Bu dəyişikliklər ətin bahalaşmasına səbəb olacaq - Əli Məsimli

Kənd təsərrüfatında təklif olunan dəyişikliklər, xüsusilə heyvandarlıq sahəsində yanlış yanaşmalar ətin qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.
O, ərzaq bazarında ətin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, aqrar sektorda vergi tətbiqi və örüş sahələrindən istifadə ilə bağlı qərarlarda ehtiyatlı olmağa çağırıb.
“Orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə heç cür uyğun gəlməyən dərəcədə ətin qiyməti qalxacaq. Ətin hər bir ölkədə yazılmamış qanunla ekvivalent rolunu oynayan əmtəələr var. Bizdə çörəklə ət çox əhəmiyyət kəsb edir, hardasa araq əhəmiyyət kəsb edir, amma bizdə çörəklə ət əhəmiyyət kəsb edir. Ona görə də çörək və ətin qiymətinin dəyişməsi, qalxması başqa məhsulların da qiymətinin qalxmasına gətirib çıxaracaq”, – deputat bildirib.
Əli Məsimli qeyd edib ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün kifayət qədər potensial olsa da, örüş sahələrinin azalması və ya səmərəsiz istifadəsi bu sahədə problemlər yaradır.
“Bir vaxtlar örüşlərin ələ keçirilməsi, ondan istifadə edilməməsi heyvandarlığı elə vəziyyətə qoyub ki, orada qiymətlər qalxır. Əslində, burada güzəştlər olmalıdır”, – o deyib.
Deputat aqrar sahədə iri, orta və kiçik təsərrüfatların balanslı inkişafının vacibliyini də vurğulayıb. Onun fikrincə, bütün resursların iri təsərrüfatlara yönəldilməsi kiçik və orta fermer təsərrüfatlarının sıradan çıxmasına səbəb ola bilər.
Məsimli kənd təsərrüfatında 10% vergi tətbiqi təklifinə qarşı olduğunu bildirib. O hesab edir ki, uçot sisteminin təkmilləşdirilməsi üçün vergi yükünün artırılması əvəzinə, stimullaşdırma və dəstək mexanizmlərindən istifadə edilməlidir.
“Əgər biz kənd təsərrüfatına 10 faizlik vergi sistemi tətbiq etsək, onun ardınca kənd təsərrüfatına müdaxilələr başlanacaq. Kənd təsərrüfatına 5-10 il müddətinə verginin tutulmasının tam əleyhinəyəm və hesab edirəm ki, bu, ziyanlı bir şeydir. Əksinə, orada uçot sisteminin təkmilləşdirilməsi, yaxşı bir uçot sisteminin yaradılması üçün stimullaşdırma, dəstəklənmə mexanizmi vasitəsilə uçotu inkişaf etdirmək daha vacib olar”, – deputat əlavə edib.
O, aqrar sektorda uçotun qurulmasının vacibliyini qəbul etsə də, bunun kiçik fermerlər üçün əlavə çətinlik yaratmamalı olduğunu bildirib.

























