Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır

2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatının iştirakçısı, keçmiş kəşfiyyatçı Cavid Həşimov Lənkəranda torpaq sahəsi əldə etmək üçün yerli icra hakimiyyətinə müraciət etsə də, istəyinə nail ola bilmədiyini bildirir. Bu barədə Həşimov anews.az-a müraciət edib.
O, məsələ ilə bağlı ölkə Prezidenti İlham Əliyevə müraciət edərək dəstək istəyəcəyini deyib.
Cavid Həşimovun sözlərinə görə, o, 8 ildən artıq müddətdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib. Hərbi xidməti dövründə kəşfiyyatçı olub, Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında iştirak edib. Hazırda Lənkəranda yaşayır.
Keçmiş hərbçi bildirib ki, dəfələrlə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qəbulunda olub və cəmi 2 sot torpaq sahəsi istəyib.
“Dəfələrlə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qəbulunda olmuşam. Sadəcə 2 sot torpaq istəyirəm. İcra başçısı dəfələrlə bələdiyyəyə tapşırıb ki, problemimlə məşğul olsun. Amma bələdiyyədən mənə deyiblər ki, torpaq almaq üçün 7-8 min manatım olmalıdır. Məndə o pul olsaydı, neynirdim pulsuz torpaq istəyib?” - Cavid Həşimov bildirib.
Onun sözlərinə görə, icra başçısının son qəbulunda ona torpaq sahəsinin olmadığı bildirilib.
Cavid Həşimov yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyevə müraciət edərək dəstək almaq niyyətində olduğunu qeyd edib.
Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Zənglərimiz cavabsız qalıb. Bununla belə, qurumun rəsmi elektron poçt ünvanına sorğu göndərilib. Cavab alındığı təqdirdə materialda dərc olunacaq.
Hərbi qulluqçular haqqında hazırkı qanunvericiliyə görə 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzildə yaşayan və ya yaşayış sahəsi olmayan müəyyən kateqoriyadan olan hərbi qulluqçuların pulsuz torpaq almaq hüququ var.
Ştatların ixtisarı ilə əlaqədar ehtiyata buraxılan müddətdən artıq xidmət hərbi qulluqçuları üçün azı 5 illik xidmət şərti nəzərdə tutulur.
Yaşına, xəstəliyinə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş hərbçilər torpaq hərraclarında üstünlük hüququna malikdirlər.

























