E-kitab - Emrah Serbes: Üst mərtəbədəki terrorist

19:50 | 11.11.2015
E-kitab -  Emrah Serbes: Üst mərtəbədəki terrorist

E-kitab - Emrah Serbes: Üst mərtəbədəki terrorist



Əmrah Serbes müasir türk yazıçısıdır. 1981-ci ildə Yalova şəhərində dünyaya göz açan yazıçı 2006-cı ildə, 25 yaşında yazdığı "Hər təmas bir iz qoyar" kitabıyla məşhurlaşıb. Yazıçı əsasən detektiv janrında yazdığı əsərləriylə tanınır. Onun maraqlı hekayələrindən birini təqdim edirik: 

 
Üst mərtəbədəki terrorist

İyirmi yaşlı qardaşım vətən yolunda şəhid oldu. Siz böyük şəhərlərin işıqlı bulvarlarında keflə gəzəsiniz deyə, o, Çüxurcada minaya düşdü. Onda yeddi yaşım vardı. Dəfn günü mənə göy furajkalı, qəşəng komando paltarı geyindirdilər. Dedilər, ağlasam terroristlər sevinəcək, özümü sıxıb saxladım, ağlamadım. Qardaşımın tabutunu aparan hərbi maşın keçəndə farağat durdum, ay-ulduzlu tabuta əsgər salamı verdim. O an hamı mənə baxdı, elə bil şəhid mən idim. Qucaqlayıb ağlamaq istəyənlər oldu. "Ağlamayın” deyə qışqırdım. Qışqıran kimi bütün kameralar üstümə tuşlandı, axşam bütün kanallarda məni göstərdilər. Qəzetlər səhəri gün "Şəhid qardaşından əsgər salamı” manşeti ilə çıxdılar: "Terroristlərə əsl zərbəni "ağlamayın” deyə bağıran bu uşaq vurdu”.

Göz qırpımında məşhurlaşdım. Amma ərköyünlük eləmədim, gənc olanda nə olar, şöhrət başımı gicəlləndirmədi. Qardaşıma sevgim sonsuz olsa da, illərlə göz yaşlarımı içimə axıtdım, heç kimə bildirmədim. "Məni unutdularmı?” deyə, televiziyanın xəbərlərinə zəng vurdum. "İki-üç-beş il keçib, amma mən hələ ağlamıram” dedim. Orda işləyənlərdən biri "afərin, oğlum, həmişə belə et”, dedi. Uğur Dündar, Ali Kırcanla danışmaq istədim, calaşdırmadılar. Heç biri mənim ağlamamağımı xəbər eləmədi, mətanətimi, beş ildir terrora vurduğum psixoloji zərbələri görməməzliyə vurdular. Satqın, qəhbə uşaqları…

Sonra olan oldu. Qardaşımı öldürən terroristlərdən biri yuxarı mərtəbəyə köçdü, saçı-saqqalı bir-birinə qarışmışdı. Dağda yaşayan heyvandı da…

O pilləkənləri qalxanda qapının deşiyindən baxırdım. Qulağımı qapıya dirəyib ayaq səslərini dinləyirdim. Gecələr açarla su borularına vurub qorxulu səslər çıxardırdım. Axırda dözməyib dükanımıza getdim.

"Öldürək onu, ata”, dedim "qardaşımın qisasını alaq”.

 Atam "Allah qabağına çıxartsın” dedi.

"Çıxartmaz. Sən öldürməyəcəksənsə, mən öldürüm. Türklük şüuru və qüruru bunu tələb edir”.

"Otur, oturduğun yerdə”

"Silahını ver, mən öldürəcəm, on iki yaşım var, çox yatmaram”

"Qulağını çəkərəm sənin”

"Bəs abimin dəfnində deyirdin ki, məni də aparın komandir, mən də vuruşacağam? Məni göstərirdin ki, vətən üçün onu da qurban verərəm. İndi qisas vaxtıdır, ata. Haydı! Qorxa-qorxa nə baxırsan? Yoxsa sən də hər şəhid dəfnində küyə düşən saxta millətçilərdənsən?”

Atam susdu, cavab verə bilmədi. Onunla əlaqələri kəsdim. Anamın yanına getdim. Atamın silahını istədim, vermədi. Ocağa (Milliyyətçi Hərəkat Partiyasının mərkəzi-tərc.) getdim. Sədrlə görüşmək istədim. Xətrimi çox istəyir, məni qapının ağzında qarşıladı. Qardaşım öləndə aldığı komando paltarını hər il təzələyir. Meyvə şirəsi gətizdirdi. Vəziyyəti başa saldım.

"Oldu, Nurəddin”, dedi. Sən narahat olma, uşaqlara deyərəm, məşğul olarlar. Sən deyən kimdirsə, onu burda qalmağa qoymarıq”

Sədr sağ olsun, terroristi döydürdü. Bloka girəndə pəncərədən gördüm, çətinliklə yeriyirdi. Ağzının qanını burnunun qanına qatmışdılar. Bir həftə evdən çıxa bilmədi. Ancaq döyməklə olmaz ki. İki həftə gözlədim, gördüm, başqa heç nə eləmədilər. Terrorist də sağaldı, gəzməyə başladı. Yenə ocağa getdim. "Mənə verdiyiniz sözün yerinə yetirilməsini istəyirəm” dedim. "Əli qanlı terrorist, cocuq qatili şərəfsiz hələ də üst mərtəbədə yaşayır”.

Başqan:

 "Səni anlayıram, amma əlimizdən başqa iş gəlmir”.

"Necə yəni?”

"Tələbə uşaqdır. Bir fəaliyyəti yoxdur”

"Necə yəni? Fəaliyyətə keçməsini gözləməliyik?”

"Keçə bilməz. Heç nə edə bilməz. Gözünü qorxutmuşuq”

"Niyə, axı? Terroristdirsə, başına bir güllə çaxaq. Verin silahı, mən vurum”

"Biz silahları basdırmışıq, Nurəddin. Daha silah yoxdur. Əvvəlki kimi deyil vəziyyət”

"Bəsdirin, hörmətli sədr”, dedim. "Keçən il avtodayanacağa görə güllələdiniz stadion tərəfdə”

Başqanın əsəbdən əl-ayağı əsdi. Şillə vuracaqdı, özünü saxladı.

"Get, Nurəddin, get” dedi. "Məni əsəbiləşdirmə”

"Getmirəm”

"Nurəddin, çıx çölə”

"Çıxmıram, cənab sədr”

İki-üç adam qoluma girdi, qapıya qədər "sən niyə ağzının danışığın bilmirsən?” deyib mənə girişdilər.

"Mən şəhid qardaşıyam, şərəfsizlər” deyə, bağırdım. "Hamınızdan çox millətçiyəm”.

Sədr otağından çıxdı, məni döyənləri bir kənara çəkdi.

"Mən sizə döyün, dedim?” deyə soruşdu.

"Amma, bilirsinizmi…” dedilər, amma sədr hərəsinə bir şillə vurdu, ürəyi soyumadı, birini təpiklədi, o birisinin başına da təsbehin tulladı. Dediyim kimi, sədr məni çox istəyir, sadəcə siyasi konyunktura baxımında əlacsızdır.

İş mənim boynuma düşmüşdü. Terroristi izləməyə başladım. Öz imkanlarımla zərərsizləşdirəcəkdim. Öz evində öldürəcəkdim. Evdə silahı axtardım, amma anam qətiyyətimi gördüyündən silahı çox dərin yerdə gizlətmişdi. Bəlkə də yox eləmişdi. Bütün şkafları alt-üst eləsəm də, tapa bilmədim. Əvəzində anamın bilərziklərini tapdım. Zərgərdə satdım, ovçu mağazasına getdim, tüfəng alacaqdım. Satıcı vermədi, deyir, icazə almalıyam, sənəd doldurmalıyam, on səkkiz yaşım olmalıdır, min dənə şey dedi, elə bil başımdan qaynar su tökdülər, boğazından yapışdım, məni dükandan çölə tulladılar. Dedim onda, gedim bilərzikləri alım, o şərəfsiz də satdığı pula vermədi, bir bilərzik əskik qaytardı, axşam o əsəblə evə qayıdanda yerdən yekə bir daş götürüb terrorçunun pəncərəsinə atdım, şüşə çilik-çilik oldu. Üzbəüz binanın bağçasında gizləndim. Terrorçu pəncərəyə çıxdı, çölə baxdı, baxdı, içəri girdi.

Şüşəyə görə iki-üç gün rahat oldum, amma sonra yenə əsəblərim pozuldu. Onlar  qardaşımı öldürüblər, mən şüşələrin sındırıram ancaq, bu işdə dəhşətli bir ədalətsizlik olduğunu hiss edirdim. Qardaşımın divardakı şəklinə baxmağa utanırdım. Əsgərlikdən yazdığı, yüz dəfələrlə oxuduğum məktubları yenidən oxumağa utanırdım. Başqa bir plana ehtiyac vardı.

Onu bıçaqlamağa qərar verdim. Komando bıçağımı itilədim, amma bu təhlükəli ola bilərdi. Bəlkə o da silahını çəkəcəkdi? Çəkərsə, çəksin, nə olacaq? Bir türkə silah çəkmək zatən intihar deməkdir. Bıçağımı götürüb çıxdım, qapının ağzından dala qayıtdım. Başıma iki qapaz ilişdirdim, neynirdim mən? Bir az ağıllı olmalıydım, məni quş kimi ovlamasına icazə verə bilməzdim. Bir ailədən iki şəhid, sevinclərindən oynayardılar. Strateji plan qurdum. Qonşu kimi gedəcək, qəfil məqam tapıb bərk bir şeyi başına vuracaq, özündən gedəndə də boğazını kəsəcəkdim. Mətbəxdən bir keks götürüb boşqaba qoydum, yuxarı mərtəbəyə çıxıb qapını döydüm, qarnım ağrıyırdı, ürəyim sürətlə döyünürdü, həyəcanım artdı, qaçdım, döyüş psixologiyasıdır da. Qapı açılanda bir mərtəbə aşağıda idim.

"Kim idi?” dedi, bir qız səsi.

Bu qız haradan çıxmışdı?

"Mənəm” dedim.

"Sən kimsən?”

"Aşağı qonşunun oğluyam, anam keks bişirmişdi, dedim, sizə də gətirim”

Pilləkənləri çıxdım, boşqabı götürdü, "təşəkkürlər, çox sağ olun” dedi. Həyatımda gördüyüm ən gözəl qız idi, döşləri də çıxmışdı, daş kimiydi.

"İstəyirsənsə, gəl içəri” dedi. "Biz də filmə baxırdıq”

Biz deyirdisə, deməli, o da terrorçudur, çox heyf. Həyatımda gördüyüm ən yaşıl gözlü qız idi, amma gözlərinin rəngi bir anda silinib getdi. Baxdıqları görəsən nə filmi idi? Nə olacaq, yəqin təşkilatın təbliğat filmidir, öz ağılları ilə mənim də beynimi yuyacaqlar. Yoxsa, niyə evə dəvət edirlər ki?

"Eee” dedim.

"Nə eee?”

"Gəlirsən, gəl, gəlmirsənsə qapını bağlayım. Axşama qədər burda durmayacağıq ki”

İçəri girdim.

Terrorist içəridən soruşdu:

"Kimdir gələn?”

"Aşağıdakı qonşunun oğlu”

Terrorist "salam” deyib əlini uzatdı, pis-pis güldü. "Adım Semihdir”

Gizli adındı, mənə gələ bilməzsən, mən yeddi yaşımdan terrorizmlə mübarizə aparıram, nələr görməmişəm, "mən də Nurəddin” dedim, ovcumdakı əlini buraxmadım, gözlərinin içinə baxdım, "əsl adımdır təbii ki”.

Güldü, özünü şirin satırdı.

"Filmin ən maraqlı yerindəyik, qoy qurtarsın söhbət eləyərik”, dedi. Yerinə qayıtdı, dondurduğu filmi canlandırdı, filmə baxdım, romantik fransız filmi idi, təbliğat filmi deyildi, yəqin mənim gəldiyimi görüb, dəyişdiriblər.

Gözəl qız "nə içirsən” deyə soruşdu.

Stolun üstünə baxdım, pivə içirdilər.

"Pivə” dedim, "narahat olmayın, indiyə qədər min dəfə içmişəm". Qız mətbəxə getdi, gizli adı Semih olan terrorçu rahat adama oxşayırdı, mən pivə istəyəndə mən tərəfə heç baxmadı, guya mənim başımı aldadacaqdı. Pəncərəyə şüşə də saldırmamışdı.

Yalan deyirdim, əvvəllər pivə içməmişdim, sadəcə, onları şübhələndirmirdim. On beş dəqiqəyə film qurtardı. Bu arada qız da Semihlə qucaqlaşmışdı, kefləri yaxşı idi. Terrorçuluq əla iş imiş vallah, bir əlində pivə, bir əlində qız, orda filmin, kef eləyir şərəfsiz. Film bitən kimi terrorçu keksi yedi, doymadı, kabab sifariş elədi, pulların təşkilat verirdi, ona görə belə gen-bol xərcləyirdi. Bizim komandolar dağda ilan yesinlər, bunlar da hər gün kabab, bir əlləri yağda, bir əlləri balda. Planımı yerinə yetirmək üçün qızın getməsini gözləyirdim, amma heç cür getmirdi. Harasa zəng elədilər. Qızın yerinə imza atmaq lazım imiş, bilmədim nə imzasıdır, dərinə də getmədim. İkisini birdən öldürəcəkdim. Qız da zatən "biz” demişdi, yenə də son anda emosional davranıb onu öldürməyə bilərdim, birinci çox gözəl idi, ətrafa yaralı canavar kimi baxırdı, Börteç kimi. (Ergenekon dastanında türkləri azadlığa çıxardan dəmirçi-tərc.) Gözlər ürəyin aynasıdırsa, işim çox çətindir. İkincisinin terrorist olduğuna əmin deyildim, günahsız da ola bilərdi, onlara siyasi görüşləri haqda sual verdim.

Güldülər. Hər halda "terroristik” deməyəcəkdilər ki. Eyni sualı məndən soruşdular, mən gülmədim, buz kimi soyuq baxışlarla "türk millətçisiyəm” dedim, "gizlədəsi bir şeyim yoxdur, türksənsə öyün, deyilsənsə, itaət elə”. Çiyinlərində nəfəsimi hiss etmələrinin vaxtı gəlmişdi, ikisi ilə də bacarardım, amma pivəyə görə başım fırlanırdı, vaxtı deyildi.

"Mən gedim,” dedim.

Semih, "yenə gəl” dedi.

"Əlbəttə, gələcəm” dedim, "Bir gecə qəfildən…”

Yenə güldülər.

Onlara gedib-gəlməyə başladım, amma heç cür cəsarətimi toplaya bilmirdim, Semihin çoxlu dostu var idi, bütün günü onlarda olurdular, maraqlı söhbətlər eləyirdilər. Mənim yanımda terror işləri barədə danışa bilmirdilər, bəzən bir-ikisi mətbəxə çəkilib pıçıldaşır, mən yanlarında gedən kimi susurdular. İkisi əsl terrorist, rəsmi kürd idilər. Bununla da öyünürdülər, insan heç olmasa başqalarına deməz, gizlədər kürd olduğunu. Misal üçün mən kürd olsam, heç kimə demərəm, problemi öz içimdə həll etməyə çalışaram. Amma bunlarda utanıb-arlanmaq yox idi, evdə hamının eşidəcəyi səslə kürdcə danışıb separatizmlə məşğul olurdular. Məni nə qədər təhrik eləsələr də, provokasiyaya uymur, "gəlin, bir bayraq, bir millət, bir ürək ətrafında birləşək” deyirdim , qulaq asmadılar, axırda bezdim, ikisini də qabağıma qoyub "bu gün hindular belə türk olduqlarını qəbul etdikləri halda siz nəyə görə biz başqa millətdənik deyib boş-boş danışırsınız” dedim, güldülər, "unitar dövlətimizi dağıda bilməzsiniz” deyə hayqırdım, "cəsarətiniz çatırsa, bölün ölkəni, elə asan deyil o işlər”.

"Tam faşo (faşist sözünün jarqon versiyası-tərc.) imiş ki bu” dedi kürdlərin biri, o gündən adım Balaca Faşo qaldı, özləri kimi mənə də gizli ad qoymuşdular.

Kürdlərin ana dilində danışıb separatizmlə məşğul olduqları bir gün idi, əsəbimdən partlayırdım. Onlar getdikdən sonra evin içində ağır bir şey axtarırdım, bu dəfə Semihi mütləq öldürəcəkdim, evdə də tək idi, aylardır gözlədiyim fürsət gəlib qabağıma çıxmışdı. Arxa otaqda bir ütü tapdım, Semih "Maliyyə cədvəl analizi” adlı bekar bir dərsin mühazirəsini oxuyurdu, gələn həftə imtahan həftəsi imiş, arxadan səssiz addımlarla yaxınlaşdım, başına vuranda görəcəkdi əsl tablonu, şanlı türkün analizini. Düz vuracağım yerdə arxaya çevrildi, çaqqal. Elə bil arxasında gözü vardı, elə-belə deyil o qədər partizanlıq təlimi görüb.

"Neynirsən o ütü ilə” deyə soruşdu.

"Heç” dedim, ütünü yerə qoydum. Birdən "mənə düzünü de, sən terrorçusan” deyə soruşdum.

Güldü yenə.

"Gülmə, adam kimi mənə cavab ver, iki dəqiqə ciddi ol, sən terrorçusan?”

"Yox, terrorçu deyiləm”

"Amma kürd dostların var”

"Var, nə olsun?”

"Şərəfsiz” dedim.

Ayağa qalxdı, "Nə deyirsən, ay əclaf?”

Yaxasından tutdum.

"Mənim qardaşım sizə görə öldü. Onu siz öldürdünüz”

"Mən heç kimi öldürmədim”

"Qardaşım sənin yaşında öldü, gəlməyinə bir ay qalmışdı, meyitini də bizə göstərmədilər, parça-parça olmuşdu”

"Bilmirdim, Nurəddin. Çox üzüldüm”

Susduq on dəqiqə.

"Sən kimin tərəfindəsən?” deyə soruşdum.

"Mən sülhün tərəfindəyəm”

Başımdan qaynar su tökdülər sanki, "si*dir e, nə süllh?” deyə bağırdım, "qardaşımı öldürənlərlə barışacam? Ondansa özümü öldürərəm”

"Bu savaşın sonu yoxdu”

"Olmasın. Sənə nə? Sən kef eləyirsən. Millət dağda savaşır, sən burda otur. İmtahan həftəsinə qədər dərs də oxumamısan. Qızın var, onu qucaqlayırsan, gündə qırx dəfə öpürsən, qapını açmağa da onu göndərirsən. Gecələr yataqxanadan qaçır, sənin yanında qalır, yoldaşları da onun yerinə qol çəkir. Yataqxana müdirinə də xəbər eləmişəm”.

Yaxamdan yapışdı.

"Sən idin xəbərçilik edən, şərəfsiz, əclaf”

Döşəməsilən taxtanı götürdüm. "Əclaf, səni öldürəcəm. Səni ölü ələ keçirdəcəm”.

Taxtanı əlimdən aldı, çənəmə bir yumruq tutuzdurdu. Tərslikdən o gün bıçağı götürməmişdim, özümə söydüm, çıxıb getdim evimizə, əsəbdən titrəyirdim, anama dedim ki, silahı versin, vermədi, ona stəkan atdım, divarda sındı, yaylığının ucu ilə ağzını tutub ağlamağa başladı, üstünə yeridim.

"Sən dedin mənə. Yuxarı mərtəbəyə avaranın biri köçüb, yüz faiz terroristdir” dedin.

"Nə bilim mən, ay oğul. Saçlı-saqqallı görəndə elə bildim də. Mənə də qonşular demişdi. Tələbə imiş uşaq”

"Tələbə-mələbə, fərqi yoxdur. Onu zərərsizləşdirəcəm. Tez silahı ver”.

"Vermərəm”

"Sən necə şəhid anasısan? Qardaşımın dəfnində də ürəyin getmişdi. Sənə görə terrorçular bayram elədilər. Ayıb olsun sənə”

Anamla da münasibətləri aydınlaşdırdım. Getdim, sahildə oturdum, gün batana qədər. "Çırpınırdı Qara dəniz”i oxudum. Düzdür, dəniz Marmara idi, amma əsas o duyğunu yaşamaq idi, gözlərim doldu,  beş il sonra ilk dəfə ağlayacaqdım, ətrafa baxdım, heç kim yox idi. Amma yumruğumu dişlədim, özümü saxladım, birdən terrorçular peyk kamerası ilə şəklimi çəkərlər, ondan sonra da ”bu idi ağlamır dediyiniz uşaq?” deyib, əks-təbliğat apararlar, "sən ən yaxşısı, ağlama Nurəddin” dedim, "döz”.

Səmihlə küsəndə sonra həyatın ləzzəti qalmadı, günlər saqqız kimi uzanmağa başladı. Nə onun öldürülməsi planları, nə söz davaları, nə də bir soyuq atmosfer. Yalnızlıq bərbad bir şeydir. Deyəsən, lap kürdlər üçün də darıxmışdım. Getdim, qapısını döydüm, soyuq-soyuq sifətini baxdım.

"Ay əclaf, darıxmışam səndən  ötrü” dedi, "Balaca Faşo, gəl içəri”.

Belə barışdıq, mən heç nə demədim, şeytan tükü vardı şərəfsizdə. Pivələrlə, Avropa kinematoqrafiyası ilə, çoxlu dostları, qəşəng sevgilisi ilə məni aldatmışdı. Bu necə ölkədir, söhbət eləməyə bircə dostum var, o da terrorçu.

Bir gün mətbəxdə makaron bişirirdim, ev adamla dolu idi, lazımsız bir ciddilik vardı hamıda, iki saatdır "edək, yoxsa etməyək” müzakirəsi gedirdi.

Semih "bu balaca yerdə nə edə bilərik ki?” dedi, "heç kim gəlməz”.

Makaronu süzə-süzə "edərik” dedim, "narahat olmayın”.

Kürdlər "bu Balaca Faşo qədər də olmadın”, dedilər Semihə, Semih əsəbləşdi, "yaxşı edək, amma deməyin ki, demədi” söylədi.

Edərik demişdim, amma nə edəcəyimi bilmirdim, otağa girib "nə edirik” deyə soruşdum.

"6 noyabr”

"6 noyabr nədir?”

Yenə güldülər, artıq öyrəşmişdim mənə gülmələrinə, mən də güldüm.

6 noyabrda Semihin yanına getdim.

Soruşdum ki, "nə edəcəyik, Semih?”

"Aksiyadı, sən evdə qal”

"Yox, mən də gələcəm”

"Otur”

"Nə aksiyasıdır?

"Terroristlərin aksiyasıdı”

"Uşaq başı aldadırsan, onlar tələbədir. Tələbə hara, terrorçu hara?”

"Əvvəl elə demirdin”

"Ola bilər”

"Sən millətçi deyilsən?”

"Heç şübhəniz olmasın. İliyimə qədər türkəm və şanlı millətimin millətçisiyəm”

"Gəlmə onda”

"Türklük şüuru və qüruru bunu tələb edir. Gələcəm”

"Niyə?”

"Gələcəm, qardaşım. Mənim dostlarımdı, hamını tanıyıram. Üstəlik, sizin uşaqları qabağa verməkdən xoşunuz gəlir”.

Getdik. Şəhərimizdə ilk YÖK (Yüksek Öğretim Kurulu-universitetləri idarə edən dövlət qurumu-tərc.) əleyhinə aksiya idi. Aksiya 26 tələbə, iki kürd, bir türk millətçisi, altmış çevik polis, 20 mühafizəçi və hər an prosesə müdaxilə etməyə hazır olan dükançıların iştirakı ilə baş tutdu. Polis qrupu mühasirəyə alıb gözyaşardıcı qaz atmağa başlayınca hamının gözləri doldu.

Qabağa çıxdım, "gözyaşardıcı qaza ehtiyac yoxdur, yoldaşlar kifayət qədər hissiyatlı insanlardır” dedim.

Bir polis dəyənəyi qaldırdı, özü də mənim üstümə. Çox əsəbiləşdim, "o dəyənəyi götürüb, sənin bir yerinə soxaram” deyə bağırdım, "mən şəhid qardaşıyam, sən kimsən mənə dəyənək qaldırırsan?” dedim. Polis özünü itirdi, dəyənəyi ilə bir yerdə donub qaldı. Arxadan üç polis gəldi, məni danışmağa qoymadan vurmağa başladılar, hansı birinə dərdini deyəsən, Semih qolumdan çəkib məni qorudu, zərbələrin də çoxu ona dəydi. Polis olan əmioğlum mənə tanıyıb soruşdu ki, burda nə edirəm?

"Heç, gəlmişəm görüm uşaqlar neynir? Atama deməsən sevinərəm”.

Tələbələrin hamısı tutdular, məni bircə buraxdılar.

Axşam atam evə girər-girməz mənə iki şillə vurdu. Beş ildən sonra ilk dəfə mənə əl qaldırırdı. Əmimin oğlu xəbərləyibmiş. Atam qardaşımın divardakı şəklinə baxıb ağlamağa başladı, "bundan sonra onlara getsən, sənə haqqımı halal eləmərəm” dedi, "bizi düşünmürsənsə onu düşün”.

Yenə tək qaldım, on beş gün dözə bildim, sonra atam dükanda olanda yenə yuxarı mərtəbəyə çıxdım. Semih əşyaların yığırdı, "nolub?” dedim, altı ay universitetdən uzaqlaşma cəzası alıb, kirayə pulu verməmək üçün evlərinə qayıdırmış, gələn il yenə gələcəkmiş.

 Bunlar niyə ortalıqdadı? Aparmırsan?

"Ağırdı, apara bilmirəm Dostlarıma paylayacam hamısını, sən də bax, nə istəyirsənsə götür, istəyirsən filmləri sənə verim”

"Yox, hamısına baxmışam onsuz da”

"Bir yeşiyin içində ütünü gördüm, bu ütünü mənə versənə” dedim.

"Neyləyəcəksən ütünü?”

"Heç” dedim.

Gözlərim dolmuşdu, özümü saxlaya bilmədim.

"Qayıdanda zəng elə dedim, tanış dəllallar var, kömək edərik.

Mənə uzun-uzun baxdı, çiynimə vurdu.

"Nə oldu, Nurəddin? Sən duyğusal deyildin, axı”

"Deyildim, amma bu vəziyyət kefimi pozdu. Sən gedəndən sonra çox darıxacağam. Yalquzaq kimi qalacam ortalıqda. Günlər üzümə tüpürəcək”

Özümü saxlaya bilmirdim. Məni bərk-bərk qucaqladı, "ağla o zaman” dedi, özünə gələrsən

"Bəs mən ağlasam, Semih, sənə bunları edənlər sevinməzmi?”

"Rədd elə, qardaşım” dedi, "çox elə veclərinədir?” 

Tərcümə etdi: Qan Turalı 

Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM