İndoneziya səfiri Quba məzarlığını ziyarət edib

22:40 | 03.05.2017
İndoneziya səfiri Quba məzarlığını ziyarət edib

İndoneziya səfiri Quba məzarlığını ziyarət edib

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
 
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, məzarlığı ziyarət edən səfirliyin nümayəndələrinə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından bəhs edilib. 
 
Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
 
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı bildirilib ki, bu kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
 
Səfirin başçılıq etdiyi nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. İcra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara Quba rayonu haqqında ətraflı məlumat verib. Görüşdə iki dost xalq arasındakı qarşılıqlı münasibətlərdən danışılıb.
 
Bu gün isə Qubada Azərbaycan-İndoneziya biznes forumu keçirilir. İki ölkə arasında işgüzar əlaqələrin artırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılan biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən indoneziyalı sahibkarlar da  iştirak edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb