Həmidə Ömərova: "Əcnəbiyə vurulmağım mənə çox ağrı yaşatdı" - ETİRAFLAR

14:51 | 21.10.2014
Həmidə Ömərova: "Əcnəbiyə vurulmağım mənə çox ağrı yaşatdı" - ETİRAFLAR

Həmidə Ömərova: "Əcnəbiyə vurulmağım mənə çox ağrı yaşatdı" - ETİRAFLAR

Həmidə Ömərova “İS(İ)MİN HALLARI” layihəsində
 
ADLIQ
 
Mən Bakıda  müəllim ailəsində doğulmuşam. Atam Qazax rayonundan, anam Bakıdan idi. Atam fransız, anamsa ingilis dilini tədris edirdi.
Mən məktəbdə bir oğlana vurulmuşdum. Bir gün evə gəlib, dedim: “Nənə, ərə gedirəm”. Namaz qılan, yaşlı qadınıydı, başladı məni danlamağa: “Qızım, başına hava gəlib?” Mən də nənəmdən xahiş etdim ki, bu məsələni anama deməsin. Anam çox zabitəli qadınıydı. Ondan çox qorxurdum, çəkinirdim. Səhər yuxudan oyananda gördüm ki, evdəkilər pıçıldaşıb, gülüşürlər.
Mən həmişə bir şahzadə gözləmişəm, gəlib ağ atında məni aparsın. Çox xəyalpərvər, romantik olmuşam. 
Son zəng günü mən bütün müəllimlərə ithaf etdiyim şerimi oxudum. Müəlliməm bizə baxıb, ağlayırdılar.
Mən necə pivə sevməyə başladım, onu danışım. Bir dəfə, Pirallahı adasında çəkilişdə olanda yenə havanın şıltaqlığı tutub, şəhərlə əlaqəmiz kəsilib. Suyumuz da qurtarıb, ancaq yeşiklərdə pivələr qalır. Litvalı xalq artisti Eqle dedi, dəniz suyu içməyəcəyik ki, gəl pivə içək. Bəlkə heç motorlu qayıq gəlmədi... O içdi, mən axşamacan dözdüm. Axırda dedim bir qurtum da mənə ver. Birinci iyrəndim, sonra yenə... elə öyrəndim...
Mən ildə 3-4 filmə çəkilirdim. Vaxtımın çoxu çəkiliş meydançalarında keçirdi. Ailə barədə düşünməyə, sevgi münasibətlərinə belə vaxt yox idi. Amma 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasını özəlləşdirdilər. Aktyorların hamısı işsiz qaldı. Hərdən fikirləşirəm, bəlkə də Azərbaycanfilm Kinostudiyası bağlanmasaydı, indiyə qədər də ailə qurmazdım.
O, mənə heç əhəmiyyət vermirdi. Bəlkə də mənə əhəmiyyət verməyən yeganə kişiydi deyə, mən də ona fikri verməyə başladım və evləndik.
Mən 17 yaşımdan öldüyü günəcən atamı görməmişəm. 86-cı il idi. Teleqram gəldi... Kinostudiyadan maşın verdilər, yaşı qədər – 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım.
Mən ana kimi xoşbəxtəm, həyat yoldaşı kimi bədbəxt.
Mən öz qəhrəmanlarımın taleyi ilə yaşayıram.
 
YİYƏLİK
 Anamgilin dediyinə görə, "Şaxta baba əhvalatı" olanda mənim təxminən 3-4 yaşım varmış. Deməli, bağçada yolka şənliyidir.  Valideynlər də gəlib. Şaxta baba şənliyin sonunda uşaqlara hədiyyə paylayır. Növbə mənə çatanda, mən hədiyyədən imtina etmişəm. Hamı məəttəl qalıb ki, mən nə üçün hədiyyə istəmirəm. Şaxta baba mənə deyib ki, hədiyyəni götürüm, sonra nə desəm, Şaxta baba onu da yerinə yetirəcək. Mən Şaxta babaya demişəm ki, hədiyyəni götürürəm, amma siz elə eliyin ki, atamla anam həmişə bir yerdə - mənim yanımda olsunlar.
Mənim heç yadımda çıxmaz, Moskvada dünya gənclərinin qurultayı keçirilirdi. Biz də getmişdik,  Kremlin Qurultaylar sarayında açılış oldu, foyeyə çıxanda uşaqlar pıçıldadılar ki, “Heydər Əliyev, Heydər Əliyev”. Bir neçə nəfərlə dayanmışdı. Pıçıltımızı eşidib döndü, bizi basdı bağrına. Yanındakı adamlara fəxrlə dedi ki, “Bunlar mənimkilərdi, azərbaycanlılardı”. Biz də cavan uşaq idik, o rəhmətlik elə fəxrlə dedi ki, özümüz də başladıq fəxr eləməyə ki, azərbaycanlıyıq...
Mənim şəklimi 80-ci illərin ortalarında kinoteatrlarda asmışdılar. Gənclərdən bircə mənim şəklim var idi. Bir dəfə “Dostluq” kinoteatrına getdim ki, şəklim yoxdu. Maraqlandım, dedilər camaat şəkli oğurlayır.
Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mən onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi. Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi.
Mənim ərim məcbur elədi ki, sənətini atacaqsan. Gör onu nə qədər sevmişəm ki, atdım. Kinonu da, “Retro”nu da atdım. Amma bir il.  Bir il dözdüm, sonra dözmədim.
Neçə illərdir mənim ürəyimdə boşluqdur. Və mən bununla çoxdan barışmışam.
Mənim kimi ailələr çoxdur. Mən artıq ona, sadəcə, oğlumun atası kimi hörmət edirəm. 
 
YÖNLÜK
Mənə ilk məhəbbətimdən qalan yalnız əlaçılıq oldu.
O dövrdə dəb idi, qızlar həkim, oğlanlar hüquqşünas olmaq istəyirdi. Anamın da arzusu idi ki, mən həkim olum. Onun istəyi mənim üçün qanun idi. Ona görə biologiyanın üstünə düşmüşdüm, çox oxuyurdum. Qızıl medal alanlar tək fəndən imtahan verirdi. Mən də qızıl medala arxayın olub, tək biologiyadan hazırlaşırdım. Elə oldu ki, qızıl medal verməsinlər deyə, mənə cəbrdən dörd verdilər. Və mən fikrimi dəyişib, aktrisa oldum.
Tələbə vaxtı rejissorluqda oxuyan bir əcnəbi oğlana vuruldum. Bu məhəbbət mənə böyük ağrı yaşatdı. 
Ömrünün son altı ilini mən anama ana olmuşam. “Amneziya” idi, elə bilirdi anasıyam, mənə “ana” deyirdi. Mən də ona “qızım” deyirdim.
 
TƏSİRLİK
Mən balaca olanda atam rayonda işləyirdi. Anam isə mühitə alışa bilmədiyindən məni də götürüb Bakıya dönmüşdü.
Anam məni kənara çağırıb, dedi ki, bax, sən əgər əlaçı olsan, pinti olmasan, ağ önlüklə gedib, qara önlüklə geri qayıtmasan, ağ “bantik”lərini “çernil” etməsən, özünü yaxşı aparsan, məktəbi qurtaranda o oğlana ərə gedərsən. Mən də, “yox, yox, məktəbi qurtaranda yox, mama, bir az tez gedərəm?” O da “yaxşı” deyib, razılaşdı.
Mənə ləzzət edirdi ki, xoşlandığım oğlan məni tuta bilmirdi. Dayım oğlanlarının arasında böyümüşdüm deyə, oğlan kimiydim.
Birinci sinifdə oxuyanda doqquzuncu siniflərin qarşısında Lermontovdan, Puşkindən əzbərdən uzun-uzun şerlər deyərdim. Onlar da məni alqışlayardılar.
Ailə qurmağa çətinlik çəkirdim. Çox populyar idim, görürdüm məni daha çox karyerama görə istəyirlər.
Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım.
 
YERLİK
Məndə, ümumiyyətlə, çılğın sevgi heç vaxt olmayıb.
Uğur qazanmaqdan, komplimentdən başgicəllənmə hər yaşda olsa da, düzü, bu məndə gənclikdə olub.
İnstitutda idim, çəkildim və başladım tanınmağa. Bu isə dəhşətli prosesdi. Biri var deyirlər bu filan filmdəki qızdı. Bir də var biri deyir odur? O biri deyir yox, o deyil. Və başlayırlar... Bizim millət gözünün qabağında səni ayağından tutmuş başınacan üzünə qarşı müzakirə edir. O vaxtdan məndə qara gözlük kompleksi yarandı, indiyəcən istifadə edirəm.
 
ÇIXIŞLIQ
Məndən bunları soruşanda… Hansı millətdə görünüb yaxınlaşıb küçədə aktrisaya desinlər, “Aaa, heyf sizdən... Cavanlıqda elə gözəl idiniz, nə günə qalmısınız!” Adam istəyir gedib özünü öldürsün…
Kinostudiya bağlandı və biz 13 nəfər aktyor İrana, filmə çəkilməyə dəvət aldıq. Orda otaqları təmizləmək üçün bizə bir qadın vermişdilər. Dəqiq yadımda qalmayıb, ya adı İran idi biz onu Tehran çağırırdıq, ya da Tehran idi, biz İran çağırırdıq. Otaqda üç nəfər aktrisa qalırdıq. Bir dəfə bu İran-Tehran yatağımızı yığışdıra-yığışdıra məndən yaşımı soruşdu, dedim 33. Dedi “neçə uşağın var?” Dedim “ərə getməmişəm”. Gözləri bərəlmiş, şappıltıyla üzümə dedi ki, “bəs sən nə vaxt uşaq doğacaqsan? Mənim 32 yaşım var, dörd uşaq anasıyam”.
Bir il analıq məzuniyyətindəydim deyə, “Retro” verilişini aparmadım. Sonra ərim işlə bağlı xaricə getmişdi. O vaxt bir dəfə “Retro” verilişinə çıxdım. O da qayıdandan sonra xəbər tutdu. Dedi, “sən məndən icazəsiz bunu etməklə bizim xoşbəxtliyimizə son qoydun”.
Anamın ruhu hələ də məndən əl çəkmir…
TƏNHALIQ
 Bir nəfər var idi, adını çəkməyəcəm, iş yoldaşlarımdan biri idi. Həmişə mənimlə zarafatlaşırdı. Düz beş il idi nə vaxt məni görsə aramızda belə dialoq olurdu:
- Elçilərimi nə vaxt göndərim?
- Sabah yox, birisigün.
- Onda kartof qızart, bizimkilər gələcək...
Həmişə belə zarafatlar eləyirdik. İrandan qərarlı gəlmişəm, dəhlizdə onu gördüm, yenə soruşdu:
- Elçiləri nə vaxt göndərim?
- Sabah!
- Onda kartof qızart...
- Mən zarafat eləmirəm ha!
- Necə zarafat eləmirsən, biz beş ildir səninlə belə zarafatlaşırıq...
- İndi isə zarafat eləmirəm. Göndərirsən, göndər! Göndərməyənin!
Qıpqırmızı qızardı, dedi, bax, göndərərəm ha! Dedim bax də...
Atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı gəldilər. Əvvəlcədən də anama İran əhvalatını danışmışam. Anam rəhmətlik bizə kim gələrdi başlayardı ki, qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur... Amma bu dəfə susdu, məni pisləmədi...
Anam həmişə mənə deyirdi ərə getmə. Mən getdim nə oldu ki, sən də gedəsən nə ola? Anam məni o ruhda böyütmüşdü ki, özün üçün yaşa, ailə həyatı həmişə qura bilərsən. Sən yaradıcı adamsan. Anam özü bədbəxt olmuşdu deyə istəmirdi mən də bədbəxt olum, qorxurdu. Ümumiyyətlə, nikaha münasibəti pis idi...
Onun da anasını əməliyyat elədilər, gördülər xərçəng metastaz verib, bağladılar. Dedim anana baş çəkmək istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda mənə bir söz dedi... Bilmirəm onu demək düzgündür, ya yox... Nə gizlədim, deyəcəyəm. Qoy başqa qadınlar da nəticə çıxartsınlar. Öz oğlanlarını bədbəxt eləməsinlər. Anası dedi “İndiki qızlar otururlar, otururlar, yaşları keçəndə kim gəldi gedirlər”. Bu sözü oğlana demədim, amma ondan uzaqlaşdım... 
Dedim sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi... Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir... Bu məsələ bitdi...
Sonra elə oldu ki, məndən bir yaş böyük oğlanla tanış oldum, qısa müddətə sevdim və ailə qurdum. Ana olmağa hazırlaşdırdım, son aylarım idi, yenə dəhlizdə onunla rastlaşdım…
Bir dəfə yaxınlaşdı ki, sənə sözüm var: “Anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, “Gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum””. O oğlan indiyəcən ailə qurmayıb...
Kult.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb