Donorların sayı artır, bəs xəstə qanı vaxtında ala bilirmi? - Araşdırma
Azərbaycanda 2026-cı ilin ilk altı ayında Respublika Qan Bankına müraciət edən donorların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 71 874 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Anews.az-ın sorğusuna cavabına görə, 2025-ci ilin yanvar-iyun aylarında Qan Bankına 61 661 donor müraciət edib. Bu ilin eyni dövründə donorların sayı 10 213 nəfər artıb.
Lakin Qan Bankı bildirir ki, donorların sayı ilə qan və qan komponentləri ilə təmin olunan xəstələrin sayı eyni göstərici deyil. Xəstələrin təminatı tibb müəssisələrinin sifarişləri, klinik vəziyyət və tələb olunan qan komponentinin növünə əsasən ayrıca uçota alınır.
Qurumun məlumatına görə, donor qanı götürüldükdən sonra tibbi müayinədən keçirilir, İİV, hepatit B, hepatit C və sifilis üzrə həm seroloji, həm də NAT üsulu ilə yoxlanılır. Nəticələr tam qiymətləndirilməyənədək qan komponentləri xəstəyə təqdim edilmir.
Təhlükəsizliyi təsdiqlənən qan eritrosit kütləsi, trombosit və plazmaya ayrılır. Komponentlər xüsusi şəraitdə saxlanılır və unikal identifikasiya nömrəsi ilə qeydiyyata alınır.
Qan Bankı bildirir ki, tibb müəssisəsindən sifariş daxil olduqda xəstənin qan qrupu, rezus mənsubiyyəti, klinik vəziyyəti və laborator göstəriciləri nəzərə alınır. Bundan sonra uyğun komponent seçilir və zəruri uyğunluq prosedurları aparılır.
Proses çox uzun çəkir
Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov isə Anews.az-a bildirib ki, praktikada xəstəxanalarda qan ehtiyatının kifayət etməməsi tələb olunan qan qrupunun tapılmaması ilə nəticələnə bilir.
Onun sözlərinə görə, belə hallarda xəstənin yaxınları donor axtarmağa məcbur olur.
Əsgərov hesab edir ki, xəstənin yaxınlarının Qan Bankına gedərək qan əldə etməsi düzgün deyil və qan təminatı mərkəzləşdirilmiş sistem vasitəsilə həyata keçirilməlidir.
“Elektron databaza yoxdur ki, sistemdən görsünlər. Yəni bu qan var və bu qan köçürülməlidir. Mərkəzləşdirilmiş elektron sistem yoxdur. Hələ də Sovet dönəmində olduğu kimi telefonla əlaqə saxlanılır, tələbnamə yazılır və həmin tələbnamə tibbi personal tərəfindən Qan Bankına göndərilir. Bu isə uzun prosesdir”, - o deyib.
Əsgərovun sözlərinə görə, qan ehtiyatlarının yetərli olmaması və prosesin uzanması xüsusilə təcili vəziyyətlərdə risk yarada bilər.
“Qana ehtiyacı olan insan dəqiqələrlə gözləyə bilməz. Əgər qan sürətli və zamanında vurulmalıdırsa, bu prosesin uzanması insan həyatı üçün problem yarada bilər”, - Assosiasiya sədri bildirib.
O, həmçinin donorların qanvermə prosesinin uzun çəkməsindən narazı olduğunu deyib və elektron qeydiyyat sisteminin yaradılmasını təklif edib.
Qan Bankı: Təcili hallarda prosedurlar paralel aparıla bilər
Respublika Qan Bankı isə təcili vəziyyətlərdə prosesin fərqli təşkil oluna bildiyini açıqlayıb.
Qurumun məlumatına görə, həyati təhlükəsi olan və massiv qanaxma keçirən xəstələrdə əsas məqsəd qanaxmanı mümkün qədər qısa müddətdə nəzarətə almaq və xəstənin həyatını xilas etməkdir.
“Təcili vəziyyətlərdə qan qrupunun müəyyənləşdirilməsi, xəstədən nümunənin götürülməsi, laborator qiymətləndirmə və uyğun qan komponentinin seçilməsi qan təminatı prosesi ilə eyni vaxtda aparıla bilər”, - Qan Bankı bildirib.
Qurum vurğulayıb ki, təcili transfuziya zamanı təhlükəsizlik tələbləri aradan qaldırılmır.
“Belə hallarda məqsəd həyati təhlükə yaradan qan itkisinə görə gecikməyə yol vermədən, mövcud təhlükəsizlik tələblərini maksimum dərəcədə qorumaqdır. Sonrakı laborator və uyğunluq müayinələri də zəruri hallarda davam etdirilir və nəticələr xəstənin sonrakı müalicə taktikasında nəzərə alınır”, - qurum qeyd edib.
Deputat: Konkret faktlar təqdim olunarsa, araşdırmağa hazırıq
Milli Məclisin deputatı Soltan Məmmədov isə Qan Bankına müraciət prosedurlarının çətin olması ilə bağlı konkret faktların təqdim edilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, Qan Bankı dövlət və özəl xəstəxanaların qan təminatını həyata keçirən səhiyyə sisteminin əsas strateji obyektlərindən biridir.
Məmmədov Qan Bankında laborator müayinələrin və qan təhlükəsizliyi prosedurlarının yüksək standartlara uyğun həyata keçirildiyini bildirib.
“Qan Bankının həm laborator müayinələri, həm də orada aparılan digər zəruri müayinələr illər ərzində təkmilləşdirilib və ən yüksək standartlara cavab verir. Avtomatik infeksiyalara qarşı yoxlama sistemləri, donor qanının yoxlanılması, leykositlərdən təmizlənməsi, xüsusi şəraitdə saxlanılması və uyğun qan qruplarının təminatı yüksək səviyyədə həyata keçirilir”, - deputat deyib.
O qeyd edib ki, donorların Qan Bankına müraciəti ilə bağlı özü dəfələrlə prosesin şahidi olub və ciddi problemlə qarşılaşmayıb.
“Bu problemlər bildirilsə, bəlkə də biz onu dərhal araşdırıb məlumat verə bilərik”, - Məmmədov bildirib.
Deputat əlavə edib ki, səhiyyə sahəsində problemin qanunvericilik səviyyəsində həlli tələb olunarsa, Milli Məclisin Səhiyyə Komitəsi məsələni araşdırmağa və dinləmələr keçirməyə hazırdır.
Dünyada qan ehtiyatı problemi
Qan təminatı yalnız Azərbaycan üçün aktual məsələ deyil. Ümumdünya Səhiyyə Təşkilatının 2026-cı ildə açıqladığı “Global status report on blood safety and availability 2025” hesabatı 168 ölkədən məlumatları əhatə edir və qlobal qan sistemlərində donor toplama, qan komponentlərinin hazırlanması, laborator yoxlamalar və klinik istifadəyə dair vəziyyəti qiymətləndirir. ÜST xüsusilə aşağı və orta gəlirli ölkələrdə qan məhsullarının kifayət qədər və bərabər əlçatanlığı ilə bağlı problemlərin qaldığını bildirir.
ÜST-nin 2026-cı il məlumatına görə, 2023-cü ildə dünyada təxminən 120 milyon qan donorluğu həyata keçirilib. 2013-2023-cü illər arasında qan toplanması təxminən 19% artıb və donorluqların 85%-dən çoxu könüllü, ödənişsiz donorların payına düşüb. Buna baxmayaraq, bir çox ölkədə təhlükəsiz qana çıxış hələ də məhduddur. Bu problem xüsusilə ağır anemiyası, talassemiyası, hemofiliyası, oraqhüceyrəli xəstəliyi, immun çatışmazlığı və bəzi xərçəng xəstəlikləri olan pasiyentlər üçün əhəmiyyətlidir.
Qan xəstəlikləri dünyada nə qədər yayılıb?
ÜST-nin ən son məlumatına əsasən, 2023-cü ildə 15–49 yaşlı qadınların 30,7%-ində anemiya olub. Bu göstərici 2012-ci ildəki 27,6%-dən də yüksəkdir.
ÜST 2025-ci il məlumatında anemiyanın əsasən aşağı və aşağı-orta gəlirli ölkələrdə daha geniş yayıldığını bildirir. Qlobal olaraq 6–59 aylıq uşaqların təxminən 40%-i, hamilə qadınların 37%-i, 15–49 yaşlı qadınların isə 30%-i anemiyadan təsirlənir.
Anemiyanın ayrıca bütün halları “qan xəstəliyi” kimi qəbul edilmir. Onun səbəbləri arasında dəmir çatışmazlığı ilə yanaşı infeksiyalar, xroniki xəstəliklər, qan itkisi və irsi qan xəstəlikləri də var.
Daha konkret irsi qan xəstəliklərindən biri olan oraq hüceyrəli xəstəlik üzrə ÜST 2021-ci ildə dünyada təxminən 7,74 milyon insanın bu xəstəliklə yaşadığını hesablayıb. Yeni halların böyük hissəsi Afrikanın Saxara səhrasından cənubdakı ölkələrdədir və həmin region dünya üzrə halların təxminən 80%-ni təşkil edir.
Bu səbəbdən qan xəstəliklərinin ən böyük yükünün Afrikanın Saxaradan cənub hissəsi və digər aşağı və orta gəlirli ölkələrdə cəmləşdiyini demək mümkündür.
Qonşu ölkələrdə qan təminatı necə təşkil olunur?
Rusiya
Rusiyada qan xidməti dövlət tərəfindən koordinasiya olunur. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2008-ci ildən Federal Tibbi-Bioloji Agentliyə qan xidmətinin təşkilində, donor qanı və onun komponentləri sahəsində nəzarət funksiyaları verilib. Ölkədə qan xidmətinin informasiyalaşdırılması və avadanlığın modernləşdirilməsi də aparılıb. Rusiya Səhiyyə Nazirliyi bildirir ki, bu sistem nəticəsində regionların klinik istifadə üçün qan komponentlərinə olan tələbatının ödənilməsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
2025-ci ildə isə Rusiyanın bəzi tibb müəssisələrində donor qanının komponentlərinin daha effektiv hazırlanmasına imkan verən yeni avadanlıqlar tətbiq edilib.
Türkiyə
Türkiyədə qan tədarükü sistemində Türk Qızılayı əsas institusional rollardan birini daşıyır. Sistem könüllü donorların qanının toplanması, laborator müayinədən keçirilməsi, komponentlərə ayrılması və xəstəxanalara çatdırılması üzərində qurulub.
Bu modeldə xəstəxananın ayrı-ayrılıqda donor axtarması əvəzinə, qan komponentlərinin mərkəzləşdirilmiş qan xidməti vasitəsilə təmin edilməsi əsas mexanizmlərdən biridir.
Ermənistan
Ermənistanda da qan xidməti donor qanının toplanması, müayinəsi və emalından sonra tibb müəssisələrinin transfuziya ehtiyaclarının qarşılanması prinsipi ilə işləyir. Ermənistan Səhiyyə Nazirliyinin 2026-cı il məlumatlarında ölkə üzrə qanvermə kampaniyalarının müxtəlif qan xidməti məntəqələrində keçirildiyi görünür.
Gürcüstan və İran
Gürcüstan və İranda da qan xidməti ayrıca milli qan bankları və qan köçürmə infrastrukturu üzərindən təşkil olunur. Bu ölkələr üzrə konkret elektron sifariş, xəstəxana–qan bankı inteqrasiyası və təcili qan təminatı mexanizmlərini müqayisə etmək üçün ayrıca rəsmi məlumat bazalarının göstəricilərinə baxmaq lazımdır.
Son xəbərlər
Daha çox