"İntihar körpüsü", "Yanan bina" - nə üçün belə deyirik?

17:07 | 29.10.2015

"İntihar körpüsü", "Yanan bina" - nə üçün belə deyirik?

Ətrafdakı canlı-cansız nə varsa, hərəsi bir hadisə, bir xatirə ilə yaddaşlarımızda assosiasiya olunur. Müşahidələr göstərir ki, insanlar daha çox mənfi, neqativ, faciəli sonluqla bitən hadisələri, yaxud onların baş verdiyi məkanı, zamanı daha yaxşı yadda saxlayırlar. Eyni zamanda həmin yer, yaxud həmin əşya  mənfi, qəmgin, kədərli  sözlərlə ifadə olunur, adlandırılır.

Misal üçün, bu il mayın 19-da Azadlıq prospekti, 200 ünvanında yerləşən yaşayış binasının yanmasından sonra hər kəs "Yanan bina” adı ilə söhbətin nədən getdiyini yaxşı başa düşürlər. Yaxud Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (əvvəlki adı ADNA) 2009-cu il 30 aprel tarixində baş verən terror hadisəsinin "ADNA terroru”, 1990-ci il yanvar ayının 19-dan 20-ə keçən gecə sovet ordusunun Azərbaycanda törətdiyi qırğının "20 Yanvar” adlandırılmasını da nümunə çəkmək olar. 

Əgər paytaxt sakinlərindən metronun "Koroğlu” stansiyası yaxınlığındakı körpü haqqında sual etsək, bəlkə də çoxları bunu tanımayacaq. Amma "İntihar körpüsü” deyilərsə, çox adam söhbətin nədən getdiyini həmin anı anlayacaq. 

Bu sadalanan hal nəylə bağlıdır? Nə üçün neqativ hallar insanların yaddaşına daha tez həkk olunur və assosiasiyanın qorxu hissi ilə bağlılığı nədən ibarətdir?

Bu sualları cavablandırmaq üçün psixoloq Vəfa Əkbər və Azadlıq prospekti, 200 ünvanın da yanmış binanın sakin İlahə Allahverdiyevaya müraciət etdik.

ANN.Az-a açıqlama verən psixoloq Vəfa Əkbər hesab edir ki, ancaq mənfi hadisələri yadda saxlamaq insan psixologiyası ilə birbaşa bağlıdır: "Əlbəttə ki, ilk səbəb kütlənin həmin hadisənin baş verdiyi ərazini xatırlaması ilə əlaqədardır. Faciəni, neqativ halı daşımaq ağır olduğuna görə kütlənin də yaddaşında bu kimi hadisələr daha dərin iz buraxır. Məsələn, "20 yanvar” hadisələrinə qədər qərənfil sevgililərin ən sevimli güllərindən biri idi. Amma bu hadisədən sonra qərənfil gülü şəhidlərimizin məzarlarının üstünə qoyulmağa başlandı və bununla da o, məzar gülünə çevrildi”. 

Psixoloq daha sonra əlavə edib ki, neqativ hadisələrin unudulmaması sadəcə azərbaycanlılara xas xüsusiyyət deyil: "Yaxşılıq yaddan çıxır, amma pislik heç vaxt unudulmur. Heç kəs demir ki, mən bu ərazidə oturub o qədər gülmüşəm. Amma çoxumuz bunun şahidi olmuşuq ki, birisi "yaddındadır bu yerdə oturub o qədər ağlamışamışıq ki” deyir.  Yəni insanın mənfi xüsusiyyətləri unutmaması insan psixologiyası ilə əlaqədardır. Hər kəs 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisəsi zamanı partladılan Ticarət Mərkəzinin iki binasını belə adlandırır: "Qoşa binalar”. "11 sentyabr terroru”. Yəni  heç kim hadisənin Nyu-Yorkda olmasını, 2001-ci ildə baş verməsini, yaxud terroru kimlərin etməsini uzun-uzadı izah eləmir. İki cümlə ilə ifadə olunan zaman söhbətin nədən getdiyi anlaşılır”.   

Məsələyə Azadlıq prospekti, 200 ünvanında yanğın baş verən binanın sakini İlahə Allahverdiyeva da münasibət bildirib. O, ANN.Az-a açıqlamasında həmin günün heç vaxt yaddan çıxmayacağını deyib: "Əminəm ki, hazırda insanların əksəriyyətindən soruşsanız Azadlıq prospekti, 200 ünvanı hardadır, izə cavab verə bilməyəcək. Amma "Yanan bina” deyən kimi tanıyacaqlar. Çünki bu hadisə neçə-neçə canlar aldı. Hamının gözü qarşısında baş verdi. Məsələ qapalı qalmadı, ictimailləşdi. Ona görə də hamı hələ də bu ərazini belə xatırlayır. Həmin ərazidə yeni bir bədbəxt hadisə baş verərsə, belə, bu yanğın məsələsi yenə də xatırlanacaq. Çünki bu qədər insanın ölümü yaddaşlardan silinə bilməz”.   

Bina sakini daha sonra əlavə edib ki,  pis, bədbəxt hadisələr həmişə çox diqqət cəlb edir: "Bu səbəbdən həmin yer uzun müddət belə yadda qalacaq. Misal üçün, Yasamalda partlamış binanı indiyədək elə adlandırırlar. Amma bu partlayışın üstündən çox uzun müddət keçib. Amma kimdən bu haqdan soruşsan ki, niyə partlayıb, səbəbi nədir? Buna cavab verən olmayacaq. İngilislər belə yerlərə "Landmark” deyirlər, yəni ətrafda olan  hər şeydən fərqlənən bir nişan”. 

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM