Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Qarabağ iqtisadi rayonunda əsas sahələr üzrə məhsul buraxılışının dəyəri 2020-ci ildəki 1,548 milyard manatdan hazırda 6 milyard manata yüksəlib. Bu barədə deputat Vüqar Bayramov Milli Məclisdə çıxışı zamanı bildirib.
“Zəfərdən sonra Qarabağın iqtisadiyyatı dörd dəfə böyüyüb”, - Bayramov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsullarının dəyəri 1,002 milyard manat təşkil edib. Bu, əvvəlki dövrlə müqayisədə 17,4 dəfə artım deməkdir. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalında isə ikiqat artım qeydə alınıb.
Deputat bildirib ki, Şərqi Zəngəzur iqtisadiyyatının həcmi 30 dəfədən çox artaraq 4 milyard manata çatıb. Qubadlı və digər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri tikinti sektorunda 10 dəfədən çox artıma səbəb olub.
Bayramovun sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən indiyədək 26 milyard manata yaxın vəsait ayrılıb. O qeyd edib ki, layihələr Azərbaycanın daxili maliyyə imkanları hesabına həyata keçirilir, keçmiş məcburi köçkünlər isə doğma yurdlarına qayıdırlar.
Deputat əlavə edib ki, Qarabağda istehsal olunan sənaye və digər məhsullar Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiyaya ixrac edilir.
Gülnar Nazimqızı