• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda borcların icrası problemi- Qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var?

Azərbaycanda borcların icrası problemi- Qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var?
19.10.2026 11:09

Azərbaycanda bəzi hallarda vətəndaşlara olan yüz minlərlə manat borcun ödənilməsi üçün müəyyənləşdirilən məbləğə əsasən 200 il vaxt tələb olunur. Bunu deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı bildirib.

Deputat vətəndaşların xeyrinə çıxarılan məhkəmə qərarlarının icrasının bank borclarının tutulması ilə müqayisədə daha uzun çəkdiyini deyərək “İcra haqqında” qanuna yenidən baxılmasını təklif edib.

“Vətəndaşın banka borcu varsa, icraya yönələndə dərhal həyata keçirilir. Lakin vətəndaşa olan borcun, eləcə də mülkiyyət, torpaq və alqı-satqı münasibətləri üzrə qərarların icrası illərlə uzanır”, - Novruzov bildirib.

Onun sözlərinə görə, bəzi hallarda borcluların əmlakını müəyyənləşdirmək mümkün olsa da, həmin əmlak başqa şəxslərin adına rəsmiləşdirilir.

Deputat məhkəmə sistemində islahatlar aparılmasına baxmayaraq, qərarların icrası ilə bağlı problemlərin qaldığını vurğulayıb. O, vətəndaşların hüquqlarının daha effektiv qorunması üçün “İcra haqqında” qanuna gələcəkdə əlavə və dəyişikliklərin edilməsinin vacibliyini qeyd edib.

Azərbaycanda borcunu ödəmək imkanı olmayan vətəndaşların müflis elan edilməsi mexanizmi yaradılmalı, borcların ödənilməsindən qəsdən yayınan şəxslərin əmlaklarını gizlətməsinin qarşısını almaq üçün dövlət reyestrləri açıq olmalıdır. Bunu iqtisadçı ekspert Əkrəm Həsənov Anews.az-a bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, borcların icrası ilə bağlı yaranan problemlərə kompleks yanaşmaq lazımdır. Ekspert hesab edir ki, bu məsələdə iki fərqli vəziyyət mövcuddur. Birinci halda borclunun həqiqətən borcunu ödəməyə imkanı yoxdur, ikinci halda isə ödəmə qabiliyyəti olsa da, şəxs müxtəlif üsullarla ödənişdən yayınır.

“Birinci hal odur ki, vətəndaşın doğrudan da imkanı yoxdur. Əksər hallarda problem bundan ibarətdir. İnsan vaxtilə kredit götürüb, sonra müflisləşib, işsiz qalıb və borcunu ödəyə bilmir. Bu məsələ təkcə adi vətəndaşlara aid deyil, sahibkarların da borcları var və onların borcları daha böyük məbləğlərə çata bilər. Bu, məsələnin obyektiv səbəblərlə bağlı olan tərəfidir”, – ekspert bildirib.

O qeyd edib ki, borcun ödənilməməsinin digər səbəbi şəxsin əmlakını başqa adamların adına rəsmiləşdirməsi və gəlirlərini gizlətməsidir. Belə hallarda borclu özünün heç bir əmlakının və gəlirinin olmadığını bildirərək ödənişdən yayınmağa çalışa bilər.

Həsənovun fikrincə, bu iki hal bir-birindən fərqləndirilməli və hər birinə uyğun hüquqi mexanizm tətbiq olunmalıdır. Onun sözlərinə görə, həqiqətən ödəmə qabiliyyəti olmayan şəxsin borcunun uzun illər ərzində tutulmağa çalışılması nə borclunun, nə də kreditorun problemini effektiv həll edir.

Ekspert fiziki şəxslərin müflis elan olunmasını təklif edir

İqtisadçı hesab edir ki, ilk növbədə müflisləşmə ilə bağlı qanunvericilik təkmilləşdirilməli və praktikada işlək mexanizm yaradılmalıdır.

“Biz özümüzdən velosiped icad etməməliyik. Bütün sivil dünyada bu məsələlərin həlli yolu var. Bizdə isə problem ondadır ki, bu mexanizmlər ya yoxdur, ya da işlək deyil. Müflisləşmə haqqında qanun 1999-cu ildən mövcuddur, lakin köhnəlmiş qanundur və onun dəyişdirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Hətta mövcud qanunun özünün də işləməsi təmin edilməlidir”, – Həsənov vurğulayıb.

Əvvəlki dövrdə fiziki şəxslərin də özlərini müflis elan etməsi imkanı nəzərdə tutulsa da, bu müddəa sonradan qanunvericilikdən çıxarılıb. Hazırda onun sözlərinə görə, müflislik mexanizmi fiziki şəxslər üçün əvvəlki qaydada əlçatan deyil.

Həsənov bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da ödəmə qabiliyyəti olmayan vətəndaşların müflis elan edilməsi hüquqi baxımdan mümkün olmalıdır. Bu halda şəxsin borcları və maliyyə vəziyyəti qiymətləndirilməli, borcun hansı hissəsinin ödənilə biləcəyi müəyyənləşdirilməlidir.

“Vətəndaşın imkanı yoxdursa, o, müflis elan olunmalı və borc məsələsi hüquqi qaydada həll edilməlidir. Bu, həm həmin şəxsin problemini həll edər, həm də icra məmurlarının iş yükünü azaldar. Əgər vətəndaşın əməkhaqqı və ya pensiyası varsa, qanunla müəyyən edilmiş qaydada onun bir hissəsi tutula bilər. Amma insanın ödəmək imkanı yoxdursa, borcun ömrünün sonuna qədər onun üzərində qalması problemi həll etmir”, – ekspert deyib.

Onun fikrincə, müflislik mexanizminin tətbiqi kreditorların hüquqlarının qorunmasına da xidmət edə bilər. Belə ki, müflis elan olunan şəxslər barədə məlumatların xüsusi reyestrdə əks olunması gələcəkdə bankların, sahibkarların və digər kreditorların həmin şəxslərlə maliyyə münasibətləri qurarkən daha diqqətli davranmasına imkan verər.

Həsənovun sözlərinə görə, belə bir reyestr borcunu ödəyə bilməyən şəxsin vəziyyətini hüquqi baxımdan müəyyənləşdirməklə yanaşı, onun gələcək maliyyə öhdəlikləri ilə bağlı qərarların daha məlumatlı şəkildə verilməsinə kömək edə bilər.

Qəsdən borcdan yayınanlar necə müəyyənləşdirilməlidir?

Ekspertin sözlərinə görə, fiziki şəxslərin müflis elan edilməsi mexanizmi tətbiq olunarkən qəsdən borcdan yayınma hallarının qarşısının alınması da nəzərə alınmalıdır.

O bildirib ki, bəzi borclular əmlaklarını yaxınlarının və ya başqa şəxslərin adına keçirə, gəlirlərini qeyri-rəsmi əldə edə və nəticədə borclarını ödəmək imkanlarının olmadığını iddia edə bilərlər. Bu səbəbdən şəxsin müflislik vəziyyətinə hansı şəraitdə düşdüyü araşdırılmalıdır.

“Bəli, ikinci qisim borclular da bu qanundan istifadə edə, özlərini müflis elan edə bilərlər. Amma əgər şəxs borc götürüb, həmin pulla əmlak alıb və sonra əmlakını başqasının adına keçirərək borcunu ödəməkdən yayınırsa, bu, ayrıca araşdırılmalıdır. Müflisliyə doğrudan da obyektiv səbəblərdən gəlib, yoxsa əvvəlcədən borclarını ödəməmək məqsədi güdüb? Bunu müəyyənləşdirmək lazımdır”, – Həsənov qeyd edib.

Ekspert vurğulayıb ki, qanunvericilikdə qəsdən müflisləşmə və saxta müflisləşmə ilə bağlı hüquqi mexanizmlər mövcuddur. Onun fikrincə, belə halların əlamətləri aşkarlandıqda hüquq-mühafizə orqanları araşdırma aparmalı, cinayət tərkibi müəyyən edilərsə, müvafiq tədbirlər görülməlidir.

Həsənov əlavə edib ki, borcdan yayınmaq məqsədilə bağlanmış əmlakın alqı-satqısı və ya bağışlanması müqavilələrinin etibarsız sayılması da mümkün hüquqi vasitələrdən biridir. Lakin bu mexanizmlərin real nəticə verməsi üçün təkcə hüquq-mühafizə orqanlarının fəaliyyətinə güvənmək kifayət deyil.

Onun sözlərinə görə, araşdırmaların effektiv aparılması, mümkün maraqlar toqquşmasının qarşısının alınması və borclunun əmlakının müəyyənləşdirilməsi üçün kreditorların da məlumat əldə etmək imkanları genişləndirilməlidir.

Əmlak və şirkət sahibləri barədə məlumatlar açıq olmalıdır

İqtisadçı hesab edir ki, borcların icrası ilə bağlı problemlərin həlli üçün əsas addımlardan biri dövlət reyestrlərinin şəffaflığının artırılmasıdır. O, xüsusilə daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların ictimaiyyət üçün əlçatan olmasının vacibliyini vurğulayıb.

“Dövlət reyestrləri açıq olmalıdır. Birinci növbədə daşınmaz əmlakın dövlət reyestri. Hamı daxil olub kimin nəyi olduğunu, həmin əmlakı nə vaxt əldə etdiyini görə bilməlidir. Məsələn, bir şəxs məndən borc alıb pulumu qaytarmırsa, mən onun əmlakını araşdırmaq imkanına malik olmalıyam. Görə bilərəm ki, borcu aldığı dövrdə və ya bundan sonra onun yaxınının adına hansısa əmlak rəsmiləşdirilib. Bu məlumatlar araşdırma aparılması üçün şərait yaradar”, – Həsənov bildirib.

Ekspertin fikrincə, bu cür məlumatların əlçatan olması borcluların əmlaklarını yaxınlarının adına keçirməklə gizlətməsi hallarının müəyyənləşdirilməsinə kömək edə bilər. Bununla yanaşı, şəxsi məlumatların və qanunla qorunan informasiyanın mühafizəsi də nəzərə alınmalıdır.

Həsənov kommersiya hüquqi şəxslərinin dövlət reyestrində şirkətlərin təsisçiləri barədə məlumatların açıqlığı məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, kreditorların borclunun hansı şirkətlərdə pay sahibi olduğunu və biznes əlaqələrini müəyyənləşdirə bilməsi vacibdir.

“Bu gün kommersiya hüquqi şəxslərinin reyestrində təsisçilər barədə məlumatlar qapalıdır. Halbuki şirkətin sahibinin kim olduğunu bilmək mümkün olmalıdır. Mən müəyyən edə bilməliyəm ki, borclunun özünün, yaxınlarının və ya ailə üzvlərinin adına hansı şirkətlər var. Bu, pulun və əmlakın harada gizlədildiyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir”, – ekspert qeyd edib.

Onun fikrincə, daşınmaz əmlak və şirkət sahibliyi barədə məlumatların açıq olması kreditorların hüquqlarını müdafiə etmək üçün əlavə imkanlar yaradacaq. Beləliklə, borclunun rəsmi gəlirlərinin və əmlakının olmaması barədə bəyanatının həqiqətə uyğun olub-olmadığını yoxlamaq asanlaşa bilər.

Gəlir bəyannaməsi sisteminin tətbiqi də vacib sayılır

Əkrəm Həsənov borcluların maliyyə vəziyyətinin müəyyənləşdirilməsi üçün gəlir bəyannaməsi sisteminin əhəmiyyətini də vurğulayıb.

O bildirib ki, şəxslərin gəlirləri və əmlakları barədə məlumatların bəyan edilməsi, eləcə də bu məlumatların müvafiq qaydada yoxlanılması borcdan yayınma hallarının araşdırılmasına kömək edə bilər.

Ekspertin sözlərinə görə, Azərbaycanda gəlir bəyannaməsi ilə bağlı qanunvericilik müddəaları mövcud olsa da, onların tətbiqi ilə bağlı problemlər qalır. Həsənov xüsusilə dövlət vəzifəli şəxslərinin gəlirləri barədə məlumatların bəyan edilməsi məsələsinə diqqət çəkərək bu sahədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin vacibliyini bildirib.

O hesab edir ki, gəlir bəyannamələrinin mövcudluğu şəxsin əvvəlki maliyyə vəziyyəti ilə sonradan əldə etdiyi əmlak arasında müqayisə aparmağa imkan verər. Məsələn, rəsmi gəlirləri ilə uyğun gəlməyən əmlak əldə edilməsi şübhəli halların araşdırılmasına əsas yarada bilər.

“Bu, sistemli məsələdir. Tutaq ki, bir şəxsin və ya onun yaxınlarının gəlirləri barədə məlumat var, lakin sonradan onların adına böyük dəyəri olan əmlak alınır. Bu məlumatların müqayisəsi həmin əmlakın hansı vəsait hesabına əldə edildiyini araşdırmağa imkan verə bilər. Bunun üçün məlumatlar əlçatan olmalı və nəzarət mexanizmləri işləməlidir”, – Həsənov deyib.

Ekspertin fikrincə, Azərbaycanda borcların icrası ilə bağlı problemləri yalnız məhkəmə qərarlarının icra müddətlərinin azaldılması ilə həll etmək mümkün deyil. Bunun üçün müflisləşmə mexanizmi yenilənməli, ödəmə qabiliyyəti olmayan şəxslərlə qəsdən borcdan yayınanlar fərqləndirilməli, dövlət reyestrlərinin şəffaflığı artırılmalı və gəlir bəyannaməsi sisteminin tətbiqi təmin olunmalıdır.

O əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, mövcud hüquqi normaların real işləməsi də vacibdir. Əks halda, məhkəmə qərarları çıxarılsa belə, həmin qərarların icrası zamanı yaranan problemlər və kreditorların öz vəsaitlərini geri almaqda üzləşdiyi çətinliklər davam edə bilər.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol