Holokost qurbanlarından Fələstinə dəstək

21:09 | 25.08.2014
Holokost qurbanlarından Fələstinə dəstək

Holokost qurbanlarından Fələstinə dəstək

Yəhudilər İsraili genosid törətməkdə suçlayır

“BBC”-nin xəbərində deyilir ki, 6 milyon yəhudinin faşizmin ölüm düşərgələrində öldürülməsinin rəmzi kimi tanınan  Holokost qətliamından sağ qalanların 300 nəfər üzvü və onların nəvə-nəticələri Qəzzanı bombardıman edən İsraili “genosid”  ittihamı ilə suçlayıblar. 

Beynəlxalq Yəhudi Anti-Sionist Şəbəkəsi bu bəyanatı reklam mətni kimi (ödəniş əsasında) “New York Times” qəzetində yerləşdirib. 

Bu bəyanat Holokostdan sağ çıxmış Elie Viselin “Həmas”ı nasistlərlə müqayisəsinə cavab hesab olunur. 

Bu dəfə Qəzzada baş verən hərbi əməliyyatlar zamanı 2 min nəfərdən çox adam ölüb. Onların əksəriyyəti mülki şəxslərdir.  İsrail tərəfi isə 68 nəfər itirib. Onların isə əksəriyyəti hərbçilərdir. 

Qəzzada baş verən faciəli hadisələr ABŞ-da geniş əks-səda doğurub. Bununla bağlı ölkənin müxtəlif yerlərində pro və anti-İsrail mitinqləri keçirilib. 

“New York Times” qəzetində gedən bəyanatı Holokostdan sağ çıxmış 40 nəfər imzalayıb, Holokosta bağlı insanların 287 nəfər nəvə-nəticəsi də bu bəyanata qoşulub. 

Onlar tələb edirlər ki, Qəzza blokadası aradan qaldırılsın, İsrail isə törətdiyi əməllərə görə blokadaya alınsın. 

“Yəhudi olaraq Holokostdan sağ çıxan bizlər və Holokosta bağlı insanların nəvə-nəticələri, nasizmin yeritdiyi genosid siyasətinin qurbanları olaraq biz birmənalı şəkildə Qəzzada fələstinlilərin qətliam edilməsini pisləyirik. Biz tarixi Fələstində davam edən işğalı və müstəmləkəçilik siyasətini rədd edirik”,  - bəyanatda deyilir.

Beynəlxalq Yəhudi Anti-Sionist Şəbəkəsi 2008-ci ildə yaradılıb. Sol yönümlü kiçik təşkilatdır. Bir qayda olaraq İsraili ən kəskin ifadələrlə tənqid edir.

“BBC” radiosu qeyd edir ki, Qəzza 2007-ci ildə, “Həmas” iqtidara gəldikdən 1 il sonra İsrail tərəfindən blokadaya alınıb. Eyni zamanda “Həmas”ı özünə təhlükə hesab edən Misir də Qəzzanın cənub tərəfini blokadaya salıb. 

Musavat.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM