ARDNF İtaliya aktivlərinə 2,8 milyard dollar yatırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliya aktivlərinə 2,8 milyard dollar investisiya yatırıb. Bu, fondun investisiya portfelinin təxminən 4%-ni təşkil edir, ARDNF-nin icraçı direktorunun müavini Rövşən Cavadov bildirib.
Cavadov Bakıda keçirilən VI Azərbaycan–İtaliya biznes forumunda çıxış edərkən İtaliyanın fondun portfelində investisiyaların həcminə görə ilk dörd ölkə arasında olduğunu deyib.
Onun sözlərinə görə, ARDNF İtaliya şirkətləri və maliyyə qurumları ilə əməkdaşlığı genişləndirməyə, o cümlədən CDP Equity ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır.
Fond FSI və Azura Capital ilə tərəfdaşlıq çərçivəsində İtaliyanın səhiyyə, rəqəmsal və maliyyə texnologiyaları, eləcə də sənaye sahələrində fəaliyyət göstərən şirkətlərinə sərmayə yatırır. ARDNF-nin portfelində yüksək sürətli dəmir yolu daşımaları operatoru Italo da təmsil olunur.
Bərpaolunan enerji ayrıca investisiya istiqamətinə çevrilib. Cavadov bildirib ki, fond bu yaxınlarda İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən, ümumi qoyuluş gücü 402 meqavat olan 14 günəş elektrik stansiyasından ibarət portfeldə 49% pay əldə edib.
ARDNF həmçinin İtaliyanın dövlət istiqrazlarına və şirkətlərinin səhmlərinə investisiya qoyuluşlarını davam etdirir.
“Biz İtaliyanı strateji tərəfdaş hesab edirik. Dövlət Neft Fondu İtaliyada uzunmüddətli investor kimi fəaliyyətini davam etdirmək niyyətindədir”, — Cavadov deyib.
Onun sözlərinə görə, ARDNF-nin ümumi investisiya portfeli 70 milyard dolları ötür və 70-dən çox ölkəni əhatə edir.







Son xəbərlər 


















