"Dövlətin mütəxəssis hazırlığı ilə bağlı universitetlər qarşısında kvotası var" - NAZİRLİK RƏSMİSİ

14:51 | 11.11.2015

"Dövlətin mütəxəssis hazırlığı ilə bağlı universitetlər qarşısında kvotası var" - NAZİRLİK RƏSMİSİ

"Universitetlər öz hesablarına tələbələrə təqaüd verə bilməzlər, bu prosesi həyata keçirmək o qədər də asan deyil” – bunu ANN.Az-a açıqlamasında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, çünki Azərbaycan universitetlərində əksər hallarda dövlətin sifarişi ilə mütəxəssislər hazırlanır: "Dövlət də həmin ixtisasları öz sifarişlərinə uyğun olaraq müəyyənləşdirirlər. Məsələn deyirlər ki, bu ixtisasla bağlı filan qədər mütəxəssis lazımdır. Nəticədə həmin gənclərin hansı universitetlərdə oxuması ilə bağlı müəyyən kvotalar ayrılır. Misal üçün, kompüter mühəndisi ixtisası üzrə dövlət sifarişi yerlərinin sayı 100 nəfərdirsə, bunun 50 nəfəri BDU-da oxuyur, 25 nəfəri Qafqaz Universitetində, digər 25 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və s. Yəni dövlət həmin sayda o universitetlərdə öz sifarişlərinə uyğun mütəxəssis hazırlığı həyata keçirir”.

C.Valehov qeyd edib ki, bu ixtisas üzrə dövlət sifarişlərindən əlavə qəbul aparılırsa, kvota ayrılırsa, artıq bu həmin ali məktəblərin özlərinin imkanları hesabına aparılır: "Dövlətin bir kvotası var. Hər ildə bunu hesablayır və həmin qərarı universitetlərə verir”. 

Təhsil Nazirliyininin sektor müdiri daha sonra əlavə edib ki, universitetlərin öz hesabına tələbələrə təqaüd vermə prosesini həyata keçirməsi mümkün deyil: "Sərəncamda da qeyd olunduğu kimi, bu dəyişiklik dövlət sifarişləri hesabına təhsil alan tələbələrə təqaüd verilməsindən gedir”.

Qeyd edək ki, noyabrın 10-da prezident  İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssiəsələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamına dəyişiklik edib. Dəyişikliyə əsasən: 

1.2. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.

1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.

1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etməsi tapşırılıb.

Bu Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM