Mikromaliyyənin kredit bazarındakı payı 6 faizdir - komitə sədri
Bank olmayan kredit təşkilatlarının ümumi kredit portfelində payı son məlumatlara görə 6 faizdir, lakin mikromaliyyə sektorunun iqtisadi və sosial təsiri bu göstəricidən daha böyükdür. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
O deyib ki, bank olmayan kredit təşkilatları əsasən bank maliyyələşməsinə çıxışı məhdud olan mikro və fərdi sahibkarlara, fermerlərə, özünüməşğul şəxslərə və regionlarda yaşayan müştərilərə xidmət göstərir. Buna görə mikromaliyyənin rolunu yalnız ümumi kredit bazarındakı payı ilə ölçmək düzgün olmaz.
“Mikromaliyyənin dəyəri ayırdığı vəsaitin həcmi ilə yanaşı, həmin vəsaitin yaratdığı iqtisadi və sosial nəticə ilə ölçülməlidir”, – Əmiraslanov deyib.
O qeyd edib ki, bəzən 25 min manatlıq mikrokredit kiçik sahibkarın, fermerin və ya vətəndaşın həyatında ciddi müsbət dəyişiklik yarada bilər.
Əmiraslanov mikromaliyyənin əhəmiyyətini orta təbəqənin və kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqələndirib.
“Cəmiyyətin özünün dayanıqlı olması orta təbəqədən asılıdır. Orta təbəqənin formalaşması isə kiçik, orta sahibkarlığın inkişafını tələb edir”, – o bildirib.
Komitə sədrinin sözlərinə görə, mikromaliyyə institutları davamlı iqtisadi artımın təmin olunmasına, iqtisadiyyatın və maliyyə mənbələrinin şaxələndirilməsinə, sahibkarların maliyyə resurslarına çıxışına töhfə verir. O, bu institutların özünüməşğulluğun təşviqi, sosial bərabərsizliyin və yoxsulluğun azaldılması, həmçinin regionların və kənd yerlərinin sosial-iqtisadi inkişafı üçün mühüm maliyyə mexanizmi olduğunu deyib.
Əmiraslanov mikromaliyyə sektorunun özünün də dayanıqlı olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mikromaliyyələşmə sadəcə maliyyə sektorunun bir seqmenti deyil: mikrokreditlər vasitəsilə dövlətin sosial-iqtisadi sahədəki strateji vəzifələrinin həyata keçirilməsinə dəstək göstərilir.
Gülnar Nazimqızı