Azərbaycanda sekuritizasiya bazarının inkişafına mane olan 3 əsas amil açıqlanıb
Azərbaycanın kapital bazarında sekuritizasiya mexanizminin tam tətbiq olunması üçün hüquqi baza, məlumatların şəffaflığı və xidmət infrastrukturu sahəsindəki boşluqlar aradan qaldırılmalıdır.
Bu fikirləri “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev bildirib.
İsi Mustafayevin sözlərinə görə, hazırda ölkə bazarında tam sekuritizasiya olmasa da, təminatlı istiqrazlar kimi ona oxşar alətlərdən istifadə edilir. Belə istiqrazların buraxılışında bank zəmanəti, girov və ya kredit portfeli təminat kimi çıxış edə bilir. Lakin sekuritizasiya prosesi daha ciddi tənzimləmə və ümumi prinsiplər tələb edir.
"Qanunvericilikdə sekuritizasiya tənzimlənmir. Lakin Mərkəzi Bankın dəstəyi ilə hazırlanan qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Banklar kredit portfeli və problemli borclar barədə mütəmadi məlumat açıqlasa da, Bank Olmayan Kredit Təşkilatlarında (BOKT) bu öhdəlik yoxdur. Bu da investorların portfelin keyfiyyətini qiymətləndirməsini çətinləşdirir. Borc alan öhdəliyini yerinə yetirə bilmədikdə, həmin portfelin necə yığılacağı və investorlara pulun hansı mexanizmlə qaytarılacağı dəqiq müəyyənləşdirilməlidir",- o deyib.
İsi Mustafayev vurğulayıb ki, investorlar risk yaranacağı təqdirdə ödənişlərin necə həyata keçiriləcəyini əvvəlcədən aydın şəkildə bilməlidirlər.
Gülnar Nazimqızı
Son xəbərlər