Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Azərbaycanda xırdabuynuzlu heyvandarlıq üzrə nəzərdə tutulan subsidiya heyvan sayının artırılması deyil, örüş və otlaqların yaxşılaşdırılması məqsədi daşıyır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
“Orada müəyyənləşdirilən məbləğ bir heyvan alıb xırdabuynuzlu heyvanların sayını artırmağa xidmət etmir. Çünki subsidiya konkret olaraq bu məqsəd üçün nəzərdə tutulmayıb”, - Qədimova Milli Məclisdə deyib.
O bildirib ki, hökumət iribuynuzlu heyvandarlıqda intensiv, xırdabuynuzlu heyvandarlıqda isə ənənəvi və yarımintensiv təsərrüfat modelini dəstəkləyir.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda iki milyon hektardan çox örüş və otlaq sahəsi olsa da, onların hamısı heyvanların yemlənməsi üçün yararlı deyil.
“Real istifadə oluna bilən, biomüxtəlifliyi və yem bazası xırdabuynuzlu heyvanların bəslənməsinə imkan verən örüşlər kifayət qədər deyil. Son illərdəki iqlim dəyişiklikləri də biomüxtəlifliyin azaldığını göstərir”, - Qədimova bildirib.
Fermerlər subsidiyadan icarəyə götürdükləri örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması, o cümlədən uyğun toxumların alınması və səpilməsi üçün istifadə edə biləcəklər.
“Bu yükü kiçik fermerlərin üzərinə qoymaq istəmədik. Subsidiya xərclərin yalnız bir hissəsini qarşılayacaq, hamısını deyil”, - o deyib.
Qədimova əlavə edib ki, təşəbbüsün yalnız böyük təsərrüfatları dəstəkləməsi barədə ictimaiyyətdə yaranmış təsəvvür düzgün deyil.
“Bu, böyük təsərrüfatları dəstəkləmək kontekstində deyil. Subsidiya yem bazasının və xırdabuynuzlu təsərrüfatların istifadə etdiyi örüş və otlaqların yaxşılaşdırılması üçün nəzərdə tutulub”, - nazir müavini bildirib
Gülnar Nazimqızı