"Etimad tədbirləri təhlükəsizliyə xələl yetirməməlidir" - Xələf Xələfov

11:43 | 25.01.2017

"Etimad tədbirləri təhlükəsizliyə xələl yetirməməlidir" - Xələf Xələfov

"Danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülüb”.

ANN.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu haqqında Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 48-ci iclasında deyib.

X.Xələfovun sözlərinə görə, 2002-ci ildən etibarən xarici işlər nazirlərinin müşavirələri ilə müşayiət olunan Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutub: 

"Bakı və Həştərxan zirvə toplantılarında, ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə edilib. Dövlət başçıları və xarici işlər nazirləri səviyyəsindəki görüşlər səylərin birləşdirilməsi, mövqelərin daha da yaxınlaşması və mühüm nəticələrin əldə olunması üçün əlverişli imkan yaradıb". 
 

 
X.Xələfov bildirib ki, Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti Zirvə Toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq: 

"Bu, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcək. Bu məqsədlə, Konvensiya layihəsinin Xəzəryanı dövlətlərin Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına azad çıxış hüququ, hərbi gəmilərin digər tərəflərin milli suverenliyi altında olan ərazi sularından keçid hüququ, eləcə də kabellərin və boru kəmərlərinin çəkilməsi, çıxış xətlərinin qurulması metodikası və Xəzər dənizinin dibinin və təkinin bölünməsi ilə bağlı əsas müddəalarının tezliklə razılaşdırılması üçün səylərin birləşdirilməsi zəruridir. Biz, Xəzərin orta və cənub hissələrində dəniz dibinin bölünməsi məsələlərinin tezliklə həll edilməsində maraqlıyıq və Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişlərə xüsusi önəm veririk”.

Nazir müavini qeyd edib ki, Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir:

"Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam edir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcək: "Hazırda Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılmaqdadır. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər, Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər-hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik”.

Vüsal Əzizov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb