Köhnə avtobuslar hara gedir? - Fotolar

14:24 | 30.03.2015
Köhnə avtobuslar hara gedir? - Fotolar

Köhnə avtobuslar hara gedir? - Fotolar

"Avropa Oyunlarına qədər Bakıda bir dənə də olsun köhnə sərnişin avtobusu xidmət göstərməyəcək".

Bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib. O deyib ki, istismara yararlı olmayan köhnə avtobuslar "metallom"a veriləcək:

"İstismar müddəti bitən avtobuslar paytaxt ərazisindən tamam yığışdırılacaq. Artıq bu işə başlamışıq. Sahibkarlara tapşırılıb ki, qısa müddət ərzində xətdə olan bütün maşınlar yenilənsin. Bildiyiniz kimi bir neçə avtobus xəttində avtobuslar artıq yenilənib”.

"İstismara yararlı olan köhnə avtobuslar rayonlara göndəriləcək. Yararsız avtobuslar qarajlarda hissələrə ayrılacaq. Lazımı avadanlıqları götürüldükdən sonra, qalan hissə təkrar emala göndəriləcək”, - deyə Namiq Həsənov bildirib.

Nazirllik rəsmisini sözlərinə görə, aprel ayından Nəqliyyat Nazirliyi tərəfindən reydlərə başlanacaq: "Reydlərdə avtobusların oturacaqlarının çıxarılması, sərnişin və sürücülər tərəfində avtomobillərin daxilinə müdaxilələr edilməsi araşdırlacaq. Avtobusların içərisi çirkləndirilməsi və s. kimi məsələlərə nəzər yetiriləcək. Təxminən 10 gün ərzində reydlər aparılacaq və nəticələr barədə ətraflı yazılacaq”.

Məsələ ilə əlaqədar paytaxt sərnişinnəqliyyatında xidmət göstərən sahibkarlar isə narazılıqlarını bildiriblər. Sahibkarların sözlərinə görə, yeni avtobuslar paytaxta çox baha qiymətə gətirilir. Həmin avtobuslara elə qiymət qoyulur ki, sonradan onlar öz xərclərini çıxara bilmir.

Narazılıqlardan biri də, hazırda xidmət göstərən köhnə avtobusların ləğv edilməsidir. Sahibkarlar deyirlər ki, od qiymətinə aldıqları maşınları ümumiyyətlə xətdən çıxarırlar. Əvəzində Bakı üçün əlverişli olmayan sərnişin avtobuslarını aldırırlar.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, Bakının nəqliyyat sistemi kökündən dəyişdirilməlidir.

"Sovet dövründə sərnişin avtobusları dövlət tərəfindən reystr üsulu ilə idarə olunurdu. Müstəqillik illərində isə bu sahəni sahibkarlara verdilər. Lakin bu sistem qurularkən kökündə böyük yanlışlıq vardı. Əslində nazirlik bildirir ki, köhnə sərnişin avtobusları rayonlara göndərilməsi düzgün addım deyil. Əvvəla ona görə ki, rayon yerlərində iritutumlu avtobusların işləməsi səmərəli deyil. Çünki rayon yerlərində bir o qədər sərnişin olmur. İkincisi də, rayon yollarında kiçik sərnişin avtobusları işləməsi daha məqsəd uyğundur”, - deyə Məzahir Rüstəmov vurğulayıb.

Ekspertin sözlərinə görə, sahibkarların hesabına alınan sərnişin avtobuslarının "metallom"a göndərilməsi də tamam yanlış fikirdir. M.Rüstəmov deyir ki, bu zaman sahibkara böyük zərbə vurular.

Ekspert çıxış yolu kimi sadəcə köhnə avtobusların təmir olunaraq xəttə buraxılmasını məsləhət görür. Ekspert deyir ki, yaxşı olardı avtobuslarda pas atan, qaralan, çirklənən oturacaqlar təzələnsin. İçərisində sərnişinlərin rahatlığı üçün şərait yaradılsın. Mütəmadi olaraq sahibkarlara tapşırılsın ki, avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan avadanlıqlar dəyişdirilsin. Bunun əvəzində isə avtobusları tam ləğv edib, baha qiymətə yenisini almaq isə yolverilməzdir.

ANN.Az
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM