Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat Qüdrət Həsənquliyev korrupsiya cinayətləri barədə məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsini, cinayətin iştirakçılarının əldə etdikləri vəsaiti geri qaytardıqları halda cinayət məsuliyyətindən azad olunmalarının qanunda nəzərdə tutulmasını təklif edib.
O, Milli Məclisin iclasında müzakirə olunan qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, korrupsiya cinayətləri, əsasən, məxfi şəraitdə və məhdud sayda şəxsin iştirakı ilə törədildiyindən bu barədə məlumat verənlərin təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Deputat xatırladıb ki, Cinayət Məcəlləsinin 307-ci maddəsində ağır və xüsusilə ağır cinayətlər barədə məlumat verməməyə, eləcə də əvvəlcədən vəd etmədən cinayəti gizlətməyə görə məsuliyyət nəzərdə tutulur. Onun sözlərinə görə, yeni qanun layihəsi vətəndaşları korrupsiya halları barədə məlumat verməyə əlavə stimullaşdırmalıdır.
Həsənquliyev bildirib ki, korrupsiya cinayətlərinin iştirakçılarından biri, o cümlədən təşkilatçı və ya təhrikçi törədilmiş cinayət barədə məlumat verərsə, onun hüquqi vəziyyətinin necə tənzimlənəcəyi qanun layihəsində aydın göstərilməlidir.
“Düşünürəm ki, biz doğrudan da bu qanunun effektivliyini təmin etmək üçün qanunda öz əksini tapmalıdır ki, həmin şəxslər korrupsiya cinayəti nəticəsində əldə etdikləri vəsaiti geri qaytardıqları halda cinayət məsuliyyətindən azad olunsunlar. Düzdür, onlara mükafat da verilməməlidir”, - deputat deyib.
O, korrupsiya barədə məlumat verən şəxsin öldürülməsi halında ailəsinə 20 min manat kompensasiya ödənilməsi təklifini də yetərli hesab etməyib.
“Bu, çox az vəsaitdir. Heç kim, xüsusilə də böyük, iri korrupsiya cinayətləri barədə məlumat verirsə və öz həyatına təhlükə hiss edirsə, 20 min manata görə həyatını riskə etməyəcək”, – Həsənquliyev bildirib.
Deputat kompensasiya məbləğinin artırılmasının nəzərdən keçirilməsini təklif edib.
Həsənquliyev, həmçinin korrupsiya barədə məlumatların şəxsin birbaşa rəhbərinə deyil, aidiyyəti dövlət qurumlarına təqdim edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu məlumatlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilməlidir. O qeyd edib ki, korrupsiya hallarının rəhbərliyin məlumatı olmadan baş verməsi bir çox hallarda mümkün deyil.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox