Müraciətdə deyilir:
Biz sizə 96 yaşlı Sarabəyim nənədən danışmaq istərdik. 38 yaşında dul qalmış, beş uşağını tək böyütmüş Sarabəyim nənə 67 yaşında doğma kəndindən qaçmalı olub. Böyük şəhərə, övladlarının yanına sığınmağa məcbur qalıb. Alışdığı həyətindən, bağından, evindən uzaq qalan Sarabəyim nənə şəhər evlərinə uyğunlaşa bilməyib, övladları onun üçün həyət evi tikməyə məcbur qalıblar.
Düz 27 ildir ki, Sarabəyim nənə bu evdə qonaq kimi yaşayır, doğma kəndinə gedəcəyi günü gözləyir. O, hər gün xəbər proqramlarını izləyir, ümid edir ki, bir gün mütləq gözlədiyi xəbəri alacaq. Bu xəbər onun doğma kəndinə qayıda biləcəyi xəbəri olacaq. O, özünü yaşadığı yerdə müvəqqəti, hətta məhbus kimi hiss edir. Çünki getmək istədiyi tək məkana, tək evə getmək imkanı yoxdur.
Onun yaşıdları bu pandemiya ərəfəsində risk qrupundadırlar. Kim bilir, bəlkə də, onlar bu virusa yoluxsalar, sağala bilməyəcəklər. 27 ildir bəslədikləri doğma yurda qayıtmaq ümidini özləri ilə məzara aparacaqlar. Kaş belə olmayaydı...
Sarabəyim nənə tək deyil. Onun taleyini bu və ya digər şəkildə yaşayan bir milyondan çox insan var ölkəmizdə. Bu insanları bir tale birləşdirir – Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi...
30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir.
Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu.
Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan öldü…
Biz qaçqın düşdüyümüz ildə ölkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Bəli, dünya elə bu günümüzdə də dəhşətli savaşlar, faciələr, problemlər yaşayır və bizləri üzür.
Harada olmasından asılı olmayaraq, ağrı ağrıdır, faciə faciədir, aclıq aclıqdır, ölüm ölümdür. Bir ölkədə milyonlarla uşağın normal qidalana bilməməsi də faciədir, başqa bir ölkədə cəmi bir uşağın aclıq çəkməsi də! Dünyada 250 milyon uşağın təhsil ala bilməməsi bizi ağrıdır.
Heç olmasa, ölmək üçün doğma evlərinə qayıdacaqları günlərin həsrəti ilə xəstə düşdülər, vətən, yurd nisgili ilə həyatlarını itirdilər. Ölkəmizin hər tərəfini köçkün, qərib məzarlıqlar bürüdü.
Daha bir nəsil köçkün uşaqlar oldu. Uşaqlığı savaş illərinə, köçkünlük günlərinə düşən uşaqlar. Düşərgələrdə, yarıac-yarıtox yaşamağa məcbur olan uşaqlar. Təkcə özləri deyil, məktəbləri, təhsilləri də köçkün düşmüş uşaqlar.
O uşaqlar dondurmanın dadını vaxtında bilmədi, doyunca yeməyin nə olduğunu bilmədi, bəziləri düşərgələrdə ən sadə insani şərtlərdən məhrum böyüdü. Bu nəsil bazarlarda, tikintilərdə, ən ağır işlərdə itib-batdı, onlardan cüzi bir hissəsi təhsil ala bildi, özünü təsdiqləyə, həyatdakı yerini tuta bildi. Çoxunun taleyinə isə ömürlük ağır iş, fiziki zəhmət, çətin bir həyat düşdü.
Qeyri-insani şərtlər altında böyüdüklərindən, doyunca qidalanmadıqlarından, vaxtında tibbi yardım görə bilmədiklərindən, bu nəslin səhhətində ömürlük problemlər yarandı.
Kimliklərinə bir şəhər, bir kənd yazıldı, amma özlərini həmişə ata-babalarının köçməyə məcbur olduğu yerlərə aid hiss etdilər. Buna görə yarımçıq, nisgilli, zədəli böyüyürlər. Özlərini yaşadıqları yerlərə aid hiss etmirlər.
Gördüyünüz kimi, müharibə, köçkünlük nəsillərin həyatını dağıdıb, psixologiyasını pozub, taleyini dəyişib. Bəli, hansısa daha irimiqyaslı müharibələr, daha çoxsaylı köçkünlər, daha ağrılı proseslərlə müqayisə ediləndə, bəlkə də, o qədər də faciəvi görünməz, amma bütün sadaladıqlarımız insan həyatında silinməz ağrılar, zədələr buraxmaq üçün kifayətdir.
Hazırda bu savaşın bir gün sülhlə bitəcəyinə, doğma yurdlarına qayıtmağı ümidlə gözləyən dörd nəsil yaşayır ölkəmizdə. Bu insanların öz torpaqlarına qayıtmaq hüquqları bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna baxmayaraq, onlar illərdir, vətən həsrəti ilə yaşamağa məcburdur.
Biz, Qarabağın məcburi köçkün qadınları, sizi Azərbaycana dəvət edirik. Uşaqlığımızı, gəncliyimizi, evimizi və xatirələrimizi, doğmalarımızın məzarlarını və nəhayət, könül rahatlığımızı qoyub gəldiyimiz doğma torpaqlarımız barədə sizinlə söhbət etmək istəyirik. Bizim faciəmizi, həqiqətləri dünyaya çatdırmağınızı istəyirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !