Əsabəli Mustafayev: Cavid Hüseynovun vəkili nəyə sevinir? - AÇIQLAMA

13:55 | 04.11.2015
Əsabəli Mustafayev: Cavid Hüseynovun vəkili nəyə sevinir?  - AÇIQLAMA

Əsabəli Mustafayev: Cavid Hüseynovun vəkili nəyə sevinir? - AÇIQLAMA

"Məhkəmə-Tibbi Ekspertizanın mərhum jurnalist Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığının olmaması rəyi ilə razılaşmırıq”

Qeyd edək ki, noyabrın 3-də mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktı üzrə təqsirləndirilən sabiq futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov mətbuata açıqlama verib və o, xüsusi komissiyanın rəyinin hazır olduğunu deyib. Onun ictimaiyyətə açıqladığı informasiyaya görə, Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığı faktı aşkar olunmayıb. 

Məhkəmə-Tibbi Ekspertizasının bu qərarını zərərçəkən tərəf necə qarşılayıb? Bunun istintaqa hansı təsiri olacaq? Cinayət işi ilə əlaqədar yeni vəsatətlər istintaq qrupunun rəhbərinə təqdim edilibmi? Məhkəmə-Tibbi Ekspertizasının qərarı ilə zərərçəkmiş tərəf nə vaxt tanış olacaq?
 

 
Vəkil Əsabəli Mustafayev 

Zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizanın son rəyi ilə razılaşmadıqlarını deyib: "Çünki bununla bağlı əlimizdə faktlar da var. Həkim səhlənkarlığı səbəbindən Rasim Əliyev dünyasını dəyişə bilər. Komissiyanın qəbul etdiyi rəylə hələ yaxından tanış olmamışam. İstintaq qrupundan bizə bildirdilər ki, qarşı tərəf rəylə tanış olduqdan sonra onu bizə təqdim edəcəklər”.

Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyinin obyektivliyə xidmət etmədiyini deyən Əsabli Mustafayev eyni zamanda qarşı tərəfin, xüsusən də jurnalistin ölüm faktı üzrə həbs olunan  "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədovun sevincinin səbəbini anlaya bilmədiyini də qeyd edib: "Hesab edirik ki, bu qərar obyektiv sayıla bilməz. Amma eyni zamanda bu qərarın çıxmasına vəkilin sevinməsi nəyə lazımdır ki? Bu, mənə çatmadı. Nəyə görə sevinir?”

Ə.Mustafayev onu da qeyd edib ki, xüsusi komissiyanın obyektiv rəy verməsində şübhəli bilinən tərəfin özü də maraqlı olmalı idi: "Ölüm faktının həkimlərin səhlənkarlığı ucbatından baş verməsi rəyinin verilməsi əslində təqsirləndirilən şəxslərin vəkillərinin ürəyincə olmalı idi”. 

Vəkil Əsabəli Mustafayev əslində komissiyanın belə bir rəy verəcəyini ehtimal etdiklərini bildirib: "Çünki bu komissiya nazirliyə tabe olduğu üçün həmin qurum təşkilat məqamlarını və digər maraqları əsas götürəcəkdi, bunu biz əvvəldən bilirdik. Əgər rəydə 1 saylı şəhər klinik xəstəxanasının həkimləri günahlandırılsaydı, bu öz növbəsində elə Səhiyyə Nazirlyinin özünün kəskin tənqid olunması demək olardı. Onsuz da hazırda Səhiyyə Nazirliyinə iradlar çoxdur. Əlbəttə, rəsmilər istəməz ki, əlavə bir töhmət də qazansınlar.  Komissiya belə bir rəy qəbul edibsə, biz onu müqayisələndirməyə çalışacağıq. Çünki hesab edirik ki, göstərilən tibbi yardım keyfiyyətli olmayıb. Daha doğrusu, bizdə olan faktlara görə ümumiyyətlə, tibbi yardım göstərilməyib. Bu səbəblərə görə də həkimlər məsuliyyətə cəlb edilməlidirlər”. 
 
Vəkil sonda vurğulayıb ki, 2 gündən sonra jurnalistin öldürülməsi ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Kamran Məmmədovla görüşəcək və mərhumun ailəsinin qaldırdığı yeni vəsatətləri təqdim edəcək: "Bu vəsatətlərin indidən nələrdən ibarət olduğunu demək istəmirəm”.

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının "Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

İstintaq zamanı R.Əliyevə məxsus "iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM