• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: "Nəqliyyat qurumlarının hərəsi öz korporativ maraqlarını güdür"

Prezident: "Nəqliyyat qurumlarının hərəsi öz korporativ maraqlarını güdür"
12.01.2016 09:24
"Bu gün biz tranzit potensialımızdan istənilən səviyyədə istifadə etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident qeyd edib ki, bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır:

"Ötən ilin sonunda ciddi addımlar atılıb. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir. Vahid taarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edilib. Azərbaycan təklif edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid taarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz sadəcə olaraq burada taarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılıb. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilib və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilib. Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib. Eyni zamanda, ictimaiyyət yaxşı bilir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük tır maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşib. Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir".

İlham Əliyev bildirib ki, bu gün tranzit potensialından istənilən səviyyədə istifadə olunmur:

"Biz buna daha da hazır olmalıyıq və Xəzər sahilinin şərqində yerləşən infrastruktur da əlbəttə ki, buna daha hazır olmalıdır. Ancaq bu, bizim üçün yeni imkanlar yaradır. Çünki bu gün biz tranzit potensialımızdan istənilən səviyyədə istifadə etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar sürətli inkişafımız bəzi hallarda bu məsələlərə diqqətimizi azaldıb. Çünki biz neftdən gələn gəlirləri çalışırdıq ki, tezliklə lazım olan sahələrə yönəldək. Dövlət bütün yükü öz üzərinə götürüb. Ona görə, bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmirdilər. Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm, bunu tikəcəyəm, onu tikəcəyəm. Birincisi, tikinti ilə bağlı. Burada da yeni qaydalar tətbiq edilməlidir. Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər bu və ya digər layihəni icra etməlidir. Çünki bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin".

"Bizdə su xətlərini "Azərsu” çəkir. Birincisi, o qədər böyük layihələri icra etmək üçün onlarda texniki imkan yoxdur. Burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik. Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır. Xahiş edirəm, hökumət buna çox ciddi nəzarət etsin", - deyə İlham Əliyev vurğulayıb.

Nəqliyyat dəhlizlərinə gəldikdə isə, o bildirib ki, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir:

"Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə, bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol