Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika

Azərbaycanda gənc qadın və kişilər arasında savadsızlıq səviyyəsi 0,1% təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatlarında qeyd olunub.
15 və yuxarı yaşda olan əhali arasında savadsızlıq səviyyəsi qadınlarda 0,3%, kişilərdə isə 0,2%-dir. Beləliklə, bu yaş qrupunda qadınlar arasında göstərici kişilərdən 0,1 faiz bəndi yüksəkdir.
Azərbaycanın göstəriciləri regionun bir sıra ölkələri ilə müqayisədə aşağıdır.
Yetkin qadınlar arasında savadsızlıq Ermənistanda 0,3%, Gürcüstanda 0,5%, Türkiyədə 5,6%, kişilər arasında isə müvafiq olaraq 0,2%, 0,3% və 0,9% təşkil edir.
Gənclər arasında savadsızlıq Azərbaycanda qadınlar və kişilər üzrə 0,1% olduğu halda, Ermənistanda hər iki cins üzrə 0,2%, Gürcüstanda qadınlar arasında 0,2%, kişilər arasında 0,3%-dir. Türkiyədə bu göstərici gənc qadınlar arasında 0,2% təşkil edir, gənc kişilər arasında isə sıfıra yaxındır.
Ən yüksək savadsızlıq göstəricisi Hindistanda qeydə alınıb. Bu ölkədə 15 və yuxarı yaşlı qadınların 34,2%-i, kişilərin isə 17%-i savadsızdır. Gənclər arasında göstərici qadınlarda 8,5%, kişilərdə 7%-dir.

























