Azərbaycanda ehtiyatda olan əsgərlərə təlimlərdə iştirak etmək üçün bildirişlər göndərilir. Bu barədə anews.az-a adının açıqlanmasının istəməyən şəxs məlumat verib.
"Mən 2021-ci ildə hərbi xidməti başa vurmuşam. Hazırda isə məni yenidən təlim adı ilə çağırırlar. Rayonda məndən başqa bir neçə nəfərə də bildiriş gəlib. Rayondakı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək, məsələni aydınlaşdırmağa çalışacam",- mənbə bildirib.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov anews.az-a açıqlamasında bildirdi ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatçılığa əsas yoxdur",-şöbə rəisi söyləyib.
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də bu təlimlərə cəlb edilə bilər.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !