İtkin düşmüş şəxslərin identifikasiyası üzrə mütəxəssislərə beynəlxalq təlim keçirilib

Azərbaycanda itkin düşmüş şəxslərin identifikasiyası üçün DNT analizlərinin aparılması və genetik sübutların qiymətləndirilməsi üzrə mütəxəssislərin peşəkar hazırlığının artırılması məqsədilə dördgünlük təlim keçirilib.
Təlim Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə DTX-nin Hərbi-Tibb Baş İdarəsində təşkil olunub.
"Məhkəmə-genetik DNT analizi və DNT sübutları" mövzusunda keçirilən kursda Dövlət Komissiyasının tərkibinə daxil olan dövlət qurumlarının və struktur bölmələrinin mütəxəssisləri iştirak ediblər.
Təlimə molekulyar biologiya, tibbi genetika və məhkəmə genetikası üzrə mütəxəssis, Böyük Britaniyanın "Genecode Diagnostics" şirkətinin elmi direktoru doktor Andrey Semixodski rəhbərlik edib.
Dörd əsas istiqaməti əhatə edən proqramda məhkəmə-genetik DNT analizinin müasir üsulları, genetik məlumat bazalarından istifadə, DNT sübutlarının şərhi və statistik qiymətləndirilməsi, eləcə də mürəkkəb ekspertizaların aparılması məsələləri nəzərdən keçirilib.
İştirakçılara insan qalıqlarının identifikasiyası, qohumluq əlaqələrinin müəyyənləşdirilməsi və deqradasiyaya uğramış DNT nümunələrinin tədqiqi üzrə praktiki biliklər də təqdim olunub. Kursun sonunda iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, Andrey Semixodski oktyabrın 7-10-da Bakıda keçirilən itkin düşmüş şəxslər mövzusunda IV Beynəlxalq Konfransda da iştirak edib.
Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının aşkar edilməsi, ekshumasiyası və identifikasiyası proseslərinə cəlb olunan mütəxəssislərin hazırlığının artırılması istiqamətində beynəlxalq təlimlər və elmi-praktiki tədbirlər keçirir.
Komissiyanın məlumatına görə, bu tədbirlərin əsas məqsədi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və identifikasiya edilmiş insan qalıqlarının ailələrinə təhvil verilməsi prosesini sürətləndirməkdir.
























