"Dərinsulu Günəşli" platformasından hasilat 11 günlük dayandırılır

15:19 | 30.08.2016

"Dərinsulu Günəşli" platformasından hasilat 11 günlük dayandırılır

Sentyabr ayında "Dərinsulu Günəşli" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.
 
"Report" xəbər verir ki, bu barədə "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan "BP-Azerbaijan" şirkətindən bildirilib.

Qeyd olunub ki, bu, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq həyata keçiriləcək.

"Plana əsasən, "Dərinsulu Günəşli" platformasından hasilat sentyabrın 1-dən başlayaraq təxminən 11 günlük dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir", - deyə şirkətdən bildirilib.

Bu proqramın hazırlığına 2015-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Qeyd olunub ki, digər platformalardan - "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Çıraq", "Qərbi Çıraq" və "Şahdəniz" paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

"Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyəti üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür", - deyə şirkətdən qeyd olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM