Kəpənək ruhlu qadın (HEKAYƏ)

11:45 | 22.01.2014
Kəpənək ruhlu qadın (HEKAYƏ)

Kəpənək ruhlu qadın (HEKAYƏ)

Patrisiya HAYSMİTKəpənək ruhlu qadınBir vaxtlar işvəli bir xanım və onun heç cür başından edə bilmədiyi heyranı var idi. Qadının vədlərini, etdiyi and-amanı ciddiyə alan bu kişi onun yaxasından qopmaq bilmirdi. Sevdiyi xanımın kinayəli sözlərinə də dərin etimadla yanaşırdı o. Heyranının bu davranışı qadını lap tövrdən çıxarırdı, çünki bu, onun başqa kişilərlə ötəri əlaqələr qurmasına, onlardan gül dəstələri, hədiyyələr, birgə yeməyə dəvət təklifləri almasına, şirin komplimentlər eşitməsinə daim əngəl yaradırdı.Bundan cana yığılan İvonna həmin heyranını addımbaşı aşağılamağa, ona yalan satmağa başladı, hər cür diqqəti ondan əsirgəməyi uyğun bildi. Digər heyranlarına qıydığı iltifatlarla müqayisədə ona etdiklərini bir heç də saymaq olardı. Buna rəğmən, Bertran kölgə kimi onun ardınca qaçmaqdan yorulmurdu, çünki o, sevgilisinin bu naz-qəmzəsini adi və qadınlara xas özəllik sayırdı, bunları qadının həyası ilə izah edirdi. Bir ara İvonna heyranı ilə üzbəüz oturub, hər şeyi ona tam səmimi şəkildə anlatdı və ilk dəfə bu adama özüylə bağlı bütün həqiqəti açıb söylədi. Ancaq həqiqətlərə qulağı tıxanan, gözəl qadınların həmişə yalnız yalan dediyinə inanan bu cavan eşitdiyi sözləri uydurma və boş bəhanələr kimi dəyərləndirdiyi üçün qadının ardınca düşməyinə ara vermədi. Onu evinə dəvət edən İvonna süzdüyü isti kakao fincanına mərgümüş qataraq, öz heyranını zəhərləməyə cəhd göstərsə də, Bertran sağ qaldı və düşündü ki, sevdiyi xanım öz bəkarətini sırf ondan qorumaq xətrinə belə ciddi və qorxunc yola baş vurub. Halbuki İvonna hələ on yaşında ikən qızlığını itirmişdi və namusuna toxunulduğunu anasına açıb söyləmişdi. Beləcə, otuz yaşlı bir kişini həbsə atdırmışdı. Zorlamadan öncəki iki həftə boyunca isə qız həmin adama on beş yaşında olduğunu demiş, onun dəli-divanəsi olduğunu təkrarlayaraq, kişini toruna salmışdı. Bu adamın bütün karyerasını sıfırlamaq, arvadını hamının yanında rüsvay eləmək, səkkiz yaşlı qızını isə dərindən sarsıtmaq İvonnaya görünməmiş həzz vermişdi.Bertrana ağıl-nəsihət verən digər kişilər deyirdilər: «Kaş biləydin, ondan bizim başımız nələr çəkib, nələr! Bir-iki dəfə yatağına da salıb bizi. Ancaq heyf, sənə heç bu da qismət olmadı. Unutma, bu qadın qara qəpiyə də dəyməz!» Ancaq Bertran İvonnanın gözündə özünün xüsusi dəyərə malik olduğuna inanırdı, qadına yiyələnmək yolunda göstərdiyi dəyanətin gərəyindən çox olduğuna inanır və bunu özü üçün bir mərifət sayırdı.İvonna öz yeni heyranlarından birini Bertranı öldürməyə razı saldı. Öz tərəfinə çəkmək üçün vəd elədi ki, Bertranı öldürərsə, ona ərə də gedəcək. Həmin adamın əleyhinə bənzər vədi isə Bertrana verdi. Qadının yeni aşiqi Bertranı duelə dəvət elədi və ilk atəşi boşa çıxınca, az öncə öldürmək istədiyi rəqibiylə danışıqlara girişdi. Bertran atəş açmağa hələlik macal tapmamışdı. Söhbət zamanı məlum oldu ki, hər iki duelçiyə onunla evlənmək barədə söz verilib. Sən demə, hər ikisi o qadına bahalı hədiyyələr alıbmış, çətin maddi durumuyla bağlı ona borc pul veribmiş. İndi hər ikisi ona nifrət bəsləsə də, qadından qisas almağın yolunu tapa bilmirdilər. Ən sonda onu öldürmək qərarına gəldilər. Yeni aşiqi İvonnagilə gedib, o axmaq və zəhlətökən Bertranı öldürdüyünü ona xəbər verdi. Sonra Bertran qapını döydü. Kandarda qarşılaşan kişilər yalandan dalaşmağa başladılar. Onları aralaşdırmağa çalışan İvonnanı məhz bu sayədə başına vura-vura döyüb, öldürdülər. Hadisə yerinə gələnlərə isə dedilər ki, onların arasına girən qadın aldığı təsadüfi zərbədən canını tapşırıb.Şəhər məhkəməsinin hakimi də vaxtilə İvonnanın hiyləbazlığından zərər görən, camaat arasında gülünc duruma düşən biri idi. Elə bir ləçərin ölümünə daxilən sevindiyi üçün o, məhkəməni çox da uzatmadı, hər iki cavanı günahsız elan etdi. Gözlərinin önünü eşq toru tutmasaydı, bu cavanların sevdikləri qadını öldürməyəcəklərindən o müdrik hakim tamamilə əmin idi. Özü altmış yaşına vardığı üçün bu cavanlara içində mərhəmət hissi duymaqdaydı.İvonnanın dəfn mərasiminə qatılan yeganə adam sahibəsindən həmişə yaxşı maaş və bəxşişlər alan qulluqçusu oldu. Bu cür kəpənək ruhlu bir qadına qohum-əqrəbası da nifrət bəsləməkdə haqlıydı.Dilimizə cevirdi: Azad YAŞARhttps://www.facebook.com/azadyasharofficial
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb