E-kitab: Somerset Moem – Şair

00:18 | 09.02.2016
E-kitab: Somerset Moem – Şair

E-kitab: Somerset Moem – Şair

 
 
Məşhur adamlar məni, demək olar ki, maraqlandırmır. Tanınmış adamların heç olmasa əlini sıxmaqdan ötrü əldən-ayaqdan gedənlərdən həmişə acığım gəlib. Mənə hansısa ali rütbəsi və ya böyük xidmətləri olan bir adamla tanışlıq təklif olunanda, çalışıram ki, tutarlı bir bəhanə tapıb bu şərəfdən özümü məhrum edim. Ona görə də dostum Dyeqo Torre məni Santa Anye ilə tanış etmək istəyəndə, boyun qaçırdım. Amma bu dəfə imtinamın səbəbini səmimi şəkildə izah elədim: Santa Anye nəinki böyük şairdir, üstəlik, romantizmin son nümayəndəsidir. Təbii ki, macəraları ilə dövrünün (ən azından İspaniyada) əfsanəsi sayılan bir şəxsiyyəti onun ömrünün qürub çağında görmək maraqlı olardı. Ancaq bildiyimə görə, o, çox qocalıb əldən düşmüşdü, həm də xəstə idi. Güman ki, yad adamın, özü də bir əcnəbinin ziyarəti onu yorardı. Kalisto de Santa Anye həqiqətən də görkəmli şair idi, Böyük Məktəbin son təmsilçisi sayılırdı. Həmin dönəmdə bayronizm artıq dəbdən düşməsinə baxmayaraq, o, elə ömrünü məhz Bayron kimi yaşayırdı: eşq macəralarını, qaynar həyatını ona başgicəlləndirici şöhrət gətirən şeirlərində təsvir edirdi. O, vaxtilə heç bir müasirinin qazana bilmədiyi mövqeyə yüksəlmişdi. Yaradıcılığı haqqında mülahizə yürütmək istəmirəm, təkcə onu deyə bilərəm ki, şeirlərini ilk dəfə 23 yaşımda oxuyanda vəcdə gəlmişdim: məhz o yaşda olan gənc oğlanın ağlını ala biləcək ehtiras, ötkəmlik, cəsarət dolu, özündə həyat eşqi, rəngarənglik əks edirən şeirlər idi. Elə o vaxtdan qəlbimi çulğayan bu sətirlər, mənim aləmimdə, öz ahəngdar ritmləri ilə, gəncliyimin cazibədar xatirələrinin bir hissəsidir. Ona görə də hər dəfə bu sətirləri yenidən oxuyanda yenidən həmin illərə qayıdır, qəlbim quş təki çırpınmağa başlayır. Məncə, ispandilli ölkələrdə Kalisto de Santa Anyeyə belə böyük hörmət bəsləməkdə düz edirlər. Çünki bu dövrlər ərzində gənclər onun dillərdən düşməyən şeirləri ilə cuşa gəlmiş, məhz onunla poeziyaya bu qədər yaxın olmuşdular. Dostlarım yorulmadan onun ipə-sapa yatmaz xasiyyətindən, alovlu nitqlərindən (o, həm də ictimai xadim idi), kəskin hazırcavablığından, dikbaşlığından və sevgi macəralarından danışardılar.  O, üsyankar, cəsarətli idi, hətta qanunlara belə meydan oxuyardı. Amma hər şeydən öncə vazkeçilməz aşiq idi. Hamı onun hansısa tanınmış aktrisanı və ya məşhur müğənnini ehtiraslı məhəbbətlə sevdiyini bilirdi. Axı onun çılğın məhəbbətini, iztirablarını, hiddətini təsvir etdiyi o atəşin sonetləri dillərdə əzbər idi! Onu da yaxşı bilirdik ki, Burbinlər sülaləsinin vəliəhdliyinə namizəd olan gözəl ispan şahzadəsi vaxtilə onun sevgi dolu yalvarışlarına məğlub olmuş, qəlbini bu çılğın şairə vermişdi. Təəssüf ki, hərdəmxəyal şair qəlbi bu sevginin daşını atanda bədbəxt qadın başını qırxdırıb monastıra sığınmışdı. Axı kralları, ta şanlı əcdadlarından bu yana, məşuqələr təngə gətirəndə aqibət həmişə belə olurdu: qadınlar monastıra üz tuturdular, çünki kralın sevgilisi sonradan başqasının ola bilməzdi. Məgər Kalisto se Santa Anye hansısa kraldan əksik idi?! Niyə onun da məşuqəsi toxunulmaz olmamalıydı?! Biz oxucular da həmin şahzadə qadının bu romantik hərəkətini alqışlayır, şəninə təriflər yağdırırdıq. Axı bu addım bizim sevimli şairimizə şərəf gətirir, onun ləyaqətini ucaldır!..

Amma bütün bunların hamısı çoxdan baş vermişdi. Don Kalisto artıq ona heç bir yenilik, çılğınlıq təklif etməyən dünyaya nifrət hissi ilə öz qınına çəkilmişdi: çoxdandı ki, doğma şəhəri Esixdə tərki-dünya yaşayırdı. Seviliya şəhərinə iki həftəlik məzuniyyətim çərçivəsində Esixə də getməyə hazırlaşırdım. Heç də şairə görə yox, sadəcə olaraq, unudulmaz xatirələrlə bağlandığım bu gözəl Əndəlüs şəhərinə baş çəkmək istəyirdim. Dostum Dyeqo Torre planımdan xəbər tutub, şairlə də görüşməyi təklif etdi. Görünür, don Kalisto az tanınmış yeni nəsil yazıçıların hərdən onu ziyarət etməsinə icazə verirdi və onlarla söhbətlərdə yaradıcılığının çiçəklənmə dövründə oxucularını öz bəlağətli nitqi ilə coşdurduğu kimi bəzən həminki coşqunluğu göstərirdi.

– İndi o nə vəziyyətdədir? – soruşdum.

– Əla, necə lazımdır…

– Səndə onun təzə şəkilləri var?

– Olsaydı, nə vardı ki! Düz 35 ildir, heç kəsə onun şəklini çəkməyə icazə vermir. İstəyir ki, yeni nəsil onu elə gəncliyindəki kimi tanısın.

Etiraf edim ki, onun şöhrətpərəstlik əzmi məni mütəəssir etdi. Bilirdim ki, Santa Anye gəncliyində çox yaraşıqlı olub. İndi isə hər kəsin heyranlıq duyduğu, həsəd apardığı bu yaraşıq, qum dənələri kimi əlindən süzülüb getmişdi. Yəqin, şair görəndə ki, gənclik ötüb, əvvəlki görkəmindən əsər-əlamət qalmayıb, sadəcə, acı təbəssümlə, qüssəylə keçmişə sığınır.

Şairə olan rəğbətimə baxmayaraq, görüşdən imtina etdim; düşündüm ki, mənə yaxşı tanış olan o odlu-alovlu şeirləri yenidən oxumaqla kifayətlənmək daha münasibdi. Həm də Esixin sakit, günəşli küçələrində gəzib-dolaşmağı üstün tutdum. Ancaq gəldiyim günün axşamı bu dahi insanın öz xətti ilə yazılmış dəvətnaməni alanda çox həyəcanlandım. Santa Anye yazırdı ki, Dyeqo Torrenin məktubundan mənim gəlişim barədə xəbər tutub və sabah saat 11-də onu ziyarət etməyimdən məmnun olardı. Başqa yol yox idi – təyin olunan vaxtda onu görməyə getməliydim. 

Qaldığım mehmanxana şəhərin baş meydanında yerləşirdi. Gözəl bir bahar səhərində, kefikök halda küçəyə çıxdım. Sağa-sola dönmədən, düz yolla şəhər boyu gedirdim. Şəhər də nə şəhər! Elə bil sakinləri çoxdan buranı tərk etmişdilər. Dar, kənarları ağ rənglə boyanmış küçələr bomboş idi. Bir qədər gedəndən sonra, nəhayət, qapqara geyinmiş bir qadına rast gəldim, yəqin ibadətdən qayıdırdı. Esix – kilsələr şəhəridir, burda hansı küçəyə getsən, bir kilsə görəcəksən. Hər tərəfdə, zaman keçdikcə divarları solub bozarmış, çürüyən taxtapuşlarında leyləklərin yuva qurmuş kilsələr, qüllələr gözə girir.

Yanımdan ötən uzunqulaq karvanına baxmaq üçün dayandım. Amma solğun-qırmızı çullu ulaqların bellərindən aşılırmış kisələrdə, torbalarda nələr daşındığını anlaya bilmədim. Halbuki bir vaxtlar Esix şəhəri belə kasıb görkəmdə deyildi, burada Yeni Dünyanın zənginləri yaşayardı, ağ suvaqlı evlərin darvazalarından nüfuzlu ailələrin sülalə gerbləri asılardı. Şimali və Cənubi Amerikada var-dövlət toplamış ispan tacirlər, hər tip avantüristlər bu şəhərə can atardılar. Elə don Kalisto da indiyədək belə evlərin birində yaşayırdı.

Şəbəkəli darvazanın zəngini vuranda, qürurla düşündüm ki, dahi şair məhz adına yaraşan belə bir evdə yaşamalıdır. Ağır qapılarda nəsə qədimliyə xas əzəmət vardı və o, məşhur şair haqqındakı təsəvvürümlə həmahənglik yaradırdı. Qapı zənginin evdə əks-səda verdiyini eşitdim, amma cavab çıxmadı. Ona görə də bir neçə dəfə zəngi təkrar vurmalı oldum. Nəhayət, darvazaya, gözlükdən görə bildiyim qədər, üz-gözünü qıl basmış bir qarı yaxınlaşdı.

– Nə lazımdı? – deyə soruşdu.

Onun qara gözləri hələ də cazibəsini itirməmişdi, amma sallaq, qıllı sifəti tutqun idi. Düşündüm ki, yəqin bu qarı şairin qulluğunda dayanır. Mən ona öz vizit kartımı uzadıb:

– Ev sahibi məni gözləyir, – dedim. 

Qarı dəmin darvazanı açıb məni içəri buraxdı. Gözləməyimi xahiş edib pilləkənlə evə qalxdı. Qızmar günəşin yandırıcı istisindən sonra həyətdəki kölgəlik, sərinlik adamı xoşhallandırırdı. Həyət, ümumiyyətlə, onun yerləşdiyi küçə zadəganlıqdan xəbər verirdi, düşünmək olardı ki, buranı konkistadorların (Yeni Dünyanı – Amerikanı zəbt edənlər – tərc.) davamçıları salıb. Amma boyaları solmuşdu, daş plitələr çatlamış, bəzi yerlərdə suvaqlar ovulub tökülmüşdü. Keçmişi zəngin şəhərin hər yerində indi yoxsulluq duyulurdu. Bilirdim ki, don Kalisto da maddi imkansızlıq çəkir. Vaxt var idi, pul başından yağırdı, ancaq o bu göydəndüşmə pulların qədrini bilmir, sağa-sola xərcləyirdi. İndi isə açıq-aşkar ehtiyac içində yaşayırdı, amma bunu göstərməyi şəninə sığışdırmırdı.

Həyətin ortasında masa qoyulmuşdu, ətrafında yellənən həsir kreslolar vardı. Stolun üstündəki, iki həftə öncənin qəzetlərini xəfif külək tərpədirdi. Görəsən, qoca şair ilıq yay axşamlarında burada oturub, arabir siqaretindən qullab alaraq, hansı xəyallara qapılır?.. Tağlı keçidin altında asılmış kobud ispan rəsmləri tədricən tündləşmişdi. Kənarlarda üstünü toz basmış qədimi, bəzi yerləri zədələnmiş siyirməli dolablar qoyulmuşdu. Qapının kənarında isə bir cüt köhnə tapança asılmışdı və mən dərhal bu silahların vaxtilə don Kalistoya onun çoxsaylı məşhur duellərində necə xidmət etdiyini – gözəl rəqqasə Pepa Montanyesdən (indi o gözəl qız yəqin ki, dişsiz qarıya çevrilib) ötrü hersoq Dos Ermanosu necə öldürdüyünü məmnunluqla gözümün önündə canlandırdım.  

Ətrafdakı hər şey mənim dumanlı şəkildə səhnələşdirdiyim bir obraz idi və məşhur şair-romantikə elə yaraşırdı ki! Bu evin ruhu tamamilə təxəyyülümü zəbt eləmişdi… İndiki yoxsul görkəmi də onun bir vaxtlar malik olduğu zadəgansayağı cah-cəlalını mükəmməl əks etdirirdi. Bu evdə konkistadorların ölməz ruhu duyulurdu və bu cür şəxsiyyətə məhz belə bir məkanda – yarıucuq zadəgan evində ömrünü başa vurmaq yaraşırdı. 

Bu görüşə çox həvəssiz gəlmişdim, hətta son dərəcə yorucu olacağını təsəvvür edib darıxırdım da, amma tədricən məni həyəcan bürüyürdü. Bir siqaret yandırdım. Mən düz vaxtında gəlmişdim, ona görə də şairin belə  ləngiməyindən çaşıb qalmışdım. Sükut qəribə bir narahatlıq doğurmağa başlamışdı. Bu sakit həyətdə keçmişin kölgələri dolaşırdı, bir daha geri dönməyəcək ötən əsr burada yenidən mənim üçün hansısa xəyali həyata çevrilirdi. O dövrün insanları indikilərdən qarşısıalınmaz ehtirası, ramolunmaz cəsarəti ilə seçilirdi. İndi bizim zəmanəmizdə bu cəhətlərdən heç əsər-əlamət də qalmayıb. Biz bu dövrdə elə ağlasızmaz hərəkətlərə yol verə bilmərik, etsək də, cəzası ağır olar. Odur ki, elə dəlisovluqları indi biz ancaq teatrlarda görə bilərik.

Addım səsləri eşitdim, ürəyim bərk-bərk döyünməyə başladı. Çox həyəcanlanmışdım. Nəhayət onun pilləkənlərdən necə endiyini görəndə, az qala, ürəyim yerindən çıxacaqdı. Əlində mənim vizit kartımı tutmuşdu. Ucaboy, amma çox arıq idi. Dərisi köhnə fil sümüyü kimi azacıq saralmışdı. Gur saçları ağarmış, qalın qaşlarına isə çal düşməmişdi və bu, onun qığılcım saçan gözlərinə əlavə cazibədarlıq verirdi. Heyrətamizdi, bu yaşında belə, gözləri öz parlaqlığını itirməmişdi. Qartal burnu, kip sıxılmış dodaqları üzünün ifadəsini daha da sərtləşdirirdi. Yaxınlaşana qədər gözlərini məndən çəkmədi; baxışlarında mehribanlıqdan əsər-əlamət yox idi, deyəsən, gəlişimdən məmnun deyildi, odur ki, soyuq qarşılayırdı. Əynində qara paltar vardı, kənarları geniş şlyapasını əlində tutmuşdu. Bütün görkəmindən özünəəminlik və alicənablıq yağırdı. O elə mənim görmək istədiyim, təsəvvürümdə canlandırdığım kimi idi və ona baxdıqca bu yaşına qədər öz zəkası, yaraşığı ilə nə canlar yandırdığını, nə ağıllar aldığını yaxşı anlayırdım. Bəli, bu möhtəşəm görkəmi təsdiqləyirdi ki, o, dahi şairdir!

Don Kalisto həyətə enib asta addımlarla mənə yaxınlaşdı. Həyatımda bir daha təkrar olunmayacaq anlar yaşayırdım indi. Budur: ötən əsrin romantik ispan poeziyasının ünlü davamçısı! Ona baxdıqca, möhtəşəm Hereranı, səmimi Fray Luisi, mistik Xuan de la Krusi və mürəkkəb, anlaşılmaz Qonqoranı görürdüm. O isə bu sırada artıq sonuncu ad idi və öz yolunu ləyaqətlə tamamlayırdı. Qəribədir, beynimdə don Kalistonun məşhur şeirlərindən birinə bəstələnmiş gözəl, həzin bir musiqi səslənirdi.

Çaşıb qalmışdım. Yaxşı ki, görüşün ilk anları üçün qabaqcadan bir neçə söz hazırlamışdım:

– Ustad, mənə – başqa ölkədən gəlmiş əcnəbi qələm adamına sizin kimi böyük şairlə tanış olmaq şərəfdir…

Bir anlığa o nüfuzedici gözlərində istehza qığılcımı göründü, sərt dodaqlarında ötəri təbəssüm gəzdi:

– Mən şair deyiləm, cənab! Yun satıram – tacirəm. Səhv gəlmisiniz. Don Kalisto qonşu evdə yaşayır.

Hə… Ünvanı səhv salmışdım…

Tərcümə etdi: Şəfiqə Şəfa
 
Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb