E-Kitab: Stefano Benni. Bumeranq. (Hekayə)

17:06 | 12.01.2013
E-Kitab: Stefano Benni. Bumeranq. (Hekayə)

E-Kitab: Stefano Benni. Bumeranq. (Hekayə)

Stefano Benni müasir italyan yazıçısıdır. 1947-ci ildə İtaliyanın Boloniya şəhərində doğulub. “Yer Kürəsi” adlı ilk romanı 1984-cü ildə çapdan çıxmışdır. 1987-ci ildə “Topo Galileo” filminin ssenarisini yazmışdır. Müəllifi olduğu “Hürküdülmüş Gülməli Pəhləvanlar” kitabı əsasında 1989-cu ildə “Qoca Heyvanlar üçün Musiqi” filmi çəkilmişdir. 1994-cü ildə "Feltrinelli" nəşriyyatında çap olunmuş, iyirmi yeddi hekayənin yer aldığı “Sonuncu Göz Yaşı” kitabında Stefano Benni televiziyanın insanlara kütləşdirici təsirini qrotesk üslubda lağa qoymuşdur. “La Repubblica”, “Il manifesto”, “Panorama” və digər italyan qəzetləri ilə əməkdaşlıq edir.


BUMERANQ

Hekayə


Günlərin birində cənab Remo itinə nifrət etdi. Gönüqalın insan deyildi, amma arvadı öləndən sonra, daxilində nələrsə çatladı. Bu dul kişinin yalnız bir iti qaldı. Mops-şnops it cinslərinin qarışığından yaranmış yarasa qulaqlı bu qara kök it, hansısa bir topu və ya çubuğu atdıqda, cəld qaçıb geriyə gətirdiyindən, Bumeranq sözünün qısaldılmış forması olan Bum adına layiq görülmüşdür.

Bir zamanlar cənab Remo və Bum, birlikdə payi-piyadə gəzər, bəşəriyyətdən, heyvan dünyasından söhbət edər, Dekartdan tutmuş Lessiyə qədər bütün məsələləri müzakirə edər, qarşılıqlı anlaşma şəraitində yaşayardılar. Daha danışmırdılar. Cənab kresloda oturub, gözlərini boşluğa zilləyir, Bum isə sahibinin ayağına sərilib, sərhəd tanımayan sevgi dolu baxışlarla sahibinə baxırdı. Cənab Remo itin mütləq sədaqətli və etibarlı baxışlarına nifrət edirdi.

İtkilərdən, yalqızlıqlardan, ağrılardan ibarət həyatda, arabir quyruğunu yelləyən, sevincindən zingildəyən, ucu-bucağı görünməyən tüklü məhəbbətiylə boşalmış evi dolduran bu yöndəmsiz varlığın bu dəhşətli dünyada nə xeyri dəyə bilərdi?

Sahibi itini daha yemləmirdi. İki gün itini yeməksiz qoydu. Bum isə məhəbbətiylə sahibini təngə gətirirdi. Cənab Remo yemək üçün masa arxasında əyləşərkən, it heç nə istəmirdi, heç masaya da yaxınlaşmırdı. Maraqla sahibini izləyən Bumun gözlərindən bunu oxumaq olardı: “Sahibimin yemək yeməsi mənim üçün kifayətdir. Əgər sahibim doydusa, onda mən də toxam”. Sahibi ağzını marçıldadıb yedikdə, Bumeranqın baxışları ülviləşirdi. Yemləmək zamanı gələndə isə, Bum cəld kasaya tərəf qaçmırdı, təmkinlə və minnətdarlıq duyğusuyla quyruğunu bulayır, sanki demək istəyirdi: “Əgər məni çörəklə sınağa çəkirsənsə, demək belə lazımdır. Yada saldığın üçün təşəkkür edirəm sənə, ey mənim sahibim”.

Cənab Remo bəlkə də vicdan əzabından xəstələnmişdi. Hərarəti qalxdığından, Bum sahibinin yatağından ayrılmırdı. Gecə sayıqlayıb oyanan Remo sevgi dolu bərəlmiş gözləriylə sahibinə baxan, qulaqlarını antena sayağı dimdik qaldırmış itini gördü. İt sanki deyirdi: “Əgər ölüm sənə yaxınlaşmağa cürət etsə, didim-didim parçalayaram ölümü, ey mənim sahibim”.

Vaxt ötdükcə cənab Remonun itin sonsuz sevgisinə nifrəti amansızcasına artırdı. Dörd gün ərzində itini küçədə gəzdirmədi.

Cümə günü Bum eyvanın qapısını araladı və içəri keçib, utana-utana sidiyini boşaltdı. Maddələr mübadiləsi iyirmi damcı sidik ifrazıyla, mədəsini boşaltması isə noxud dənəsi boyda nəcislə məhdudlaşdı. İt ulamırdı, hansı vəziyyətdə olduğunu sahibinə heç zaman bildirmirdi. Aradabir pəncərədən bağçaya baxır, köksünü ötürüb qüssəli-qüssəli ah çəkirdi.

Sahibi sağalıb ayağa durduğunda heç bir səbəb olmadan itini təpiklədi. Bum çarpayının altında gizləndikdə, cənab Remo tutduğu işdən xəcalət çəkdi. İti yanına çağırdı, it yaxınlaşdı. Sahibi saxta məsumluqla itini tumarlayıb dedi:

- Bum, səndən qurtulmalıyam. Təəssüf edirəm, amma daha qayğı göstərə bilmərəm sənə. Bu bir yana qalsın, nifrət edirəm sənə, bunu anlamağın müşküldür.

İt sonsuz sevgiylə və sədaqətlə baxırdı sahibinə.

Cənab Remo bu iti nəyə görə axı itlər sığınacağına və ya hansısa tanışlarından birinə vermədi? Yəqin həm tənbəlliyindən, həm də arvadının sözlərini xatırladığından. Arvadı Dora hələ sağlığında demişdi: “Remo, ölüb eləsəm, xahiş edirəm, itimizi tullama”. Remo arvadının bu sözlərinə acıqlanıb, ürəyində fikirləşmişdi: iti tullamaq kimi bir rəzilliyə əl atacağım, hardan gəldi ağlına bu arvadın?! Amma kasıb Dora ərinin qəddarlığından xəbərdar idi.

Doranın ölümünü Remo xəyanət saydığından, itdən qurtulmaqla taleyindən intiqam almağa çalışırdı. Maşınına oturub, Bumeranqı şəhər kənarında birgə oynadıqları çəmənliyə apardı. Əvvəllər də iti bu çəmənliyə gətirmişdi ki, iradəsinə güvənib çıxıb getsin. Sahibi arxada, it isə irəlidə gedirdi. Bumun ritmsiz yerişinə Remo çoxdan diqqət kəsilmişdi. Hər on addımdan bir bum dal pəncəsini qaldırıb axsayır, sanki alışıb-yanan yerin üstüylə addımlayırdı.

Hələ arvadının sağlığında, itin bu cürə yerişində baməzəlik, həlimlik duyardılar. İndiysə Sahibi itin şişman arxasının yırğalanmasına nifrətlə tamaşa edirdi. Bumun maraq dolu baxışlarından uzaqlaşmaq üçün, onu ağaca bağlayıb, arxaya çönmədən, çıxıb getdi.

Evə qayıdıb, ciddi-cəhdlə nahar hazırlamağa girişdi. Çoxdan yemək bişirmirdi. Bumun kasasını təpiklə küncə itələdi, xaltasını götürüb zibil vedrəsinə atdı.

Gecə saat üçdə taqqıldayan qapı səsinə oyandı. Bumeranq idi. Kir-pasaqlı, bədəni islaq it sevincdən uçunmuş gözləriylə sahibinin qarşısında tullanıb-düşüb evə keçdi. İt heç nədən şübhələnmirdi. Sadəlövh canında xəyanətə yer yox idi.

Cənab Remo o gecəni hirsindən yarıyuxulu-yarıoyaq vəziyyətdə keçirdi. Suitilərin amansızcasına qətliamı, qıvrımtüklü it cinslərinin yunundan hazırlanmış papaqlar girirdi yuxusuna.

Ertəsi günün axşamı Remo iti maşına qoydu, yüz kilometr yol qət edib, maşını saxladı, yolüstü kafenin avtodayanacağında iti tək-tənha qoyub getdi. Şəhərə qayıdıb, bütün Amerika sakinlərini vahiməyə bürüyən dirilmiş bədheybətdən bəhs edən kinoya baxmağa getdi. Kinonun bir epizodunda bədheybətin quyruğuyla döyəcləməsi, Bumeranqı xatırlatdı Remoya. Bədheybəti reaktiv mərmilərlə və ölümcül zəhərlərlə məhv elədilər. O gecə mışıl-mışıl yatdı cənab Remo. Ertəsi gün supermarketdə Bumeranqın rəfiqəsi Tommazinanın sahibəsiylə qarşılaşdı.

- Bəs Bum hardadı?

- Təəssüf, bilmirəm – Cənab Remo əlini yelləyib dedi. Xanım canıyananlıqla köksünü ötürdü. Nəzakət nümayiş elətdirib, daha heç bir sual ünvanlamadı Remoya. Əlinə toxunub dedi:

- Nələr çəkdiyinizi təsəvvür edirəm!

- Elədir... – Cənab Remo cavab verdi.

Əlində bazarlıq zənbili evə qayıtdı. Pilləkənlə qalxarkən, eşitdiyi səsi dünyada heç bir səslə səhv salmaq mümkün deyildi. Mərmər üzərində gəzişən caynaqların çıxardığı qıcırtı səsi.

Dəhlizdə sahibini gözləyirdi Bumeranq.

Cənab Remo ayaqyoluna keçib, bütün günü unitazın qapağı üstündə əyləşdi. Tutqun qapı şüşəsindən sahibini gözləyən Bumun qıcıqlandırıcı cizgiləri sezilirdi.

Səhər şəfəqləri çıxarkən, it nigaran qaldığından şüşəni cırmaqladı.

- Rədd ol burdan! – cənab Remo bağırdı.

İt sevincindən quyruğunu buladı. Axı sahibi ayaqyolunda ölməmişdi! Bundan böyük xoşbəxtlikmi olar?!

Üstündən iki gün keçdi. Cənab Remo iti maşına yerləşdirdi və gün uzunu yol gedib dənizə çatdılar. Cənab Remo gəmiyə oturdu. Gəminin uşaq sərnişinləri Bumeranqla oynayırdılar. Cənablardan biri Remoya dedi:

- Bu iti özünüzlə məzuniyyətə götürməyiniz çox yaxşıdır. Mənim itim çox böyükdür. Belə baxıram, siz bu itlə bir-birinizə çox bağlısınız.

- Hə, çox bağlıyıq, çox, - cənab Remo cavab verdi.

Axşam düşmüşdü. Cənab Remo Bumeranqı dənizə apardı və ağac parçasını əlinə alıb suya atdı. Bum ağac parçasının dalıyca üzüb, ağzıyla qapdı, sahilə qayıdanda sahibini tapmadı.

Cənab Remo yolun o biri tərəfində iki qədəh konyak içdiyindən ürəyi bulanırdı.

Bir həftə keçdi. Bumeranqın ötən dəfə qayıdışının şahidi olan xanım itin yenidən itməsi barədə soruşdu.

- Təəssüf edirəm, - Cənab Remo dedi, - əvvəlcə özünə gəldi, sonra halı yenə pisləşdi.

Xanımın dodaqlarına təəssüf qondu, Tommazina göz yaşını saxlaya bilmədi, bəlkə xəstə olduğundan, bəlkə də Buma yazığı gəldiyindən.

Həmən həftə cənab Remo üçün kədərli həftə oldu. Səbəbi heç də Bumeranqın yox olması deyildi. İt getsə də, izi qalmışdı. Xalça və divan itin nəcisiylə iyləndiyindən, dezodorantla təmizlədi.

Cənab Remo darıxırdı, itə görə yox, televizorunun xarab olmasına görə.

Televizor ustası gəldi.

Ordan-burdan hap-gop etdilər, birdən Bumeranqın kasası ustanın gözünə sataşdı.

- Sizin itiniz var? – usta soruşdu.

- Daha yoxdur.

- Amma mənim itim var, böyük problemlər yaşadır mənə. Təsəvvürünüzə gətirin, dənizdə məzuniyyətdə idim. Geriyə qayıdarkən, köntöy bir it maşınıma hoppandı. Uşaqlarım yalvardılar, dedilər bu it sahibi tərəfindən atılıbdır, götürək özümüzlə. Bu uşaqlar bilirsiniz də necə dilə tutmağı bacarırlar...

- Əlbəttə bilirəm, - Cənab Remo cavab verdi.

- İt indi yanımdakı maşındadır. Bilmirəm kimə verim. İt saxlayanlardan tanıdıqlarınız var?

- İt hansı rəngdədir? – daxilən səksənən cənab Remo soruşdu.

- Qara. Yarasayabənzər qulaqları var.

Usta getdi. Televizor işlədi. Cənab Remo televizor qarşısında otursa da, ekrana yox, qapıya baxırdı.

Biz az keçmişdi, cırmaqlaşma səsi eşidildi.

Cənab Remonun yadına uşaqlıq dövründə baxdığı film düşdü, həmən filmdə ölülər qəbirdən xortlayırdılar. Ancaq cənab Remonun həmən dəqiqə hiss etdikləri, hansısa dəhşət filmiylə müqayisəyə gəlməzdi.

Zombi Bumeranq qayıtmışdı. Səhərdən-axşamacan uşaqlar tərəfindən yemləndiyindən, daha da kökəlmişdi. Dəyişməz sevgisiylə, sədaqətiylə, etibarıyla, mərhəmətli hissləriylə baxırdı sahibinə.

- Ay it, ay allahın heyvanı, səni tulladığımı anlamırsan? - cənab Remo qışqırdı.

- Məni tullamağa səbəblərin vardı. Sən müdriksən, əvvəlkindən də çox istəyirəm səni, - it quyruğuyla cavab verdi.

Bu zaman cənab Remo başqa ölkəyə, hətta başqa qitəyə getmək qərarına gəldi. Bütün pullarını hesabından çıxartdı, ağ pencək və saman şlyapa aldı. Səhər tezdən Bumeranqı eyvanda bağlayıb getdi.

Təyyarəyə oturdu, on dörd saat uçdu.

Təyyarənin pilləkənləriylə düşərkən, özünü tamamən başqa cür hiss etdi. Yükünü gözləyərkən, dərisi gündən qaralmış qızın yanında durub, üzünə gülümsədi. Bəli, cənab Remo hər şeydən uzaqlaşmışdı. Dəniz qoxusu gəlirdi. Günəş qoxusu gəlirdi. İt qoxusu gəlmirdi. Məhz bu anda qəribə səhnəyə rastlandı. İki polisin arasında vurnuxan bir xanım ağlayıb-sızlayıb, malyükləyənlər tərəfindən indicə gətirilmiş it qəfəsinə işarə edərək, bərkdən qışqırırdı:

- Bu mümkün deyil! Mənim Rufusum hardadır?!

- Sakitləşin xanım! – polis başını qaşıyıb xanıma deyirdi. – siz dediyiniz kimi ola bilməzdi....

Marağa gələn Remo, daha da yaxınlaşdı.

Polisin yük axtarışı bürosunun əməkdaşıyla danışdıqlarını eşitdi.

- Çox qəribə hadisə baş verib. Xanım adi prosedur qaydalarla itini qəfəsdə göndərirmiş, indiysə deyir bu it onunku deyil.

- Ola bilməz...

- Mənim itim irlandiya setteri cinsindəndir, - xanım ağlaya-ağlaya dedi, - bu it isə piyli və yöndəmsizdir. Öz itimi yaxşı xatırlayıram, uçmamışdan əvvəl aeroportda sərbəst gəzişirdi.

- Demək istəyirsiniz, kimsə itinizi dəyişibdir?

- Hə, - büro əməkdaşı qəhqəhə çəkdi, - yaxud piyli it qəfəsi açıb və itinizlə qarşılıqlı anlaşma şəraitində yerlərini dəyişiblər.

- Dişinizi ağartmayın! İtlərin ağıllı olmasından bixəbərsiniz!

Cənab Remo qəfəsin açılmasını gözləmədi. Deyəsən ürəyinə dammışdı. Diyircəkli çemodanını qaça-qaça sürüyərkən, dəhlizdə nəyəsə vurdu və onu təqib edən Bumeranqın şiddətli addımlarını eşitdi. Taksiyə oturub dedi:

- “Tropikana” mehmanxanasına, cəld!

- Sürə bilmərəm, cənab, - taksi sürücüsü dedi. – maşının qarşısında it uzanıb.

Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda xalçanı iyləyirdi.

Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı.

Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı.

Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı.

Eyvandan tullandı.

Pəsərtişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü.

Remo və Bum yan-yana aşağı şığıyırdılar.

Sahibim, bu, yeni oyundurmu?

Yerli qəzet manşet xəbərini bu kədərli hekayəyə həsr etdi.

Onları yan-yana dəfn etdilər.

Xüsusi olaraq ANN.Az üçün,
Ruscadan tərcümə: Ramil Rahiboğlu 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb