"Jurnalist ölümünə son!" aksiyasından - FOTOLAR

14:20 | 12.01.2016

"Jurnalist ölümünə son!" aksiyasından - FOTOLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında jurnalistlərin etiraz nümayişi keçirilib. "Jurnalist ölümünə son!”, "Həkimlər cəzalandırılsın!” şüarları ilə təşkil olunan aksiyanı ANN.TV-nin reportyoru Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesinə buraxılmayan jurnalistlər təşkil ediblər. 

Məhkəmə prosesinə buraxılmayan jurnalistlər, məhkəmə önündə əllərində Rasim Əliyevin şəkilləri ilə aksiya keçiriblər. Aksiyaya polis müdaxilə edərək jurnalistlərin əllərindəki şəkilləri cırıb. Jurnalistlər polis müdaxiləsinə etiraz ediblər. 

Xatırladaq ki, hadisə 2015-cü il avqustun 8-də baş verib. Bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən Rasim Əliyev orada vəfat edib. İnsidentə səbəb R.Əliyevin "Facebook” statusunda futbolçu Cavid Hüseynovu tənqid etməsi olub. Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu tənqid edən Rasim Əliyevə zəng edərək təkzib verməyi tələb etmişdir.

Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Nəticədə, Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşmüşdür. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçmışlar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmamış və avqustun 9-da saat 05 radələrində orada vəfat etmişdir.Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonunda isə Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib.

 
 
 


















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM