Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Azərbaycanda dövlət hesabına hüquqi yardıma ayrılan vəsaitin 99,5 faizi cinayət işlərinə, cəmi 0,5 faizi isə digər məsələlərə yönəldilir. Milli Məclisin deputatı Zahid Oruc pulsuz hüquqi yardım haqqında qanun layihəsinin növbəti oxunuşlarında gəlir meyarına yenidən baxılmasını, yardım göstərilən iş kateqoriyalarının genişləndirilməsini və idarəetmədə hesabatlılığın dəqiqləşdirilməsini təklif edib.
Deputat qanun layihəsinin müzakirəsi zamanı çıxışında Ali Məhkəmənin 2025-ci il üzrə hesabatına istinad edərək bildirib ki, birinci instansiyada iki fərqli kateqoriya üzrə baxılmış işlərin sayı 300 min 356-nı ötüb.
Onun sözlərinə görə, məhkəmələrə müraciət edən şəxslər arasında vəkil xidmətinin haqqını ödəyə bilməyənlərin sayını müəyyənləşdirmək üçün mötəbər tədqiqatlara ehtiyac var. Deputat qeyd edib ki, həmin işlərin cəmi 10 faizində belə vəkil haqqını ödəmək imkanı olmayan vətəndaşlar iştirak edirsə, bu, 30 mindən çox iş deməkdir.
Zahid Oruc Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2024-cü il hesabatına da diqqət çəkib. Hesabata əsasən, Azərbaycanda dövlət hesabına hüquqi yardım üçün 2 milyon 855 min avro xərclənib. Vəsaitin 99,5 faizi cinayət işlərinə, 0,5 faizi isə digər məsələlərə yönəldilib.
Deputat bildirib ki, evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən və ya sosial müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxslərin də peşəkar hüquqi dəstəyə ehtiyacı var. O, 2024-cü ildə Azərbaycanda adambaşına düşən dövlət hüquqi yardımı xərclərinin 0,28 avro, Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstəricinin isə 0,86 avro olduğunu vurğulayıb.
Vəkillərin sayına toxunan deputat bildirib ki, 2020-ci ildə hər 100 min nəfərə 20,4 vəkil düşdüyü halda, 2024-cü ildə bu göstərici 24,6-ya yüksəlib. Hazırda ölkədə 3 003 vəkil fəaliyyət göstərir. Onlardan 538-i, yəni 18 faizi regionlarda çalışır.
Zahid Oruc CEPEJ-in məlumatlarına əsasən, Azərbaycanda 631 hakimin fəaliyyət göstərdiyini, hər 100 min nəfərə 6,2 hakim düşdüyünü qeyd edib. Müqayisə üçün bu göstəricinin Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7 olduğunu bildirib.
Deputat hüquqi xidmətlərin qiymətinin də vətəndaşlar üçün əlçatanlıq baxımından əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, “ASAN xidmət”in rəsmi səhifəsində şifahi hüquqi məsləhət 20 manat, iddia ərizəsinin hazırlanması 70-100 manat, kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı isə 400 manat göstərilib.
Qanun layihəsinin maliyyələşmə mexanizminə münasibət bildirən deputat peşəkar hüquqi yardım üçün hər iş saatına minimum aylıq əməkhaqqının 0,0275 misli, ilkin hüquqi yardım xidmətləri üçün isə 0,015 misli həcmində ödəniş nəzərdə tutulduğunu xatırladıb. 2026-cı ildə minimum aylıq əməkhaqqının 400 manat olduğunu nəzərə alaraq, bu məbləğlərin müvafiq olaraq saatda 11 və 6 manat təşkil etdiyini bildirib.
O, hüquqi yardımın kadr təminatına da diqqət çəkib. Deputatın sözlərinə görə, 2024-2025-ci tədris ilində hüquq ixtisası üzrə bakalavriat səviyyəsinə ayrılmış 1 395 qəbul yerinin hamısı tutulub. Onların təxminən 600-ü Polis Akademiyası, təhlükəsizlik, gömrük və digər ixtisaslaşmış təhsil müəssisələrinin payına düşüb.
Zahid Oruc qanun layihəsinin növbəti oxunuşları üçün üç təklif irəli sürüb: hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılması, yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsi və hüquqi yardımın idarə edilməsində hesabatlılığın daha dəqiq müəyyənləşdirilməsi.
Deputat sonda dövlətin vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün hüquqi yardım xərclərini üzərinə götürməsini müsbət qiymətləndirərək bildirib ki, vətəndaşın hüquqlarının müdafiəsi onun maddi vəziyyətindən asılı olmamalıdır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox