Əliyev İtaliya XİN rəhbərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, TRIPP layihəsi, enerji, ticarət və müdafiə sahələrində əməkdaşlıq müzakirə olunub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə İlham Əliyev Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Dövlət başçısı bu il İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfərini xatırladaraq, həmin səfər zamanı siyasi əlaqələr, iqtisadiyyat, ticarət və ikitərəfli gündəliyin digər məsələləri ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.
Prezident İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, özünün isə İtaliyaya səfərlərinin əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan İtaliyanın enerji bazarında təmsil olunur, bu ölkədə neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə edib.
Dövlət başçısı İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətinin genişlənməsini də müsbət qiymətləndirib. O, təhsil sahəsində əməkdaşlıq çərçivəsində ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açıldığını xatırladıb.
Antonio Tayani isə İtaliya və Azərbaycanda fəaliyyət göstərən hər iki ölkənin şirkətlərinin sayının artırılmasında maraqlı olduqlarını bildirib.
O, Azərbaycanın regional sabitlik baxımından İtaliya üçün mühüm əhəmiyyət daşıdığını deyib və ölkəsinin Azərbaycan-Avropa İttifaqı, eləcə də Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.
İtaliya XİN rəhbəri bir müddət əvvəl İranda baş verən hadisələr zamanı ölkəsinin Tehrandakı səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə təşəkkür edib.
Görüşdə biznes sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından artan strateji roluna diqqət çəkilib. Həmçinin regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi müzakirə olunub.
Son xəbərlər 
























