İnterpol azərbaycanlı plastik cərrahı axtarır

16:14 | 05.09.2014
İnterpol azərbaycanlı plastik cərrahı axtarır

İnterpol azərbaycanlı plastik cərrahı axtarır

Rusiya Federasiyası azərbaycanlı həkim, plastik cərrah Elçin Məmmədovu İnterpol vasitəsilə beynəlxalq axtarışa verib. APA-nın Moskva müxbirinin xəbərinə görə, 1973-cü il təvəllüdlü Rusiya vətəndaşı Elçin Vəli oğlu Məmmədov barəsində məlumatlar İnterpolun saytında yerləşdirilib. O, bir nəfərin ölümündə, bir neçə nəfərin isə şikəst edilməsində şübhəli bilinir. Rusiyanın "Komsomolskaya pravda" qəzeti E.Məmmədovun hazırda Azərbaycanda olduğu barədə məlumat yayıb. Qeyd edək ki, 6 il əvvəl Elçin Məmmədov Moskva sakini Anna Spitsina üzərində plastik əməliyyat keçirib. Əməliyyatdan sonra Anna komaya düşüb və elə həmin gün həyatını itirib. Bundan başqa, həmyerlimiz bir neçə qadını əməliyyat edərkən onları şikəst edib. “Komsomolskaya Pravda” qəzetinin yazdığına görə, E.Məmmədovdan şikayətçi olan insanlar uzun müddət onun məsuliyyətə cəlb edilməsi üçün mübarizə aparsalar da, buna nail ola bilməyiblər. Həmin vaxt E.Məmmədovun Moskvada nüfuzu böyük olub. Onu mərkəzi televiziyanın verilişlərinə qonaq, ekspert qismində dəvət edirlərmiş. Bundan başqa, E.Məmmədov Rusiya Prezidentinin İşlər İdarəsinin nəzdində olan "Lantset" klinikasında (Volınskaya xəstəxanası) və Semaşko Klinik Xəstəxanasının nəzdində olan Estet-Klinikada plastik-cərrah kimi çalışıb. İstintaq materiallarına görə, E.Məmmədov tibbi təhsil alması ilə bağlı sənədləri saxtalaşdırıb. Hətta onun Moskvada saxta cərrah sertifikatının vaxtını da uzadıblar. Moskvanın Simonovski Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb, lakin təhqiqat işi təqsirləndirilən şəxsin axtarışı ilə əlaqədar dayandırılıb. Məlum olub ki, E.Məmmədov 2012-ci ildə Azərbaycana qaçıb və oradakı klinikaların birində işə düzəlib. Zərərçəkən Kiril Spitsin iki il ərzində Elçin Məmmədov barəsində axtarış materiallarının İnterpola verilmədiyini öyrənib. "Komsomolskaya pravda" qəzeti Rusiya İstintaq Komitəsindən və Moskva Şəhər Prokurorluğundan Elçin Məmmədov barəsində axtarış materiallarının İnterpola verilməsini xahiş edib, bundan sonra İnterpolun rəsmi saytında Elçin Məmmədovun beynəlxalq axtarışa verilməsi ilə bağlı məlumat yerləşdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM