İlqar Əkbərov: “Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm”MÜSAHİBƏ

17:44 | 10.11.2015
İlqar Əkbərov: “Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm” – MÜSAHİBƏ

İlqar Əkbərov: “Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm”MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam İlqar Əkbərovla müsahibəni təqdim edir. 

"Rəssamların şəkilləri sevimli Bakımızın tarixini mühafizə edir”

- İlqar müəllim, sizin əsas peşəniz nədir? 

- Əvvəlcə mən hüquqşünas olmaq istəyirdim, ancaq hərbi xidməti başa vurandan sonra rəssam olmaq qərarına gəldim. Özümü tanıyandan bəri şəkil çəkirəm, 5 yaşım olanda pionerlər evinə gedirdim. Vaxt keçdikcə sərgilənməyə başladım, ancaq rəssamlıq hələ mənimçün hobbi idi. 

Başqa bir amil öz rolunu oynadı. Ailəmizdə 4 qardaş, 5 bacı var. Anamızı erkən yaşda itirdik, ona görə də tərbiyəmizlə böyüklər məşğul olmalı oldu. Bacım bizə rəngli karandaşlar alırdı, bizsə bu karandaşlarla saatlarla rəsm çəkirdik. Bundan başqa, böyük qardaşım Razim Əkbərov mənim ilk pedaqoqum oldu. Peşə baxımından mühəndis olsa da, Rəssamlıq İttifaqının üzvüdür. O həvəskar rəssam kimi tez-tez sərgilənir və rəssamlarla dostluq edirdi. Lap erkən yaşlardan Səttar Bəhlulzadə, Mikayıl Abdullayev və başqa əfsanəvi azərbaycanlı rəssamlarla ünsiyyətdə olduğum üçün özümü xoşbəxt sanıram. Bütün bunlar mənim Pedaqoji universitetin bədii qrafika fakültəsinə daxil olmağımla nəticələndi. 
 


- Tələbəlik illəriniz necə keçdi. 

- Çox yaxşı, maraqlı, ən əsası məhsuldar. Artıq tələbə olarkən mənim rəsmlərim sərgilənirdi. Həmin illərdə mən elmlə də məşğul olurdum. Ancaq elmin dalınca getməmək qərarına gəldim, mənimçün yaradıcılıq daha maraqlıydı. 
 


- Eşitdiyimə görə, sizin teatr təcrübəniz də olub...

-  2000-2002-ci illər mən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rəssamı idim, həmçinin Azərbaycan Dövlət Dram Teatrında quruluşçu hissəyə başçılıq edirdim. Teatrlarda müxtəlif rejissorlarla işləyə-işləyə mən təxminən 20 tamaşanın müəllifi oldum. Müəyyən müddət kamera teatrında da işləmişəm.

- Hansı ölkələrdə sərgilənmisiz? 

- Mən çox sayda respublika səviyyəsində festivallarda, simpoziumlarda və sərgilərdə iştirak etmişəm. 1982-ci illərdən etibarən mənim Bakı, Moskva, Odessa, Daşkənd, Aşqabad, Pekin, Praqa, Paris, Brüssel, İstanbul, İsmir, Ankara kimi şəhərlərdə fərdi sərgilərim keçirilib.  
 


- Sizin üslunuz nəylə seçilir? 

- Müxtəlif üslublarda çəkdiyim çoxlu işlərim var. Məsələn, həm avanqard üslubda, həm də realizm janrında çəkə bilərəm. Düzdür, realizm üçün emalatxana lazımdır, o da məndə yoxdur. Avanqar üslubdakı şəkillərimi evdə çəkirəm. Ancaq mən bir yerdə oturub qalmağı və emalatxanın nə vaxt hazır olacağını gözləməyi sevmirəm. Maşınla rayonlara səfərlər edirəm. Maşınımda hər zaman kətan və rənglər olur. Xoşum gələn peyzaj olanda maşını saxlayıb oradaca peyzajı kətana köçürə bilərəm. Peyzajın gözəlliyini ilk baxışdan görüb dəyərləndirmək vacibdi. Belə şəkilləri realizm janrında çəkirəm. Ancaq bir "xeyr” var. Mən kistlə deyil, mastixlə, bəzən hətta iynəylə işləyirəm. 
 


- Eksperiment aparmağı sevirsiz? 

- Əlbəttə! Yaradıcılıqda hər zaman yenilik etmək lazımdır ki, özünün imzanı tapa biləsən. Məsələn, elə müasirlərim var, mən onların şəkillərini üslubdan deyil, rəngin iyindən tanıyıram. Bu, təcrübəylə gəlir. Ancaq bu gün bizim müasir, istedadlı və ambisiyalı gəncliyimiz əsasları bilmədən avanqard üslubda çəkirlər. Hamını bura aid edə biımərən, amma əksəriyyət belədir. Yaxşı baza olmadan qabağa getmək çox çətindir. Məsələn, Pikasso əvvəlcə realist idi. Yaradıcı axtarışa çıxandan sonra isə kubizmin əsasını qoydu. Onun şəkillərinə baxanda başa düşürsən ki, o, avanqard üsluba realizmdən gəlib. Buna görə də ekperimenti də baza əsasında aparmaq lazımdır. 
 


- Sizin bir şəkli bir gündə çəkdiyinizi eşitmişəm? Bu, həqiqətdir? 

- Əlbəttə! Hətta bir də yox, iki, üç dənə. Əgər mənə ilham gəlibsə, yorulmadan çəkirəm. 

- Siz peyzajlarınızda Azərbaycan regionlarına tez-tez müraciət edirsiz? 

- Mən doğulub boya-başa çatdığım Bakını hədsiz çox sevirəm. Dəfələrlə xaricə ölkəyə köçüb yaşamaq barədə təkliflər almışam, amma heç vaxt bunu etməmişəm. Bakı hər zaman mənimçün müqəddəs şəhər olaraq qalacaq. Buna görə də Abşeronun qızıl qumlu sahilləri və Xəzərin mənzərəli bölgələri mənim yaradıcılığımda xüsusi yer tutur. Əvvəl dediyim kimi mənim şəxsi emalatxanam yoxdur, mən "təkərli rəssamam” (gülür). Bəlkə də belə olması daha yaxşıdır, yerimdə oturmuram, bölgələri gəzirəm. Ona görə də mənim bütün peyzajlarım naturadan çəkilib. 
 


- Sizcə diplomsuz rəssam olmaq mümkündürmü? 

- Mümkündür! Leonardo da Vinçinin diplomumu vardı? Tisianın, Pikassonun da yoxuydu. Məncə, cavab aydındır (gülür). Bir çox valideynlər övladlarını şagird götürüm deyə, mənə müraciət edirlər, istəyirlər onları öyrədim, onlar da rəssam olsunlar. Belə hallarda mən valideynlərə deyirəm: "Bir neçə dərsi mən pulsuz keçəcəm”. Bu, uşağın nəyə qadir olduğunu bilmək üçün vacibdir. Əgər bir insanın istedadı və rəsm çəkməyə həvəsi yoxdursa, zəhmət çəkməyin heç bir mənası yoxdur. Bu situasiyada insandan çox şey asılıdır. 

- Dünyaca məşhur hansı rəssamları daha çox bəyənirsiz?
 
- Fransız rəssamı və heykəltaraşı Anri Matissin yaradıcılığını çox bəyənirəm. Bəzi tanışlarım deyir ki, biz rəng seçimi və digər məsələlərdə bir-birimizə çox bənzəyirik. Romantizm epoxasının ən uğurlu və məhsuldar rəssamlarından biri olan fransız Jan Batist Kamilya Koronun yaradıcılığını da çox bəyənirəm. Azərbaycanlı rəssamlara gəldikdə isə, onları mən Azərbaycan incəsənətinin böyük ustadları və zirvəsi hesab edirəm. Məsələn, Səttar Bəhlulzadəni, Mikayıl Abdullayevi. Təəssüf, Bəhruz Kəngərlini görmək mənə qismət olmadı. O dahiyanə əsərlərin müəllifidir, onun əsərlərini illər uzunu öyrənmək olar. Bəhruz Kəngərlinin Azərbaycanın ilk təhsilli rəssamı hesab etmək olar. 
 


- Paytaxt Bakımız gün keçdikcə dəyişir. Yeni ultramüasir binalar tikilir, köhnə xarabalar təmir edilir, memarlıq abidələri restavrasiya edilir. Necə hesab edirsiz, bu gün şəhər peyzajı aktualdırmı? 

- Fikrimcə, bu mövzu hər zaman aktualdır. Bakı daim dəyişir. Məsələn, on il əvvəlkiylə müqayisədə fərq olduqca böyükdür. Bir neçə il burada olmayan adam fərqi görüb heyrətlənməyə bilmir. Ona görə də rəssamların şəhər peyzajını çəkməsi mütləqdir, axı hər şey dəyişir, bəzi tikililər birdəfəlik yoxa çıxır. Şəkillər isə şəhərin tarixini mühafizə edir və gələcək nəsillər üçün saxlayır. Məncə, hər bir rəssamın yaradıcılığında şəhər peysajı mövzusu mütləq olmalıdır. 

- Bəs sizin yaradıcılığınızda bu mövzu nə qədər yer tutur? 

- Mənim "Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə "Art Villa” qalareyasında fərdi sərgim keçirilmişdi. Sərgiyə gələn Mədəniyyət və Turizm naririnin köməkçisi Ədalət Vəliyev Bakı peyzajı mövzusunda çəkilmiş şəkillərimə baxıb soruşdu: "İşlər çox gözəldir, harda çəkilib”. Mən də dedim ki, bu, mənim dünyam, təssəvürüm, fantaziyamdır. Bu eklektikadır – daha doğrusu şəhərin müxtəlif bölgələrində olan binaların bir şəkildə birləşməsidir. Məsələn, ləzgi məscidi, Qız Qalası, Şirvanşahlar Sarayı, Atəgah, İçəri şəhər və s. Beləliklə, kəntanda realda mövcud olmayan maraqlı süjet yaranır. Tamaşaçı şəkilə baxarkən qarşısındakının hara olduğunu tutmağa çalışır (gülür). 
 


- İlqar müəllim, rəssamlıqdan başqa, siz həm də fotoqrafiya ilə də məşğul olursuz. Bu sizin hobbinizdir? 

- Foto çəkməyi sevirəm, daha doğrusu sərgiyə hesablanmayan şəkilləri sevirəm, buna "qəfil çəkiliş" deyirlər. Məsələn, mən özüm fotoqrafa poza verməyi sevmirəm, şəklim spontan çəkiləndə daha çox xoşuma gəlir. Yaxşı kadrın alınması üçün saatlarla gözləyə bilərəm. Gürcüstan-Azərbaycan Assosiasiyasının prezidenti Tamar Lampadze ilə şərik foto layihəmiz baş tutmuşdu, o Bakıda, mənsə Tbilisidə şəkillər çəkirdim. 

- Sizin üçün rəsm nə deməkdir, şəkilləriniz vasitəsiylə tamaşaçıya çatdırmaq istədiyiniz nədir? 

- Rəsm mənimçün ayrıca bir dünyadır. Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm. Hər bir işi görərkən ona ürəyimi qoyuram. Kətan arxasında keçirdiyin müddət ərzində tərləyirsən, həyəcanlanırsan, dərd çəkirsən, narahat olursan, sevinirsən, prosesdən ləzzət alırsan. Tamaşaçıya özümün daxili aləmimi, enerjimi, gözəlliyimi göstərmək istəyirəm. 

Mənim bütün şəkillərimdə fəlsəfi məna var. Əgər şəkilə uzun müddət baxsan, orada nə demək istədiyimi tuta bilərsən. Məsələn, Bakı incəsənət mərkəzi "Yeni Gallery”də sonuncu sərgimdə "Dəniz qasırğası” adlı şəklim sərgilənirdi. Xəzər dənizində nadir hallarda qasırğa baş verir, ancaq bu, mənim daxilimdəki qasırğa idi. Mənim şəkilərimdə həyatın başladığını göstərən, sivilizasiyanın nişanəsi olan piramidaları, sərdabələri, mumiyaları olan Misirlə qarışdırılmış Abşeronu görmək mümkündür. Bu abidələr çoxlu sirrlər daşıyırlar. Və qeyd edim ki, biz rəssamlar rəsmlərimizi varlanmaq üçün yox, yaradıcılığımızı davam etdirmək üçün satırıq. 
 


- Gələcək barədə planlarınızı bizimlə bölüşərsinizmi? 

- İzmirdə keçiriləcək beynəlxalq biennala və Fransadakı sərgiyə dəvət almışam. Noyabrda Bakıda yaşayıb yaradan hindistanlı əlil və istedadlı rəssamın sərgisində kurator olacam. Xarici rəssamların Bakıya dəvət etmək, onların bölgələrimizdə gəzdirmək, plenerlər, sərgilər təşkil etmək istəyirəm, ancaq bununçün vəsait lazımdır. Çoxlu planların və layihələrim var...
 
- İlqar müəllim, maraqlı söhbətə görə sizə təşəkkür edirik. Sizə yaradıcı uğurlar və planlarınızın həyata keçməsini arzulayırıq. 

- Təşəkkürlər!
 






























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb