Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan Azərbaycana ekstradisiya olunub.Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Telman Allahverdiyevin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırılan cinayət işi üzrə Allahverdiyevin xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. İstintaqdan yayınaraq gizləndiyinə görə Allahverdiyev barəsində axtarış elan edilib.
O, Gürcüstan ərazisində saxlanılıb və həmin ölkənin Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
























