Devalvasiya səni işdən qovdusa... - AÇIQLAMALAR

15:38 | 11.01.2016
Devalvasiya səni işdən qovdusa... - AÇIQLAMALAR

Devalvasiya səni işdən qovdusa... - AÇIQLAMALAR

"Dərin böhran içərisində olduğumuzu etiraf etməli, vəziyyəti düzgün qiymətləndirməliyik. Məhz bundan sonra çıxış yolları tapılacaq” – kəskin devalvasiyadan sonra əsasən özəl və bank sektorunda müşahidə edilən işçilərin ixtisar olunması probleminə münasibət bildirən ekspert Qalib Toğrul ANN.Az-a vəziyyəti şərh edib.
 
 
Qalib Toğrul 

Onun sözlərinə görə, ilkin mərhələdə əsas ixtisarlar özəl müəssisələrdə müşahidə edilir və bu da sahibkarların xərclərinin artması ilə bağlıdır: "Çünki əsas xammal (məhsul) xaricdən gətirilir və xərclər artdığından rəhbərlik çıxış yolu kimi işçilərinin ixtisarına start verir. Bank sektorundakı ixtisarların əsas səbəbi isə ikinci devalvasiyadan sonra kredit borclarının ödənilməməsi ilə bağlıdır. Belə olanda rəhbərlik işçilərinə maaş verə bilmir, ixtisarlar başlanılır”. 
 

Ekspert təklif edir ki, konkret olaraq sektorlar üzrə tədbirlər planı hazırlanmalıdır: "Bəzi səlahiyyətli şəxslərimiz bu vəziyyəti düzgün qiymətləndirmirlər. Mərkəzi Bankı çox günahlandırmaq lazım deyil. Digər sektorlarda araşdırmalar vaxtında aparılmadığından bütün məsuliyyət Mərkəzi Bankın üzərinə düşüb. Bu qurum hazırda səbəblə deyil, nəticə ilə mübarizə aparır”. 

İqtisadçı Oqtay Haqverdiyev ixtisarların sayının artmaması üçün dövlət xərclərinin azaldılmasını təklif edir: "Çünki bu xərclər azalmasa, büdcəyə pis təsir edəcək. Böhran dövründə işçilər arasında fərq olmamalıdır. Çıxış yolu kimi, maaşlar azaldıla bilər, amma ixtisar etmək düzgün deyil”. 
 
 
Oqtay Haqverdiyev 

Ekspert böhranın dərinləşməməsi üçün bəzi nazirliklərin ləğv edilməsini təklif edir: "Azərbaycanda 20-dən çox nazirlik var. Onların sayı azaldılmalıdır. Bizdən təxminən 10 dəfə güclü iqtisadiyyata malik İngiltərədə cəmi 12 nazirlik var. ABŞ-da 17 nazirlik mövcuddur. Bizim iqtisadiyyatımız nə qədər böyükdür ki, bu qədər nazirlik fəaliyyət göstərir?”

Sabiq maliyyə naziri Fikrət Yusifov dünyanın əksər ölkələrində xüsusi fondların iş yerlərini itirmiş vətəndaşlara müavinətlər verdiyini nümunə çəkib: "İşsizliyə görə müavinətlərin verilməsinin daha mütərəqqi üsulları Avropa ölkələrində formalaşıb. Bu müavinətlərin alınması üçün sənədləşmə işləri bir o qədər asan olmasa da, onların həcmi digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Ən yaxşı təcrübə Almaniya və Fransaya məxsusdur. Bu ölkələrdə müavinətlərin verilməsi prinsipləri elə müəyyən edilib ki, daim müavinət alaraq yaşamaq prinsipə çevrilməsin. Yəni insanlar "ələbaxım” olmasınlar. Elə sistem qurulub ki, işsiz şəxs vakant yerlər axtarmağa, məşğulluq xidmətlərinin təklif etdiyi iş variantlarından birini seçməyə, ixtisası dəyişməyə və ya başqa regionda iş ardınca getməyə həvəslidirlər. Məsələn, vaxt kecdikcə, ödənilən müavinətlərin məbləği tədricən azaldılır və bu səbəbdən də işsiz şəxs uzun müddət müavinət almağa maraq göstərmir. İngiltərə təcrübəsində qaydalar daha sərtdir. Bu ölkədə işsiz adam 13 həftədən sonra ona təklif edilən işi qəbul etməyə borcludur”.
 
 
Fikrət Yusifov 

F.Yusifov qeyd edib ki, Avropa ölkələrində işsizlərə müavinətlərin əsas iki mənbəsi var: "Dövlət büdcəsi hesabına, eləcə də işçilərin və işəgötürənlərin ödədiyi işsizlikdən məcburi sığortalanmaya görə üzvülük haqları hesabına. Hər bir ölkədə işsizliyə görə ödənilən müavinətlərin səviyyəsi bir qayda olaraq müvafiq fondların maliyyə imkanlarından asılı olur”. 

İqtisadçı analitiklərin açıqlamalarına görə, 2015-ci ildə ölkədə ümumilikdə 98 faizlik devalvasiya olub. Fevralın 21-də baş verən devalvasiya 33,5 faiz, dekabrın 21-də Mərkəzi Bankın üzən məzənnə rejiminə keçidindən sonra  48 faizə yaxın devalvasiya olub. 

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM