Regionların büdcədən asılılığı azalır

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 17,1% olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 1,7 faiz bəndi azdır və fiskal qaydanın tətbiqindən sonra ən aşağı göstərici hesab olunur. Bunu maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin təqdimatı zamanı bildirib.
Nazirin sözlərinə görə, 2029-cu ildə bu göstəricinin 13%-ə, 2030-cu ildə isə 12%-ə endirilməsi hədəflənir.
Bildirilib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə səviyyəsi 2027-ci ildə 90,1% olacaq. Bu, 2026-cı illə müqayisədə 2,1 faiz bəndi azdır. 2030-cu il üçün hədəf isə bu göstəricini 100%-ə çatdırmaqdır.
İcmal büdcənin gəlirlərində qeyri-neft gəlirlərinin payının 64,5% olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 1,5 faiz bəndi çoxdur. 2030-cu ilədək həmin payın 70,4%-ə çatdırılması nəzərdə tutulur.
Sahil Babayev qeyd edib ki, 2027-ci ildə icmal büdcə xərclərinin qeyri-neft ÜDM-ə nisbəti 46,2% təşkil edəcək.
Onun sözlərinə görə, Azərbaycanın büdcəsi regionda investisiyayönümlü büdcələrdən biridir. İnvestisiya xərclərinin büdcədə payı 32,5% proqnozlaşdırılır. Müqayisə üçün qonşu ölkələrdə bu göstəricinin 6-17% arasında olduğu bildirilib.
Təhsil və səhiyyə xərclərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 3,6% və 1,5% olacağı gözlənilir. Aqrar sektora ayrılan vəsaitin kənd təsərrüfatının ÜDM-də payına nisbəti isə 15,8% təşkil edəcək. Nazir bu göstəricinin MDB üzrə orta səviyyədən (13,2%) yüksək olduğunu qeyd edib.
Nazir bildirib ki, rayonların dotasiyadan asılılığı tam aradan qalxıb.
2027-ci ildə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azdır.
























