsində təcrübəsi və texnologiyaları olan, investisiya yatırmağa hazır tərəfdaş axtarır. Şirkət, həmçinin bu sahədə İtaliya şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.
O əlavə edib ki, SOCAR 2035-ci ilədək ənənəvi karbohidrogen fəaliyyəti ilə yanaşı, aşağı karbonlu enerji istiqamətlərini də əhatə edən balanslaşdırılmış enerji şirkətinə çevrilməyi hədəfləyir.

























