Peşə seçimi əmək bazarının tələblərinə uyğun aparılmalıdır-nazir

Gənclərin ixtisas seçimi əmək bazarının real tələblərinə və gələcək məşğulluq imkanlarına əsaslanmalıdır. Ali təhsilin hər zaman daha yüksək əməkhaqqı və işlə təminat demək olmadığı cəmiyyətə konkret rəqəmlərlə izah edilməlidir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda gənclərin bir qismi konkret peşə seçmək əvəzinə, topladıqları bala uyğun ixtisaslara üstünlük verir. Onun sözlərinə görə, bu yanaşma uzunmüddətli perspektivdə əmək bazarında ciddi problemlər yarada bilər.
Əmrullayev qeyd edib ki, ixtisas seçimi zamanı formalaşan ənənəvi yanaşma dəyişməlidir. Belə ki, gənclər yalnız ali təhsil almaq və ya yüksək bal toplamaq məqsədi ilə deyil, maraq və bacarıqlarına, eləcə də əmək bazarındakı tələbatlara uyğun seçim etməlidirlər.
Nazir vurğulayıb ki, cəmiyyətə müxtəlif ixtisaslar üzrə məzunların məşğulluq göstəriciləri və orta əməkhaqları barədə məlumatlar təqdim olunmalıdır.
“İnsanlara konkret rəqəmlərlə çatdırmalıyıq ki, 10 il əvvəl müəyyən ixtisası seçən şəxslərin orta əməkhaqqı nə qədərdir. Həmin vaxt başqa bir peşəni seçsəydilər, bu gün nə qədər gəlir əldə edə bilərdilər. Bütün sahələrdə ali təhsil zəruri deyil. Data elmi və mühəndislik kimi istiqamətlərdə ali təhsil vacib olduğu halda, kənd təsərrüfatı, turizm, logistika və nəqliyyat sahələrində peşə təhsilinə ehtiyac daha yüksək ola bilər”,- nazir vurğulayıb.
O bildirib ki, bəzi peşələr üzrə əməkhaqqı ali təhsil tələb edən ixtisaslardan heç də aşağı deyil. Bunun əsas səbəbi həmin sahələrdə işçi qüvvəsinə tələbatın yüksək olmasıdır.
Nazir nümunə olaraq İsveç təcrübəsindən danışıb. Qeyd edib ki, bəzi cəmiyyətlərdə insanların sosial imkanları və həyat səviyyəsi onların sahib olduqları peşədən asılı deyil.
Əmrullayev əlavə edib ki, bəzi peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunma göstəriciləri 100 faizə yaxın olduğu halda, bəzi ali təhsil müəssisələrində bu göstərici 30 faiz təşkil edir.
Nazir hesab edir ki, bu məlumatlar ictimaiyyətə açıq şəkildə təqdim edilməli, gənclər ixtisas seçərkən məzunların iş tapmaq ehtimalını da nəzərə almalıdırlar.

























