Ölkədə problemli kreditlərin sayı niyə artır?
2026-cı ilin sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) məlumat yayıb.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb.
Avqustun sonuna vaxtı keçən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % olub.
Deputat Vüqar Bayramov bildirib ki, problemli kreditlərin artması kreditləşmə qaydalarına yenidən baxılmasını zəruri edir.
"Azərbaycanda son iki ildə problemli kreditlərin həcmində artım müşahidə olunur. Bu artımın əsas səbəblərindən biri kredit kartları üzrə limitlərin bəzi hallarda əsaslandırılmadan artırılması, digəri isə vətəndaşların ödəmə qabiliyyəti lazımi səviyyədə qiymətləndirilmədən kreditlərin verilməsidir. Problemli kreditlərin həcminin artması bank sektoru üçün əsas çağırışlardan biridir və bu tendensiya bank sektorunun sağlamlaşdırılması baxımından arzuolunan deyil",- deputat bildirib.
Deputat qeyd edib ki, xüsusilə də son iki ildə problemli kreditlərin həcmində artım müşahidə olunur. Bu artıma təsir göstərən əsas amillərdən biri kredit kartları üzrə limitlərin bəzi hallarda əsaslandırılmadan yüksəldilməsidir.
"Bəzi banklar vətəndaşlara kredit kartları vasitəsilə yüksək məbləğdə limitlər təqdim ediblər. Lakin limitlərin artırılması sonrakı mərhələdə həmin kreditlərin qaytarılması ilə bağlı çətinliklər yaradıb. Kredit kartları üzrə müəyyən edilmiş müddət başa çatdıqdan sonra kart sahibi istifadə etdiyi vəsaiti tam və ya vaxtında qaytarmadıqda, borcun üzərinə kifayət qədər yüksək faizlər hesablanır. Nəticədə vətəndaşların banklar qarşısında borc öhdəlikləri artır ki, bu da problemli kreditlərin ümumi həcminə birbaşa təsir göstərir.",- Bayramov vurğulayıb.
O əlavə edib ki, problemli kreditlərin artmasına səbəb olan digər amil bəzi banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti lazımi səviyyədə yoxlanılmadan kreditlərin verilməsidir. Bu hal xüsusilə istehlak kreditləri üzrə ödəniş problemlərinin yaranmasına və problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.
Deputat vurğulayıb ki, həm istehlak kreditləri, həm də bəzi hallarda biznes kreditləri üzrə ödənişlərin gecikdirilməsi problemli kreditlərin ümumi həcminin artmasına səbəb olur. Onun fikrincə, son rəqəmlər bu istiqamətdə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir.
Vüqar Bayramov hesab edir ki, kreditlərin verilməsi ilə bağlı mövcud qaydalara yenidən baxılması və onların müasir çağırışlara uyğunlaşdırılması vacibdir. O bildirib ki, bu sahədə lazımi tədbirlər görülmədiyi təqdirdə, problemli kreditlərin həcminin azaldılması və optimallaşdırılması ilə bağlı çətinliklər daha da dərinləşə bilər.
İqtisadi ekspert Əkrəm Həsənovun fikrincə, hazırda problemli kreditlərin artmasının səbəbləri əvvəlki dövrdən fərqlənir. Onun sözlərinə görə, mövcud artım 2015–2016-cı illərdəki səviyyə ilə müqayisə edilə bilməsə də, tendensiya narahatlıq doğurur.
"İqtisadi artımın zəifləməsi və qiymətlərin yüksəlməsi əhalinin real gəlirlərinə mənfi təsir göstərir. Xərclərin artmasına baxmayaraq, gəlirlərin eyni səviyyədə qalması və ya bəzi hallarda azalması vətəndaşların kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirir.
Ekspert əlavə edib ki, oxşar vəziyyət sahibkarlıq subyektlərində də müşahidə olunur. Onun sözlərinə görə, biznesdə mənfəətliliyin azalması və iqtisadiyyatda təmərküzləşmə meyillərinin güclənməsi sahibkarların fəaliyyətini genişləndirməsini çətinləşdirir. Nəticədə onların da kreditləri vaxtında ödəmək imkanları məhdudlaşır.
Ekspert hesab edir ki, mövcud iqtisadi tendensiyalar davam edərsə, yaxın illərdə problemli kreditlərin artımı da davam edə bilər.
Azərbaycanda bundan əvvəl kreditlərin səviyyəsi 2015–2016-cı illərdə milli valyutanın devalvasiyası nəticəsində kəskin artıb.
"Həmin illərdə xüsusilə xarici valyutada kredit götürən vətəndaşlar borclarını ödəməkdə çətinliklərlə üzləşiblər. Sonrakı dövrdə problemli kreditlərin vəziyyəti tədricən normallaşıb. Bu prosesdə bəzi vətəndaşların əmlaklarını sataraq borclarını ödəməsi, müəyyən borcların silinməsi, eləcə də dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri rol oynayıb. 2019-cu il fevralın 28-də imzalanan prezident fərmanı ilə devalvasiya nəticəsində zərər çəkmiş, xarici valyutada 10 min ABŞ dollarınadək krediti olan şəxslərə kompensasiya ödənilməsi nəzərdə tutulub",- o bildirib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox