Minimum əmək haqqı vergidən azad olunmalıdır - təklif

Deputat Vüqar Bayramov minimum əmək haqqının vergidən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.
O bildirib ki, minimum əmək haqqının artırılması ilə yanaşı, bu məbləğdən tutulan vergi də yüksəldiyindən nominal və real minimum əmək haqqı arasında fərq yaranır.
“Minimum əmək haqqı artıbsa, minimum əmək haqqı vergiyə cəlb edildiyi üçün minimum əmək haqqı alanların vergi ödənişi də artır. Minimum əmək haqqı əslində daha çox az maaş alan vətəndaşlarımız üçün ödənilən maaşdır. Biz minimum əmək haqqını vergiyə cəlb etməklə nominal və real minimum əmək haqqı arasında fərq yaradırıq. Real minimum əmək haqqı nominal minimum əmək haqqından aşağı olur”, – deputat bildirib.
Vüqar Bayramov qeyd edib ki, minimum əmək haqqı həssas qruplara ödənilən əməkhaqqı olduğundan onun vergidən azad edilməsi məqsədəuyğun olardı.
“Bu həssas qruplara ödənilən əmək haqqıdır və vergiyə cəlb edildikdən sonra nominal məbləğ aşağı düşür. Daha məqsədəuyğun olardı ki, minimum əmək haqqının vergidən azad olunması tətbiq edilsin”, – o əlavə edib.
Deputat, həmçinin minimum əmək haqqının vergiyə cəlb olunduğu ölkələrin sayı və bu sahədə beynəlxalq təcrübə ilə bağlı məsələnin araşdırılmasını təklif edib.
Bayramov çıxışında növbəti ildə Prezidentin göstərişi ilə sosial paketin reallaşdırılacağını, o cümlədən minimum əməkhaqqının artırılmasının nəzərdə tutulduğunu da bildirib.

























