Dövlətin vergidən azad etdiyi özəl uşaq bağçalarında qiymətlər niyə əl yandırır? - ARAŞDIRMA

13:20 | 26.10.2015
Dövlətin vergidən azad etdiyi özəl uşaq bağçalarında qiymətlər niyə əl yandırır? - ARAŞDIRMA

Dövlətin vergidən azad etdiyi özəl uşaq bağçalarında qiymətlər niyə əl yandırır? - ARAŞDIRMA

Məktəbəqədər təhsil müəssisələrinin uşaq tərbiyəsində rolu əhəmiyyətlidir, amma məsələnin qəliz tərəfi ondadır ki, hər kəs bundan lazımi qədər istifadə edə bilmir. Problem ondadır ki, dövlət uşaq bağçalarında qəbul sayları çox məhduddur və rüşvətxorluq yüksək səviyyədədir. Eyni zamanda özəl müəssisələrdə aylıq xidmət haqqının baha olması hər bir ailənin maddi imkanları çərçivəsində deyil. 

Xatırladaq ki, 2013-cü ilin dekabr ayının 27-də Milli Məclisdə "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunun layihəsi qəbul olunub.

Qanunda göstərilib ki, körpələr evləri - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.
 
 

Dövlət müəssisələrində qəbul saylarının məhdud olması, rüşvətxorluq ayrı bir məqalənin mövzusudur və bu gün bizim toxunduğumuz məsələ özəl uşaq bağçaları ilə bağldır. ANN.Az mövzuya aydınlıq gətirilməsi üçün ölkədə fəaliyyət göstərən bir neçə özəl körpə təhsil müəssisələrinin aylıq bağça xidmətinin qiymət cədvəlini təqdim edir: 

"Myland”uşaq bağçasında 1 uşaq üçün 1 aylıq xidmət haqqı – 350 manat (əgər bir ailədən 2 uşaq bağçaya yazılıbsa, o zaman  50 manat endirim edilir)

"Mickeys House” – 500 manat  (iki uşaq üçün endirim - 10%)

"Baby Plaza” – 650 (iki uşaq üçün endirim - 50 manat)

"Çeburaşka" - 400 manat 

"Baby smile" - 400 manat

"Cırtdan” – 300 manat
 
 

Özəl uşaq bağçalarındakı qiymətlərin bahalığından ANN.Az-a şikayət edən valideyn Elməddin Səfərov hər kəsin buna imkanı çatmadığını deyib: "Bağçalarda qiymət həqiqətən çox yüksəkdir. Normal bir ailə üçün 400-500 manat aylıq uşaq bağçasına ödəmək təbii ki, mümkün deyil. Əgər bir valideyn uşaq bağçasına ay ərzində o qədər pul ödəyirsə, onun aylıq qazancı 1500 manatdan yüksək olmalıdır ki, ailənin digər problemlərini də həll etmək üçün maddi baxımdan gücü yetsin. Amma hesab eləmirəm ki, Azərbaycanda belə ailələr əksəriyyət təşkil edir. Təəssüf ki, imkansız ailələrin sayı çoxdur. Təxminən 2 il bundan əvvəl uşaq bağçaları vergidən azad olunub. Buna baxmayaraq, qiymətlərdə heç bir dəyişiklik edilməyib. Nəyə görə? Bunun izahını kimsə vermir. Özəl müəssisələrdə də qiymətlər əl yandırır. Təsəvvür edirsinizmi ki, elə bağçalar var ki, 800-1000 manata qədər aylıq xidmət haqqı istəyir?”
 
 

Məsələ ilə əlaqədar "Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Nazir Quliyevə müraciət etdik. ANN.Az-a açıqlamasında birlik sədri  qeyd edib ki, uşaq bağçalarında belə vəziyyətin yaranmasının kökündə 2006-ci ildə Azərbaycanda məktəbəqədər uşaq təhsil müəssisələrinin özəlləşdirilməsi prosesinə start verilməsi dayanır: "Həmin zaman paytaxtda 100-dən çox uşaq bağçası özəlləşdirilməyə çıxarıldı. Bu bağçalar şəhərin mərkəzində -  iri tutumlu yerlərdə yerləşirdi. Bu bağçaların çox böyük hissəsi özəlləşdirildi. Amma çox təəssüf ki, onlar təyinatı üzrə işlədilmədi. Baxmayaraq 2006-ci ildə bağçalarla bağlı verilmiş sərəncamda göstərilirdi ki, onlar öz təyinatından kənar sahəyə dəyişdirilə bilməz. Amma bir çox hallarda onu özəlləşdirən şəxslər  özəlləşdirilmə haqqında qanuna istinad etməyə başladılar. Bunun nəticəsində çox sayda bağçalar bağlandı və xeyli uşağın ucuz qiymətə gedə biləcəyi yerlərin sayı məhdudlaşdı. Rəsmi statistikaya görə, uşaq bağçalarına gedən uşaqların sayı 25 faiz təşkil edir. Belə bağçaların bağlanmasıda insanları məcbur etdi ki, özəl uşaq təhsil müəssisələrinə üz tutsunlar”.
 
 

N.Quliyev qeyd edib ki, özəl müəssisə olduğundan qiymətləri də özləri müəyyən edir: "Özəl müəssisələrində biznes sərbəstliyi var. Özləri uyğun qiymətləri müəyyən edə bilirlər. Qiymətlərlə bağlı onları müəyyən standartlara məcburetmə prinsipi yoxdur. Problemi aradan qaldırmaq üçün dövlət uşaq bağçalarının sayı artırılmalıdır. Belə bağçaların sayı çox olarsa, özəl uşaq bağçalarına heç ehtiyac qalmaz. Düzdür, insanların çoxu keyfiyyət baxımından özəl bağçalara üz tuturlar. Bunun səbəbi dövlət uşaq bağçalarında ərzaq təminatı, pedoqji kadr təyinatı, eyni zamanda infrastruktur, uşaqların sayına görə yerlərin az olmasıdır. Amma aztəminatlı ailələr üçün dövlət uşaq bağçalarının sayının çox olması çıxış yollarından biridir”.  

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM