Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq bərpaolunan enerji, enerji səmərəliliyi və enerji keçidi istiqamətlərində genişləndirilə bilər. Bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bildirib.
O qeyd edib ki, Azərbaycan və İtaliya arasında neft-qaz sektorunda möhkəm tərəfdaşlıq mövcuddur və bu əməkdaşlığın digər enerji istiqamətlərində inkişafı üçün geniş imkanlar var.
Nazir müavininin sözlərinə görə, İtaliya tərəfi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5% paya malikdir. Bundan əlavə, 2026-cı ilin may ayında SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nin alınması iki ölkə arasında enerji əməkdaşlığının mühüm mərhələsi olub.
O bildirib ki, şirkət iki neft emalı zavodunu idarə edir, geniş saxlama və logistika infrastrukturuna, eləcə də 4500-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə malikdir.
Abbasov Azərbaycanın bərpaolunan enerji potensialına da diqqət çəkib. Bildirib ki, ölkənin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki bərpaolunan enerji potensialı var. İqtisadi potensial 27 QVt qiymətləndirilir. Bunun 3 QVt-ı külək, 23 QVt-ı isə günəş enerjisinin payına düşür.
Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumi qoyuluş gücü 2,2 QVt olan bərpaolunan enerji elektrik stansiyaları fəaliyyət göstərir. Bərpaolunan enerji mənbələri ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 21,5%-ni təşkil edir.
Nazir müavini regional yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində görülən işlərdən də danışıb. O, Xəzər regionunda istehsal olunan bərpaolunan elektrik enerjisinin Avropaya ötürülməsini nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və Qazaxıstan, Özbəkistanın bərpaolunan enerji mənbələrini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi hədəfləyən “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrinin əhəmiyyətini vurğulayıb.
“İtaliyanın CESI şirkəti “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasını tamamlayıb, hazırda isə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması üzərində işləyir. Mingəçevirdə yerləşən 1,9 QVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. İtaliyanın “Ansaldo” şirkəti layihəyə əsas avadanlıqları təchiz etməklə töhfə verib”,- o vurğulayıb.
Nazir müavini enerji səmərəliliyinin Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri olduğunu da vurğulayıb. O, İtaliya şirkətlərini Azərbaycandakı investisiya imkanlarını araşdırmağa və bu sahədə yeni layihələrin həyata keçirilməsində iştirak etməyə çağırıb.






Son xəbərlər 


















