Doktoranturaya qəbulun çətinləşdirilməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

15:14 | 16.10.2015
Doktoranturaya qəbulun çətinləşdirilməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

Doktoranturaya qəbulun çətinləşdirilməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

AMEA-nın mart ayında qəbul etdiyi dəyişiklik doktoranturaya qəbul olunmaq istəyənlərin xarici dil bilgiləri ilə bağlıdır. Bu ildən başlayaraq doktorant olmaq istəyənlər ingilis dili fənni üzrə  imtahanda iştirak etmək üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS proqramları üzrə sertifikatlarını da təqdim etməlidirlər. Bu sertifikat olmadığı halda onlar doktoranturaya qəbul imtahanlarına buraxılmayacaqlar. Dəyişikliyə görə, doktoranturaya qəbul olunmaq istəyənlər  TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

Qaydaların dəyişdirilməsindən sonra aspirantlar TOEFL imtahanından 80 bal toplamağın ağır olduğunu və bu seçimi etməkdənsə, xaricdə təhsillərini davam etməyin daha üstün olduğunu hesab ediblər. Doktoranturaya qəbul qaydalarının dəyişməsinin əsas səbəbi nədir? Bu dəyişikliyi təhsilin səviyyəsinin ağırlaşdırılması kimi qiymətləndirmək olarmı? Bundan sonra doktoranturaya qəbul olanların sayında azalma müşahidə olunacaqmı? Məsələyə münasibət bildirmək üçün millət vəkili Fazil Mustafanın, sosioloq Əhməd Qəşəmoğlunun və AMEA Təhsil şöbəsinin rəisi Ömər Gülalovun fikirlərini öyrəndik. 

ANN.Az-a açıqlama verən deputat Fazil Mustafanın fikrincə, doktoranturaya qəbul olunmaq istəyənlərin bu dəyişikliyi qəbul edib-etməməsi əsas meyar deyil: "Gedişat bunu göstərə bilər ki, bu dəyişikliyin xeyri, yoxsa ziyanı olacaq. Bu barədə indi danışmaq düzgün olmaz. Ola bilsin ki, bu müəyyən dərəcədə çətinliklər yaratsın. Amma bəlkə də ola bilsin, bu dəyişiklik daha keyfiyyətli kadrların hazırlanması baxımından bu yol daha faydalıdır. Daha istedadlıların, bilikli kadrların ortaya çıxmasına zəmin yarada bilər. Sadəcə gözləmək lazımdır ki, bəlkə dəyişiklikdən sonra müsbət nəticələr əldə olunacaq. Bəlkə doğrudan da qaydaların sərtləşdirilməsinə ehtiyac var idi”. 
 
 

Deputat əlavə edib ki, əgər aspirantlar bu çətinliyi gözə ala bilmirlərsə, oxumaq xatirinə oxumamalıdılar: "Əgər xaricə gedib təhsil almağı daha üstün bilirlərsə, o zaman xaricə getsinlər”.    
 
 

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, AMEA qəbul etdiyi bu dəyişiklik tənqidə layiqdir: "Bəlkə elə doğrudan da doktor olmaq istəyən şəxs istedadlı adamdır. Amma hökm deyil ki, TOEFL-dan 80 bal toplasın. İndi biz bu istedadı itirək ki, bu şəxs 80 bal toplaya bilməyib?! Ümumiyyətlə, bu sahədə ciddi islahatlara ehtiyac var. Bu dəyişiklikləri qəbul edənlərdən soruşmaq lazımdir ki, indi kimsə xarici dil bilmirsə, doktor olmamalıdır? Hesab edirəm ki, qaydaların bu dərəcədə sərtləşdirilməsinə ehtiyac yox idi”.

AMEA Təhsil şöbəsinin rəisi Ömər Gülalov ANN.Az- a açıqlamasında bu dəyişikliyə münasibət bildirib. Onun fikrincə, alim təkcə Azərbaycanda deyil, bütün dünyada tanınmalıdır: "Onun yazıları, elmi işləri haqqında xarici ölkələrin medialarında, tanınmış jurnallarında məlumat verilməli, özü isə müəllif kimi çıxış etməldir. Bir sözlə, biz alim sözünü ucuzlaşdırmamalıyıq. Alim hər tərəfli biliyə malik olmalıdır. Bununla bağlı akademiyanın rəhbərliyi qərara alıb ki, kim alim olmaq istəyirsə, TOEFL və IELTS proqramı üzrə imtahan verməlidir”. 
 
 

Şöbə rəisi vurğulayıb ki, bu dəyişiklik heç də alimlərin doktaranturaya qəbul olmasının qarşısını almaq məqsədi güdmür: "Bütün dünya bu praktikadan istifadə edir. Biz də istəyirik ki, öz qəbullarımızı dünya standartlarına cavab verən bir şəkildə həyata keçirək”.

Ö.Gülalov qeyd edib ki, balın (80 bal) bu cür olmasını rəhbərlik özü müəyyən edib: "Əgər şəxs alim olmaq istəyirsə, xarici dil səviyyəsini məktəb və ya ali məktəb səviyyəsi ilə bərabər tutub aşağı bal müəyyən etmək düzgün olmaz. Yüksək ixtisaslı kadrların hazırlanması, yəni alim adını qazanmaq üçün bu bal (80-100 civarında balın toplanması) məqsədə daha çox uyğundur”. 
 
Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM