Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif

“Ümumi təhsil haqqında” qanuna təklif olunan dəyişiklik sosial məzuniyyətdə olan qadın müəllimlərin və uşağını təkbaşına böyüdən kişilərin sertifikasiyadan azad edilməsi ilə bağlı uşağın üç yaş həddinin ləğvini nəzərdə tutur.
Hazırda sosial məzuniyyətdə olan və məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eləcə də uşağını təkbaşına böyüdən kişilər uşağın üç yaşı tamam olanadək sertifikasiyadan azad edilirlər.
Təklif olunan dəyişiklikdə isə “uşağının üç yaşınadək” ifadəsinin qanun mətnindən çıxarılması nəzərdə tutulur.
Bununla da sertifikasiyadan azadolma üçün uşağın yaşına dair məhdudiyyət aradan qaldırıla bilər.
Dəyişiklikdə məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə işləmək şərti saxlanılır.
Hamilə qadınların sertifikasiyadan azad edilməsi qaydasına isə dəyişiklik təklif olunmur.

























