Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 2027-ci ildə Azərbaycana idxalın həcminin 19 milyard dollar olacağını gözlədiklərini açıqlayıb. Bu barədə Bağırov Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gömrük xətti ilə büdcə gəlirlərinin proqnozlaşdırılması idxalın həcmi, gömrük rüsumları, aksizlər və ƏDV üzrə hesablamalar əsasında aparılır.
Bağırov Milli Məclisin komitə iclasında bildirib ki, gəlirlərin proqnozlaşdırılması zamanı idxalın həcmi ilə yanaşı, tətbiq olunan tariflər və digər ödəniş növləri də nəzərə alınır.
“Ümumilikdə formalaşan növbəti büdcə ili üçün proqnozlaşdırılan rəqəm idxal həcminə və tədiyə növləri üzrə hesablamalara əsaslanır. Biz hesab edirik ki, növbəti il üzrə 19 milyard dollar məbləğində idxalın həcmi baş verməlidir. Bu baş versə, gömrük hesablamaları nəticəsində formalaşan rəqəm proqnoz baxımından təmin edilə biləcək”, - o deyib.
Komitə sədri qeyd edib ki, ötən il gömrük xətti ilə proqnozlaşdırılan gəlirlər tam toplanmayıb. Buna logistika marşrutlarında daşımaların həcmi və qiyməti, sığorta xərcləri, qlobal iqtisadi və geosiyasi proseslər təsir göstərib.
“Gömrük gəlirləri xətti ilə toplanan gəlirlər təkcə malların faktiki ödənilmiş invoys dəyərlərinə əsaslanmır. Buraya həm daşınma, həm də sığorta xərcləri daxildir. Bu sahələrdəki dəyişikliklər qlobal iqtisadi proseslərdən və geosiyasi amillərdən asılıdır”, - Bağırov bildirib.
O, gömrük gəlirlərinin proqnozlaşdırılması metodologiyasının təkmilləşdirilməsi üzərində Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankla birgə iş aparıldığını da açıqlayıb.
Bağırovun sözlərinə görə, idxalın həcminin ötən illə müqayisədə 4 faiz artması növbəti dövr üçün müəyyən nikbinlik yaradır. Bununla belə, proqnozun icrası iqtisadi və xarici amillərdən asılı olacaq.
Komitə sədri gömrük orqanlarının fiskal funksiyası ilə yanaşı, iqtisadi təhlükəsizliyin və cəmiyyətin qorunması istiqamətində rolunun da artdığını bildirib.
“Son zamanların tendensiyası göstərir ki, gömrük orqanlarının cəmiyyətin qorunması funksiyalarına həm deputatlar, həm də cəmiyyət tərəfindən böyük diqqət göstərilir. Artıq ölkəmizdə gömrük orqanlarının fəaliyyəti təkcə fiskal siyasətin həyata keçirilməsi baxımından deyil, cəmiyyətin qorunması sahəsində gördüyü işlərə görə də qiymətləndirilir”, - o qeyd edib.
Bağırov əlavə edib ki, iqtisadi inkişaf artdıqca gömrük orqanlarının fiskal siyasətdəki rolunun azalması, cəmiyyətin qorunması funksiyasının isə önə çıxması gözlənilir. Hazırkı şəraitdə isə fiskal funksiyanın gömrük orqanlarının əsas vəzifələrindən biri olaraq qaldığını vurğulayıb.
Komitə sədri sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində gömrük güzəştləri və prosedurlarının tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, ƏDV üzrə azadolmaların idxal hissəsində genişləndirilməsi hazırda müzakirə edilmir, çünki bu vergi büdcə gəlirlərində böyük paya malikdir.
Bunun əvəzinə ƏDV-nin ödənilmə müddətinin mərhələli şəkildə uzadılması imkanına baxılır.
“Biz ƏDV-nin ödənilməsi məsələsinin mərhələli formada həyata keçirilməsi üzərində iş aparırıq. Bu təşəbbüslə hələ hökumətə müraciət etməmişik, amma onu səsləndirəcəyik və rəsmi formada təqdim edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, burada idxal zamanı ƏDV-dən azadolmadan söhbət getmir. Sadəcə onun ödənilmə müddətinin bir qədər sonraya keçirilməsi məsələsi nəzərdən keçirilir”, - Bağırov bildirib.
O, istehsal və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün emal və digər gömrük prosedurlarının da dəstəkləyici mexanizmlər kimi tətbiq edildiyini qeyd edib.

Son xəbərlər 
Daha çox 






















