Mikromaliyyə sektorunun inkişafı üçün beş prioritet müəyyən edilib - Cəlal Əliyev
Mikromaliyyə sektorunun inkişafı maliyyə inklüzivliyi və sahibkarlığın dəstəklənməsi, məsuliyyətli kreditləşmə, uzunmüddətli maliyyə resurslarına çıxış, təhlükəsiz rəqəmsallaşma, eləcə də sosial və ekoloji təsirin ölçülməsi üzərində qurulmalıdır. Bunu “İnkişaf üçün Maliyyə” BOKT-nin İdarə Heyətinin sədri, AMFA Müşahidə Şurasının sədri Cəlal Əliyev bildirib.
O deyib ki, Mərkəzi Bankın mikromaliyyə modeli üzrə strateji çərçivə sənədinin hazırlanması və təsdiqlənməsi sektorun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühümdür. Çərçivənin icrasında dövlət qurumları, bank olmayan kredit təşkilatları, investorlar və inkişaf tərəfdaşlarının əməkdaşlığı vacibdir.
“Birincisi, maliyyə inklüzivliyi və sahibkarlığın dəstəklənməsidir. Digər əhəmiyyətli istiqamət məsuliyyətli kreditləşmə və institusional dayanıqlıqdır. Üçüncü, uzunmüddətli maliyyə resurslarına və investisiyalara çıxışdır. Dördüncü, təhlükəsiz rəqəmsallaşma və etibarlı məlumat infrastrukturudur. Beşinci, sosial və ekoloji təsirin nəzərə alınması və ölçülməsidir”, – Əliyev deyib.
Əliyevin sözlərinə görə, son illərdə Mərkəzi Bank BOKT-lərin fəaliyyətinin və korporativ idarəetməsinin təkmilləşdirilməsi, prudensial tənzimləmə və risklərin idarə olunması qaydalarının gücləndirilməsi istiqamətində addımlar atıb. O, 2025–2026-cı illərdə bu sahədə görülən işləri sektorun inkişafı baxımından müsbət qiymətləndirib.
“Kapital dayanıqlığının gücləndirilməsi, borcalanların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsi, məsuliyyətli kreditləşmə və istehlakçı hüquqlarının qorunması istiqamətində xeyli iş görülüb”, – o bildirib.
Əliyev məsafədən kreditləşmədə müştəri təhlükəsizliyinin və məlumatlarının qorunmasının vacibliyini vurğulayıb. “Maliyyə xidmətinin sürəti ilə yanaşı, onun etibarlılığı, şərtlərinin aydınlığı və müştərinin qərar verməsi üçün lazım olan məlumatlar diqqət mərkəzində olmalıdır”, – deyib.
O, kiçik fermerlər üçün maliyyələşmənin texniki dəstəklə tamamlanmasını, həmçinin suya qənaət, alternativ enerjidən istifadə, enerji səmərəliliyi və iqlim dəyişmələrinə uyğunlaşmanı dəstəkləyən maliyyə məhsullarının inkişafını perspektivli istiqamətlər kimi qeyd edib.